İş yerində həlak olan əməkçinin hüquqları necə qorunur?
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində baş verən istehsalat qəzası faciə ilə nəticələnib. Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən poladəritmə sexində fevralın 27-də sobanın partlaması nəticəsində xəsarət alan fəhlələrdən biri müalicə aldığı xəstəxanada həyatını itirib.
Hadisə zamanı sexdə çalışan üç işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, 1997-ci il təvəllüdlü Coşqun Ruşan oğlu Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin başvermə səbəbləri və istehsalat təhlükəsizliyi ilə bağlı məsələlər isə hazırda diqqət mərkəzindədir.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, əmək münasibətləri hər hansı formada işəgötürən və işçi arasında yaranırsa, bu münasibətlər mütləq qaydada əmək qanunvericiliyi ilə tənzimlənməlidir və tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi olmadan işləyən şəxslər də mövcuddur ki, bu hal qanunvericiliyin tələblərinin pozulması hesab olunur. Buna görə həm hüquqi şəxslər, həm də vəzifəli şəxslər müvafiq qaydada məsuliyyətə cəlb edilə və cərimələnə bilərlər.
Əmək münasibətləri rəsmiləşdirildikdən, yəni əmək müqaviləsi bağlandıqdan sonra işəgötürənin üzərinə mühüm öhdəliklər düşür. Bu öhdəliklərdən biri də işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. İş yerlərinin təhlükəsizliyinin təmin olunması, zəruri texniki və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, eləcə də əmək mühafizəsi qaydalarının tətbiqi birbaşa işəgötürənin vəzifəsidir".
Müsahibimiz xatırladıb ki, bu istiqamətdə müəssisələrdə əmək mühafizəsi üzrə mühəndislər fəaliyyət göstərir: "Həmin mütəxəssislər işçilərin təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik qaydalarının tətbiqi və nəzarəti baxımından mühüm rol oynayırlar. Onların əsas vəzifələrinə işçilərə giriş təlimatlarının keçirilməsi, iş yerində ilkin və dövri təlimatların təşkili, əmək mühafizəsi üzrə biliklərin yoxlanılması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət daxildir.
Eyni zamanda, iş prosesinə birbaşa rəhbərlik edən şəxslər – sahə rəisləri, iş icraçıları, mühəndislər və digər struktur rəhbərləri də öz tabeliklərində olan işçilərin əmək mühafizəsi qaydalarına əməl etməsinə cavabdehdirlər. Onlar işçilərin təhlükəsiz alət və avadanlıqlarla təmin olunmasına, təhlükəsizlik təlimatlarına əməl edilməsinə və iş prosesinin təhlükəsiz şəkildə təşkilinə nəzarət etməlidirlər.
Əgər iş prosesində hər hansı qəza baş verərsə və nəticədə şəxs xəsarət alarsa və ya həyatını itirərsə, bu hadisə müvafiq qaydada araşdırılır. Araşdırma zamanı müəyyən edilə bilər ki, məsələn, əmək mühafizəsi üzrə mühəndis tərəfindən lazımi təlimatlar vaxtında keçirilməyib, yaxud keçirilmiş təlimatlara sahə rəhbərləri və işçilər tərəfindən əməl olunmayıb. Bəzi hallarda isə işəgötürən tərəfindən təhlükəsizlik tədbirlərinin ümumiyyətlə lazımi səviyyədə təşkil edilmədiyi də üzə çıxa bilər.
Belə hallarda məsuliyyət hadisənin başvermə səbəblərindən və aparılan araşdırmanın nəticələrindən asılı olaraq müəyyən edilir. Günah işçinin özündə, sahə rəisində, əmək mühafizəsi üzrə mühəndisdə və ya birbaşa işəgötürəndə ola bilər. Bu isə nəticədən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Bir sözlə, bütün bu məsələlər hadisənin başvermə səbəblərinin və aparılan araşdırmanın nəticələrinin qiymətləndirilməsi əsasında müəyyən edilir".
Məsələnin hüquqi tənzimlənməsi ilə bağlı hüquqşünas Ramil Süleymanov da öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək lazımdır ki, əgər bununla bağlı məlumat mövcuddursa, həmin məlumat dərhal araşdırılmalıdır. Belə hallarda, iş yerində baş vermiş qəza nəticəsində zərərçəkmiş şəxsin vəfat etməsi faktı üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən cinayət işi başlanır və müvafiq istintaq aparılır.
Cinayət işi çərçivəsində, adətən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını müəyyən etmək məqsədilə məhkəmə ekspertizası təyin edilir. Həmin ekspertiza vasitəsilə qəzanın baş vermə səbəbləri araşdırılır və baş vermiş hadisəyə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində nəticə əldə olunur.
İstintaqın gedişində konkret şəxslərin təqsiri müəyyən edildiyi halda, müəssisənin direktoru, texniki təhlükəsizliyə cavabdeh olan şəxslər və digər maddi vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər. Bu halda, istintaq orqanı tərəfindən həmin şəxslər barəsində cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilir və onların prosessual statusu təqsirləndirilən şəxs kimi müəyyən olunur".
Hüquqşünas bildirib ki, vəfat etmiş şəxsin ailə üzvləri hüquqi varis qismində zərərçəkmiş tərəf kimi cinayət prosesinə cəlb oluna bilərlər: "Bu halda onların prosessual hüquqları müəyyən edilir. Ailə üzvləri məhkəmə qərarı ilə razılaşmadıqları təqdirdə apellyasiya şikayəti vermək hüququna malikdirlər və dəymiş zərərin ödənilməsini təqsirləndirilən şəxslərdən tələb edə bilərlər.
Bundan əlavə, istintaqın araşdırmalı olduğu mühüm məsələlərdən biri də işçinin həyatının bədbəxt hadisələrə qarşı sığortalanıb-sığortalanmamasıdır. Əgər belə sığorta mövcuddursa, sığorta ödənişinin verilməsi məsələsi həll edilməlidir. Həmçinin, hadisə yüksək təhlükə mənbəyi ilə bağlı baş vermişdirsə, işəgötürən və məsul şəxslər dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun qaydada təmin etməlidirlər".
Elmir Heydərli
12:19 11.03.2026
Oxunuş sayı: 47