Müharibə və iqtisadiyyat - İnflyasiya niyə yüksəlir?
ABŞ və İsrail tərəfindən İran əleyhinə həyata keçirilən hərbi əməliyyatların qlobal iqtisadiyyata təsiri artıq beynəlxalq maliyyə institutlarının diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) rəhbəri Kristalina Georgieva bildirib ki, bu gərginlik dünya üzrə inflyasiyanın artmasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, hətta münaqişə qısa müddətdə başa çatsa belə, qlobal iqtisadi sistem uzun müddət bu prosesin mənfi təsirlərini hiss edəcək.
Mövcud vəziyyət xüsusilə, enerji ehtiyatları məhdud olan və maliyyə imkanları zəif ölkələr üçün daha ağır nəticələr vəd edir.
Artan enerji və ərzaq qiymətləri fonunda bu ölkələrin sosial-iqtisadi sabitliyi ciddi təzyiq altına düşür. BVF-nin qiymətləndirməsinə görə, münaqişə artıq təchizat zəncirlərinə, hava nəqliyyatına və turizm sektoruna mənfi təsir göstərməkdədir.
Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi kimi qurumlar da prosesin “əhəmiyyətli, qlobal və asimmetrik” nəticələr doğurduğunu vurğulayır, xüsusilə neft, qaz və digər strateji xammal bazarlarında qiymət artımının davam edəcəyini istisna etmirlər.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Artıq qeyd etdiyimiz kimi, qlobal iqtisadiyyata təsir edən əsas amillərdən biri strateji nəqliyyat marşrutlarında baş verən gərginliklərdir.
Xüsusilə, Hörmüz boğazının bağlanması ehtimalı, regionda müharibə riski və bu kimi hadisələr dünya iqtisadiyyatına birbaşa təsir göstərir.
Bu proseslərin nəticəsi olaraq, qlobal miqyasda inflyasiyanın artımı müşahidə olunur. Aparılan qiymətləndirmələrə əsasən, ümumi inflyasiya səviyyəsində təxminən 3-4 faiz artım qeydə alınır ki, bu da əsasən regionda, o cümlədən İran ətrafında baş verən hərbi-siyasi gərginliklərlə bağlıdır.
Digər mühüm məqam isə sənaye və kənd təsərrüfatı sektorlarının enerji resurslarından asılılığıdır. Sənaye istehsalının təxminən 40 faizi neft və qazla birbaşa bağlıdır.
Eyni zamanda, kənd təsərrüfatında istifadə olunan bir çox məhsullar – məsələn, karbamid, sulfat və digər gübrələr – məhz qaz əsasında istehsal olunur. Bu baxımdan enerji qiymətlərindəki artım həmin məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olur.
Bununla yanaşı, logistik məhdudiyyətlər də vəziyyəti daha da çətinləşdirir. Daşımaların bir hissəsi əvvəlcədən sifariş olunsa da, mövcud məhdudiyyətlər səbəbindən onların həyata keçirilməsi gecikir.
Əlavə olaraq, regionda tətbiq olunan yeni ödəniş mexanizmləri, o cümlədən bəzi hallarda gəmilərdən yüksək rüsumların tələb olunması, daşınma xərclərini daha da artırır. Bu ödənişlərin alternativ valyutalarla aparılması da bazarda əlavə qeyri-müəyyənlik yaradır.
Ümumilikdə, bütün bu amillər istehsal xərclərinin artmasına və nəticə etibarilə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Beynəlxalq maliyyə institutlarının proqnozları da bu tendensiyanı təsdiqləyir. Mövcud qiymətləndirmələrə görə, yaxın dövrdə münaqişənin səngiməsi gözlənilmir və hətta qısamüddətli sabitlik əldə olunsa belə, iqtisadi təsirlər ilin sonuna qədər davam edəcək.
Hazırda nəqliyyat və logistika sahəsində qiymətlər 20-40 faiz aralığında artmışdır. Enerji bazarında isə vəziyyət daha kəskindir: Avropada neft məhsullarının qiymətində təxminən 30 faiz, dizel yanacağında daha yüksək artım müşahidə olunur, qaz qiymətləri isə bəzi hallarda 40 faizə qədər yüksəlmişdir. Oxşar tendensiya ABŞ bazarında da qeydə alınır, burada benzin qiymətləri əhəmiyyətli dərəcədə artmışdır.
Nəticə etibarilə, enerji və nəqliyyat xərclərinin yüksəlməsi qlobal miqyasda inflyasiyanı sürətləndirir və iqtisadi itkilərə səbəb olur. Bu proseslər ilk növbədə logistika və nəqliyyat sektoruna təsir etsə də, zəncirvari şəkildə bütün iqtisadi sahələrə yayılır".
Bu və digər baş verən iqtisadi proseslərdən xəbərdar olmaq üçün Dünya iqtisadiyyatı və Azərbaycan rublikasına keçid edə bilərsiniz.
Link: https://crossmedia.az/az/author/12
Elmir Heydərli
14:25 08.04.2026
Oxunuş sayı: 638