Minimum əməkhaqqı artırılacaq: Nazir danışdı
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev minimum əməkhaqqı ilə bağlı son sosial islahatlar və tətbiq olunan nəzarət mexanizmləri barədə açıqlama verib. O bildirib ki, son illərdə minimum əməkhaqqı mərhələli şəkildə artırılaraq 130 manatdan 400 manata çatdırılıb və bu artım sosial paketlər çərçivəsində həyata keçirilib. Nazir qeyd edib ki, minimum əməkhaqqı universal sosial standart kimi həm dövlət, həm də özəl sektorda icrası mütəmadi monitorinq edilən göstəricidir. Onun sözlərinə görə, yeni islahatlar nəticəsində yüz minlərlə vətəndaşa əməkhaqqı artımı şamil olunub.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlamasında vurğulayıb ki, 130 manatdan 400 manata keçid rəqəm baxımından 3 dəfədən çox artım kimi görünsə də bu artım bir anda baş verməyib, illər ərzində mərhələli şəkildə həyata keçirilib: "Ən son addım 2025-ci ildə atılıb. 2024-cü ildəki 345 manatla müqayisədə minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatdırılıb. Yəni son addım 16 faizlik artım deməkdir. İndi isə bu artımı inflyasiya ilə müqayisə edək. 2024-cü ilin dekabr ayında illik inflyasiya 4,9 faiz, o cümlədən qida məhsulları üzrə 5,5 faiz, xidmətlər üzrə isə 6,3 faiz olub. 2025-ci ildə isə istehlak qiymətləri 5,6 faiz, qida məhsulları üzrə 6,8 faiz, xidmətlər üzrə 6,5 faiz artıb. Rəsmi inflyasiya rəqəmləri 5-6 faiz göstərsə də, gündəlik həyatda ən çox nəzərə çarpan ərzaq qiymətləri daha sürətlə artır. Rəqəmlər üzərindən düşünəndə 2025-ci il üçün minimum əməkhaqqının 16 faiz artırılması, inflyasiyanın isə 5-6 faiz olması nəzərə alınarsa, nominal olaraq müsbət bir real artımdan söz açmaq mümkündür. Amma 2023-2024-cü illərdə də təxminən eyni həcmdə infkyasiya qeydə alınıb. Deməli, bu 16%-lik artım yalnız inflyasiyani kompensasiya edə bilib. Həmçinin, bu inflyasiya göstəriciləri ortalama rəqəmlərdi. Azərbaycan əhalisi az qala qazancının 90%-ni ərzaqa xərcləyir, ərzaq məhsulları isə reallıqda hər il 8-10% bahalaşır. Ona görə də vətəndaş üçün əvvəlki 130 manatın alıcılıq qabiliyyəti bu günkü 400 manatın alıcıliq qabiliyyətindən daha yüksək görünür. Yəni rəqəmləri nominal qaydada müqayisə etmək doğru deyil, real dəyəri müqayisə etmək gərəkir. Bu vacib məqamı nəzərdən qaçırmaq olmaz".
İqtisadçı hesab edir ki, 400 manat hələ də kifayət deyil: " Eyni zamanda, bu artımı Baltikyanı ölkələr və Türkiyə ilə müqayisə etdikdə onun çox aşağı olduğunu görürük. Bu gün minimum əməkhaqqının ən azı 500-600 manat aradında olmalıdır. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə görə ölkədə minimum əmək haqqı orta ayliq əmək haqqının 60%-qədər olmalıdır ki, bu da 600 manatdan çoxdur. 2025-ci il üçün ehtiyac meyarı 285 manat müəyyən edilib, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılıb, bu isə minimum ehtiyac meyarından hələ aşağıdır. Rəsmi rəqəmlərə görə alıcılıq qabiliyyəti qismən artıb deyə bilməyin bir əsası var. Lakin həmin artımın hansı sektoru real olaraq əhatə etdiyi mühümdür. Özəl sektorda digər maaşların indeksləşdirilməsi məcburi deyil, minimum əməkhaqqı yalnız verilə biləcək ən aşağı hədd kimi çıxış edir, özəl sektor isə digər maaşlar barədə qərarı müstəqil şəkildə verir. Əsas faydalananlar dövlət sektorunda çalışan 300-400 min nəfər olub, çünki onların maaşları minimum əməkhaqqına nisbətən hesablanır. Qısacası, 130-dan 400 manata yüksəliş illər içindəki ümumi bir tendensiyaya işarə edir. Lakin bu artım ölkədəki qiymət səviyyəsi, xüsusən ərzaq və xidmət sektoru nəzərə alındıqda sosial minimumu tam ödəmir, əhəmiyyətli bir hissəsi özəl sektoru birbaşa əhatə etmir. Daha dürüst bir qiymətləndirmə üçün rəsmi inflyasiya rəqəminin vətəndaşların gündəlik xərclərini nə dərəcədə əks etdirdiyini də ayrıca araşdırmaq lazım gəlir".
A.Nəsirli bundan əlavə, son 6 ilin dəyişikliyinə də toxunub: "Son 6 ildə Azərbaycanda minimum əməkhaqqı belə dəyişib: 1 yanvar 2019: 180 manatdan 250 manata, 1 sentyabr 2019: 250 manatdan 300 manata, 1 yanvar 2023: 300 manatdan 345 manata, 1 yanvar 2025: 345 manatdan 400 manata qaldırıldı. 2020, 2021, 2022 və 2024-cü illərdə isə minimum əməkhaqqı dəyişməyib, 300 manat səviyyəsində qalıb. 2026-cı il üçün hələ yeni artım təsdiqlənməyib. Beləliklə son 6 ildə 4 dəfə artım olub: 2019-cu ildə iki dəfə, 2023-cü ildə və 2025-ci ildə. 300 manatdan 400 manata, yəni 33,3 faiz artıb. Orta əməkhaqqına nisbətdə isə 23 faiz səviyyəsindən 36-37 faiz səviyyəsinə qalxıb".
Fatimə Məmmədova
18:49 23.04.2026
Oxunuş sayı: 70