Paşinyan: Qarabağdakı kilsə məsələsi hərtərəfli araşdırılmalıdır
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağın əsas erməni kilsəsinin bu yaxınlarda Azərbaycan tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az “Armenpress.am”a istinadən xəbər verir ki, cümə axşamı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayan Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti hazırda məsələ ilə bağlı tam məlumat əldə etməyə çalışır, lakin belə həssas məsələlərdə tələsik nəticə çıxarmaq düzgün deyil: "Paşinyan çıxışı zamanı İncildən sitat gətirərək, Matta İncilinin 7:2 ayəsinə istinad edib. Çünki hansı mühakimə ilə mühakimə edirsinizsə, sizin də mühakiməniz o cür olacaq və hansı ölçü ilə ölçürsünüzsə, sizə də o ölçü ilə ölçüləcək”.
Baş nazir vurğulayıb ki, məsələ hərtərəfli araşdırılmalı və obyektiv qiymətləndirilməlidir. O, həmçinin Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını xatırladıb. Bildirib ki, tərəflər bütün məsələlərə bu prinsip əsasında yanaşmalıdır.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıb və bütün mübahisəli məsələlər də məhz bu prizmadan qiymətləndirilməlidir.
19:29 23.04.2026
Oxunuş sayı: 42