ABŞ dünya lideri kimi qala biləcəkmi?
İtaliyanın müdafiə naziri Qvido Krozetto bildirib ki, İranla bağlı müharibə ABŞ-nin dünya liderliyi mövqeyini təhdid edir. Bu fonda ABŞ-nin qlobal güc statusunun davamlılığı ilə bağlı müzakirələr daha da aktuallaşıb.
Belə bir şəraitdə sual yaranır: ABŞ həqiqətən əvvəlki kimi dünya lideridir, yoxsa bu mövqe artıq zəifləməyə başlayıb?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib:
"ABŞ dünya liderliyindən hələlik imtina etməyib. Xüsusilə, Donald Tramp zehniyyətinə əsaslanan yanaşma ABŞ-ni hələ də dünyanın yeganə hegemon dövləti kimi görür və bu istiqamətdə ekspansiya siyasətinin davam edəcəyinə inanır.
Lakin İranla baş verən müharibə bir çox reallıqları ortaya çıxardı. Maraqlıdır ki, ABŞ-İsrail-İran qarşıdurması artıq müəyyən mərhələni keçsə də, bu müharibənin nə dərəcədə ədalətli olub-olmaması məsələsi faktiki olaraq gündəmdən kənarda qalıb.

Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq, bu qarşıdurmada “ədalətli tərəf” anlayışını müəyyən etmək olduqca çətindir. Çünki ABŞ və İsrailin hərbi müdaxiləsi beynəlxalq hüquq baxımından əsaslandırıla bilməz. Hər hansı bir dövlətin nüvə proqramı və ya ballistik raket imkanlarına malik olması digər dövlətlərin ona qarşı hərbi müdaxilə etməsi üçün hüquqi əsas yaratmır. Bu səbəblər daha çox siyasi bəhanə kimi qiymətləndirilə bilər və nəticə etibarilə bu müdaxilə açıq şəkildə hərbi ekspansiya xarakteri daşıyır.
Digər tərəfdən, hücuma məruz qalan tərəf olan İranın da bu müharibədə tam mənada “ədalətli tərəf” kimi qiymətləndirilməsi çətindir. Çünki bu qarşıdurma İran xalqı ilə ABŞ arasında deyil, daha çox hakimiyyətini qorumağa çalışan siyasi rejimlə ABŞ və İsrail arasında baş verən qarşıdurma kimi xarakterizə olunur.
İran daxilində mövcud olan siyasi sistemin mahiyyəti və keçmiş fəaliyyəti nəzərə alındıqda, bu müharibədə aydın şəkildə ədalətli tərəfin olmadığını demək mümkündür.
Bu qarşıdurmanın ortaya çıxardığı əsas reallıqlardan biri məhz budur: müharibədə ədalətli tərəf yoxdur".
Ekspert əlavə edib ki, digər mühüm məqam isə beynəlxalq münasibətlər sistemində yaranan yeni vəziyyətlə bağlıdır: "Müharibə fonunda ABŞ və İsrailin qlobal səviyyədə müəyyən mənada təkləndiyi müşahidə olundu.
Hətta ABŞ-ın ənənəvi hərbi-siyasi müttəfiqləri olan NATO üzv dövlətlərin belə bu məsələdə açıq dəstək nümayiş etdirməməsi diqqət çəkdi.
Bu proses həm də ABŞ-ın təkbaşına qlobal güc kimi hər şeyi həll edə biləcəyi barədə formalaşmış təsəvvürlərin müəyyən mənada mif olduğunu göstərdi. Uzun müddət İran zəif və geridə qalmış dövlət kimi təqdim edilsə də, onun ballistik, qanadlı və hətta hipersonik raket imkanları qarşısında ABŞ-ın gözlənilən nəticələri əldə edə bilmədiyi ortaya çıxdı.
Müharibənin gedişi göstərdi ki, ABŞ-ın qarşıya qoyduğu əsas məqsədlər tam şəkildə reallaşmayıb. İranın nüvə proqramı tam dayandırılmayıb, nüvə obyektləri mövcudluğunu qoruyur. Ballistik raket potensialı, buraxılış qurğuları və pilotsuz uçuş aparatları hələ də mövcuddur.
Doğrudur, hərbi sənaye obyektlərinin bir hissəsi zərər görüb, ordu müəyyən qədər zəiflədilib, donanma ciddi itkilərlə üzləşib.
Bununla belə, İran hələ də regional güc olaraq qalır və müəyyən strateji imkanlarını qoruyub saxlayır. Xüsusilə, Hörmüz boğazı üzərində nəzarət imkanları vasitəsilə qlobal iqtisadiyyata təsir göstərə bilməsi bu reallığın bariz nümunəsidir.
Bütün bunlar ABŞ-ın zəif tərəflərini üzə çıxardı və yeni bir həqiqəti göstərdi: güc yalnız ədalətə əsaslandıqda dayanıqlı olur. Əks halda, həmin güc dövlətin zəif nöqtəsinə çevrilə bilər. Bu baxımdan, ABŞ-ın mövcud siyasəti onun qlobal hegemoniyasına müəyyən zərbə vurmuş oldu.
Bu hadisələr həm də ABŞ-ın beynəlxalq nüfuzu və gələcək siyasi kursu ilə bağlı ciddi suallar yaratdı. Xüsusilə, Donald Trump faktorunun və Respublikaçılar Partiyasının gələcək seçki nəticələrinə bu proseslərin təsir göstərə biləcəyi ehtimal olunur.
Bununla belə, ABŞ kimi bir dövlətin qlobal hegemon mövqeyini qısa müddətdə itirməsi real deyil. Bu, uzunmüddətli və mərhələli prosesdir.
Lakin aydın görünür ki, həm Rusiya, həm də ABŞ bu münaqişələr fonunda ciddi sınaqdan keçdi və bu sınaq beynəlxalq sistemdə təkqütblü dünya modelinin zəiflədiyini göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilə bilər".
Ayhan
16:38 08.04.2026
Oxunuş sayı: 893