Qarın üzərində qalan qan: Xocalının donmayan harayı
26 fevral – yaddaşdan silinməyən faciə, susmayan bir millətin qan yaddaşıdır.
Qar yağanda çoxumuz narazılıq edirik: “Soyuqdan donuruq…” deyirik. Amma tariximizdə elə bir gecə var ki, insanlar sözün həqiqi mənasında donaraq, qan içində, fəryad içində can veriblər. O gecə 26 fevraldır - Xocalı soyqırımının törədildiyi gecə...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhəri ağır silahlarla hücuma məruz qaldı. Şəhər mühasirəyə alındı. Qaçmağa çalışan dinc sakinlər qarlı, şaxtalı meşələrə, açıq sahələrə üz tutdular. Onlar silahsız idilər, sadəcə qaçaraq canlarını qurtarıb yaşamaq istəyirdilər. Amma qarşılarında güllə, arxalarında alov vardı.
Rəsmi rəqəmlərə görə, həmin gecə 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. 487 nəfər ağır yaralandı. 1275 nəfər əsir götürüldü. 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.
Amma bu faciə təkcə rəqəmlərlə ölçülmür.
Şahid ifadələrində və foto-sənədlərdə insan ağlının qəbul etməkdə çətinlik çəkdiyi vəhşiliklər əks olunub. İnsanlar güllələnib, bəziləri diri-diri yandırılıb, işgəncələrə məruz qalıb. Qulaqları, burunları kəsilən, başı kəsilən, meyiti təhqir edilən insanlar olub. Hamilə qadınlara belə rəhm edilməyib. Körpələr şaxtalı havada anasız, atasız qalıb. Yaralılar qarın içində saatlarla kömək gözləyib və donaraq həyatını itirib.
Əsir götürülənlər isə ayrı bir faciə yaşayıb. Min bir əzab-əziyyətə məruz qalan insanlar aylarla, illərlə girov saxlanılıb. Döyülən, alçaldılan, ac-susuz saxlanılan, psixoloji və fiziki işgəncələr görən soydaşlarımız olub. Onların ailələri isə hər gün yol gözləyib. Qapıya baxıblar. Bir xəbər, bir səs gözləyiblər. Bilməyiblər övladı sağdır, ya ölü. Anaların göz yaşları qurumayıb. Atalar ümidini itirməyib. Bəzi ailələr illərlə “bəlkə qayıdar” ümidi ilə yaşayıb.
Xocalı təkcə bir şəhərin faciəsi deyil. Bu, tarix boyu xalqımıza qarşı törədilən vəhşiliklərin ən qanlı səhifələrindən biridir. Azərbaycan xalqı yaddaşını itirmir. Çünki tarixini unudan millət gələcəyini də itirər.
Biz düşmənin etdiyi əməlləri, törətdiyi vəhşilikləri unutmayacağıq. Qarın üzərinə tökülən qanı, yarımçıq qalan uşaqlıqları, dağılan ocaqları, fəryadları unutmayacağıq. Bunları unudan Azərbaycanlı deyil, ola da bilməz. Bunları unudanlar sadəcə Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udan, amma bu torpağın ağrısını hiss etməyənlər ola bilər.
Xocalı-bizim qan yaddaşımızdır.
Xocalı - ədalət tələb edən bir haraydır.
Xocalı -hər 26 fevralda qəlbimizdə yenidən açılan yaradır.
Qar yenə yağacaq. Yenə üşüyəcəyik. Amma biz biləcəyik ki, bu torpaq bir gecə qanın, şaxtanın və vəhşiliyin şahidi olub. Və biz o gecəni, o insanları, o dəhşətləri unutmadıq, unutmayacağıq.
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi, amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
Sərt gəldi fevralın 26-sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!
Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim-əsim, Xocalı!
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən-birə,
Ötüşdü bir qəmli səsim, Xocalı!
Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!
Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!
Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!
Fatimə Məmmədova
11:17 26.02.2026
Oxunuş sayı: 593