ABŞ vitse-prezidentinin ölkəmizə səfərininin səbəbləri və nəticələri : Azərbaycan oyun quran dövlətə çevrilir
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Son illərdə qlobal güc mərkəzləri arasında gedən kəskin geosiyasi rəqabət Cənubi Qafqazı beynəlxalq siyasətin əsas diqqət mərkəzlərindən birinə çevirib. Dünyanın aparıcı dövlətləri bu regiona təkcə təhlükəsizlik prizmasından deyil, eyni zamanda enerji, nəqliyyat, maliyyə və yeni iqtisadi marşrutların formalaşdırılması baxımından strateji məkan kimi yanaşırlar. Bu kontekstdə ABŞ-nin regiona artan marağı və yüksək səviyyəli siyasi təmasları, xüsusilə də Azərbaycanla əlaqələrin intensivləşməsi, təsadüfi deyil və qlobal güc balansındakı dəyişikliklərin birbaşa nəticəsidir.
Mövcud proseslər göstərir ki, Cənubi Qafqaz artıq yalnız regional deyil, həm də qitələrarası iqtisadi və siyasi layihələrin kəsişmə nöqtəsinə çevrilməkdədir. Böyük güclərin maraqları, yeni nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və geosiyasi təsir uğrunda rəqabət bu regionun gələcək taleyini müəyyən edən əsas amillər kimi çıxış edir. Aşağıdakı məqalədə bu proseslərin arxasında dayanan səbəblər, böyük güclərin strateji hədəfləri və Azərbaycanın bu mürəkkəb geosiyasi mənzərədə tutduğu mövqe ətraflı şəkildə təhlil olunur.
Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu barədə Crossmedia.az-a danışıb: "ABŞ-nin vitse-prezidentinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri heç də təsadüfi deyil. Bunun bir çox səbəbi var. Bunlara geosiyasi, iqtisadi, maliyyə və təbii ki, Trampın şəxsən öz maraqları da daxildir. Əslində Tramp deyəndə onun arxasında dayanan nəhəng korporasiyalar nəzərdə tutulur.
Azərbaycan 2009-cu ildə sonuncu dəfə ABŞ-nin o vaxtkı vitse-prezidenti Dik Çeyni qəbul etmişdi. Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan Rusiya ilə müharibə şəraitində idi, bu səfərin özü bir mesaj idi: Rusiya bilməli idi ki, ABŞ də Cənubi Qafqazda maraqlıdır. Hər birimiz çox yaxşı bilirik ki, Ermənistanın maraqları daha çox Ermənistanın özündə deyil, kənarda yaşayan erməni diasporlarındadır. Qeyd etmək lazımdır ki, yəhudi diasporlarından sonra gücünə və nüfuzuna görə ikinci yerdə erməni diasporları dayanır. Bunların kifayət qədər maliyyə imkanları var. Bu imkana malik olan isə təbii ki, gec-tez siyasi müstəvidə də istifadə edir. ABŞ-də ən azı 1,5 milyon etnik erməni yaşayır. Onların əksəriyyəti maliyyə baxımından imkanlı, güclü insanlardır və ABŞ-də seçkilər ərəfəsində istər prezident, istərsə də digər seçkilərə təsir göstərmək imkanına malikdirlər. Biz artıq 30 ildən çoxdur ki, Azərbaycanın xarici siyasətinin, diplomatik korpusunun hansı çətin mübarizə apardığını görürük ki, ölkəmizin maraqları təmin olunsun. Ən azından Amerikanın ən nəhəng iqtisadi gücə malik olan Kaliforniya ştatında 1 milyon erməni yaşayır. Bura ABŞ-nin ən varlı ştatıdır və ümumi daxili məhsulu 2,4 trilyon dollardan çoxdur. Bu iqtisadi güc bütövlükdə Rusiyanın müharibədən əvvəlki iqtisadi gücü ilə müqayisə oluna bilər. Rusiya müharibədən öncə təxminən 2 trilyon dollar ÜDM-ə malik idi. Buradan belə bir nəticəyə gəlirik ki, Amerikanın tək bir ştatının iqtisadi gücü Rusiyanın ümumi iqtisadiyyatına bərabərdir. Təbii ki, Amerikada yaşayan ermənilər orada erməni milli birliyinə malikdirlər və onların birmənalı mövqeyi Ermənistana siyasi və iqtisadi dəstək göstərməkdir. Düşünürəm ki, Amerikada yaşayan ermənilər və onların təşkilatları ABŞ-yə təzyiq göstərirlər. Bu məsələdə birmənalı olaraq Amerikanın da öz maraqları var. Türk dövlətlərinin “Turan” adlı böyük bir layihəsi mövcuddur. Yəni türk dövlətləri öz maraqlarını, beynəlxalq və iqtisadi siyasətlərini birləşdirirlər. Bu türk dövlətlərinin real gücüdür. Bu layihənin “külək üfürən” yeri isə Britaniyadır. Belə ki, bu ölkə ümumiyyətlə Cənubi Qafqazda son 200 ildən çoxdur böyük təsirə malikdir. ABŞ-nin bu gün marağı ondan ibarətdir ki, müəyyən formada bu nəhəng Turan layihəsinə təsir nöqtəsi tapsın. Bunun biri Ermənistanı bir vasitə kimi istifadə etməkdir. Çünki bu geopolitik siyasi gündəmdə ən çox əks mövqedə dayanan məhz Ermənistan olub. Onların fikrincə, türk dövlətləri birləşərsə, gələcəkdə böyük problemlər yarana bilər".

