Azərbaycan-Türkiyə qardaşlığını hədəf alan dezinformasiya - Necə qorunmalı?
Bölgədə baş verən son geosiyasi proseslər fonunda informasiya məkanında da fəallığın artdığı müşahidə olunur. Xüsusilə sosial media platformalarında Türkiyə–Azərbaycan münasibətlərini və ümumilikdə Azərbaycanın mövqeyini hədəf alan, təxribat xarakterli və həqiqəti əks etdirməyən müxtəlif paylaşımlar yayılmaqdadır. Bu cür dezinformasiyalar ictimai rəyi manipulyasiya etməyə, iki qardaş ölkə arasındakı strateji münasibətlərə kölgə salmağa və cəmiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş informasiya hücumları kimi qiymətləndirilir. Belə bir şəraitdə informasiya təhlükəsizliyinin qorunması, dezinformasiyanın qarşısının alınması və ictimaiyyətin düzgün məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bəs bu cür təxribat xarakterli məlumatlardan qorunmağın əsas yolları nələrdir və qəsdən dezinformasiya yayan, iki dövlət arasındakı münasibətlərə təsir göstərməyə çalışan “media qurumları”na qarşı hüquqi və ya cəza mexanizmlərinin tətbiqi nə dərəcədə zəruridir?

Mövzu ilə bağlı Əməkdar jurnalist Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:
"Regionda baş verən son hadisələr fonunda sosial mediada və bəzi informasiya platformalarında Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiya xarakterli paylaşımların artması müşahidə olunur. Bu proses təsadüfi deyil və bir çox hallarda informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə dövlətlərarası rəqabət yalnız hərbi və iqtisadi müstəvidə deyil, həm də informasiya məkanında aparılır. Bu baxımdan Türkiyə və Azərbaycan arasında mövcud olan strateji müttəfiqliyin zəiflədilməsi üçün informasiya manipulyasiyalarından istifadə olunması müəyyən dairələrin maraqlarına uyğun gəlir. Belə dezinformasiyalardan qorunmağın əsas yollarından biri cəmiyyətdə media savadlılığının gücləndirilməsidir. İnsanlar sosial mediada qarşılaşdıqları informasiyanı paylaşmazdan əvvəl onun mənbəyini yoxlamağı, müxtəlif mənbələrlə müqayisə etməyi və emosional manipulyasiya elementlərini ayırd etməyi bacarmalıdırlar. Bununla yanaşı, media qurumlarının peşəkar standartlara əməl etməsi, dövlət qurumlarının isə operativ və şəffaf informasiya siyasəti aparması vacibdir. Rəsmi və etibarlı mənbələrdən vaxtında verilən məlumatlar dezinformasiyanın yayılma imkanlarını ciddi şəkildə məhdudlaşdırır".
V.Zifəroğlu qeyd edib ki, digər mühüm məsələ sosial media platformalarının məsuliyyətidir: "Dezinformasiyanın yayılmasında bot şəbəkələri, koordinasiyalı saxta hesablar və manipulyativ informasiya kanalları xüsusi rol oynayır. Bu səbəbdən texnoloji platformalar belə fəaliyyətləri aşkar edib məhdudlaşdırmaq üçün daha ciddi mexanizmlər tətbiq etməlidirlər. Paralel olaraq müstəqil fakt-yoxlama institutlarının fəaliyyəti gücləndirilməli və cəmiyyətə doğru informasiyanın çatdırılması sistemli şəkildə təşkil olunmalıdır. Bu prosesdə üçüncü qüvvələrin maraqları məsələsi də nəzərdən qaçırılmamalıdır. Tarix və geosiyasi reallıq göstərir ki, regionda bəzi aktorlar Türkiyə və Azərbaycanın strateji yaxınlaşmasını öz maraqları üçün risk kimi qiymətləndirirlər. Enerji layihələri, nəqliyyat dəhlizləri, təhlükəsizlik əməkdaşlığı və regional təsir balansı kimi məsələlər iki ölkənin əməkdaşlığını daha da gücləndirir. Məhz bu səbəbdən müəyyən qüvvələr informasiya manipulyasiyaları vasitəsilə iki ölkə arasında süni fikir ayrılığı yaratmağa, ictimai rəydə şübhə və narazılıq formalaşdırmağa çalışırlar. Sosial mediada yayılan bəzi təxribat xarakterli məlumatların koordinasiyalı şəkildə ortaya çıxması da bu ehtimalı gücləndirən amillərdən biridir. Dezinformasiya yayan və iki dövlət arasındakı münasibətləri qəsdən gərginləşdirməyə çalışan “media qurumları” məsələsinə gəldikdə isə burada hüquqi mexanizmlərin tətbiqi məsələsi aktualdır. Əgər informasiya qəsdən saxtalaşdırılırsa, manipulyasiya məqsədi daşıyırsa və dövlətlərarası münasibətlərə zərər vurmaq üçün sistemli şəkildə yayılırsa, belə hallarda hüquqi məsuliyyət və sanksiyalar tətbiq olunması mümkündür".
Ayhan
14:50 10.03.2026
Oxunuş sayı: 205