Xəyanətin kölgəsində - Solğun çiçəklər
Bəlkə də insan taleyi məhz sevgi ilə xəyanət arasındakı o incə sərhəd keçildiyi anda solmağa başlayır...
Bəzən bir tamaşa sadəcə səhnədə göstərilən hadisələrdən ibarət olmur. O, insan talelərinin, gizli ağrıların və yarım qalmış ümidlərin canlı manifestinə çevrilir. Azərbaycan dramaturgiyasının klassik incilərindən biri olan Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri də məhz bu qəbildəndir. Azərbaycan Dövlət Gənc Tamaşıçılar teatrının səhnəsində izlədiyimiz eyniadlı tamaşa insan münasibətlərinin ən incə və ən ağrılı tərəflərini bizə çatdıran təsirli səhnə əsəri idi.
Əsəri öncədən oxumuş birisi olaraq deyə bilərəm ki, səhnə işi olduqca uğurlu və təsirli alınmışdı. Tamaşanın quruluşu, səhnə dekorasiyası, musiqi və ümumi atmosfer əsərin dramatik ruhunu ustalıqla çatdırırdı. Səhnə sanki insan talelərinin sınağa çəkildiyi bir həyat güzgüsünə, klassik məişət dramının hüdudlarını aşaraq cəmiyyətin mənəvi özüllərini sarsıdan sosial ədalətsizliyin və nəfs düşkünlüyünün kəskin ifşasına çevrilmişdi. Hər bir aktyor oynadığı rolun məsuliyyətini hiss edir, öz obrazlarını böyük ustalıqla canlandıraraq əsərin emosional yükünü tamaşaçılara dolğun şəkildə ötürürdülər.
Hadisələrin mərkəzində dayanan Saranın əmisi oğlu Bəhrama olan saf məhəbbəti analığı Gülnisənin məkrli cinayətləri və var-dövlət hərisliyi fonunda məhvə sürüklənir.
Gülnisə obrazının ikiüzlü və məkrli xarakterinin dolğun təqdimatı tamaşanın ən güclü xətlərindən biri idi. Səhnədə canlandırılan bu obrazın daxili ziddiyyətləri dramatik gərginliyi hər an artırırdı. Onun dilindən səslənən “Tamah və bala məhəbbəti insanı hər şeyə məcbur edər, hətta cinayətə də” kəlmələri sadəcə bir personajın düşüncəsi deyil, bəşəriyyətin qaranlıq tərəfinin acı bir etirafı kimi zalda əks-səda doğurdu. Gülnisənin öz qızı Pərinin saxta xoşbəxtliyi naminə Saranın həyatını zəhərləməsi tamaşaçını insan nəfsinin hüdudsuzluğu barədə düşünməyə vadar etdi: “Doğrudanmı insan öz maraqları və qorxuları naminə bu qədər irəli gedə bilər?”
Digər tərəfdən Pərinin yalançı və aldadıcı eşqi də tamaşanın dramatik xəttində mühüm rol oynayırdı. Onun hisslərinin səmimiyyətdən uzaq olması hadisələrin gedişində faciəvi nəticələrin yaranmasına səbəb oldu. Obrazı izlədikcə, yaxından tanış olduqca bizdə belə bir sual yaranır: “Sevgi adı ilə təqdim olunan bir hiss bəzən yalnız ehtiras və ya maraqdan ibarət ola bilərmi?”
Bir insanın zəifliyi neçə taleyi qıra bilər?
Əsərin dramatik xəttində ən sarsıdıcı məqamlardan digəri Bəhramın qadın fitnəsinə uyaraq öz ləyaqətini milyonlara satması, Saraya xəyanət etməsi tamaşanın dramatik gərginliyini kulminasiya nöqtəsinə çatdırır. Burada Saranın faciəsi sadəcə sevgi uğursuzluğu deyil, həm də doğma bildiyi insanlar – ögey anası, ögey bacısı və ən əsası, etibar etdiyi Bəhram tərəfindən məruz qaldığı xəyanətlər zənciridir. Hansı ki, bu xəyanət bir insanın taleyini dəyişdirən dönüş nöqtəsinə çevrilir.
Bu faciələrin fonunda Əbdül əmi obrazının Saraya göstərdiyi ata qayğısı və mərhəməti bir ümid işığı kimi görünsə də, sonda taleyin acı hökmü qarşısında aciz qalır. Həyat bəzən ən saf niyyətləri belə məğlub edir. Bütün qayğı və mərhəmətə baxmayaraq Sara yenə də həyatını itirir. Onun tək və kimsəsiz halda can verdiyi anda zalda yaranan dərin sükut tamaşaçıların yaşadığı emosional sarsıntının ən aydın göstəricisi idi. Bu an hər kəs dərk edir ki, əslində Saranın sonunu gətirən sevdiyi insanın vəfasızlığı olmuşdur. Yəqin ki, yaxşı insanların varlığı belə taleyin yazdığı faciəni dəyişə bilmir. Axı saf sevən bir insanın taleyi niyə bu qədər acı olmalı idi?!
“Solğun çiçəklər” bir daha sübut etdi ki, Cəfər Cabbarlı dramaturgiyası zamanın fövqündədir. Tamaşa klassik dramaturgiyanın müasir səhnə estetikası ilə sintezini və ictimai-psixoloji qatların dərindən təhlilini özündə birləşdirən mühüm bir sənət hadisəsi və eyni zamanda insan xarakterinin ən dərin tərəflərini açan güclü bir həyat hekayəsi oldu.
Bəlkə də həyatın ən böyük faciəsi açmağa macal tapmamış çiçəklərin solmasıdır? Və bəlkə də buna görə əsərin adı “Solğun çiçəklər”dir – vaxtsız qopan ümidlərin və yarım qalan talelərin simvolu kimi...
17:13 10.03.2026
Oxunuş sayı: 139