Professor söyləyib ki, Rusiyanın regiondakı gücü xeyli azalıb və demək olar ki, yox səviyyəsinə yaxınlaşıb: "Rusiya bu regiondan çıxmayacaq. Amma ABŞ bu addımı ilə müharibə nəticəsində müəyyən qədər zəifləmiş Rusiyanı daha çox siyasi formada kənarda saxlamaq istəyir. Cənubi Qafqaz daha çox Azərbaycandan keçən magistral nəqliyyat layihələrinin nəzarətdə saxlanılması baxımından əhəmiyyətlidir. Amma bu o demək deyil ki, Tramp Moskva ilə müharibə etmək istəyir. ABŞ analitiklərinin çıxışlarına baxdıqda görürəm ki, Trampın böyük rus kompaniyalarının müəyyən formada Cənubi Qafqazdakı layihələrdə yatırım qoyub iştirak etməsinə etirazı yoxdur. Sadəcə bu, ABŞ-nin nəzarəti altında olacaq. Burada bir problem də yaranır. Belə ki, hazırda Rusiya daha çox iqtisadi və siyasi baxımdan Çinə bağlıdır və Çin dövləti olmadan heç bir addım ata bilmir. Buna görə də Çinlə hansısa bir sazişə gəlməyə məcburdur. Lakin nəzərə almaq lazımdır ki, Pekinin Azərbaycana münasibəti çox yüksəkdir. Bu onu göstərir ki, Çinin susması, əslində, ABŞ-nin gücünün artmasına qarşı çıxmaması deməkdir.
Cənubi Qafqazda Çinin mövqeyinin nisbətən səssiz və neytral qalması, ilk növbədə, onun Azərbaycanla qurduğu yüksək səviyyəli münasibətlərlə izah olunur. Bu onu göstərir ki, ABŞ bölgədə öz maraqlarını reallaşdırsa belə, Çin Azərbaycanla olan strateji tərəfdaşlığını nəzərə alaraq buna ciddi etiraz etmir. Söhbətin mahiyyəti məhz bundan ibarətdir: burada əsas aktor Azərbaycandır. Çinin Azərbaycana münasibəti kifayət qədər müsbətdir və məhz bu səbəbdən ABŞ tərəfindən bölgədə həyata keçirilən iri iqtisadi layihələrə qarşı Pekinin açıq və sərt reaksiyası müşahidə olunmur. Digər mühüm məqam isə ABŞ-də erməni lobbilərinə qarşı balans yaradan real güc amilidir. Bu güc təkcə bizim öz imkanlarımızdan deyil, eyni zamanda bütün dünyada, o cümlədən ABŞ-nin özündə fəaliyyət göstərən yəhudi diasporlarının dəstəyindən qaynaqlanır. Azərbaycanın İsraillə çox yüksək səviyyəli münasibətləri də ölkəmizin uzaqgörən və müdrik xarici siyasətinin nəticəsidir. Məhz bu siyasət sayəsində son iyirmi ildən artıqdır ki, həm İsrail dövləti, həm də dünya üzrə yəhudi diasporları Azərbaycana ciddi və ardıcıl dəstək göstərirlər".
Müsahibimiz, həmçinin Amerika və cənab Trampın marağının Zəngəzur dəhlizi, yəni “TRIPP” marşrutunun işə düşməsi olduğunu bildirib: "Öz adına da olması səbəbsiz deyil – bu, Trampın adının tarixə həkk olunması deməkdir. Bu həmçinin Trampın Nobel mükafatına iddialarını da artırır ki, bu da ona olduqca maraqlıdır. Vens ilə Azərbaycan Prezidenti arasında imzalanan xartiya iqtisadiyyatın, nəqliyyatın, texnologiyanın inkişafı və Amerikanın bura investisiya yatıracağını göstərir ki, bu, olduqca ciddi məqamdır. Rusiyanın burada Ermənistanın dəmir yolu layihələri ilə bağlı planları mövcuddur. Layihənin müddəti təxminən 2036-cı ilə qədər uzadıla bilər. Həmçinin 2040-cı ilə qədər Ermənistan dəmir yolu rusların nəzarətində qalacaq. Poçt və energetika sahələri də Rusiya nəzarəti altındadır. Ümumilikdə Ermənistan iqtisadiyyatına bu nəzarət ciddi təsir göstərir. Artıq söhbətlər əsnasında məlum olur ki, Rusiya şirkətləri bu prosesdə aktiv iştirak edəcəklər. Başqa əsas məqam isə Azərbaycanın burada rolu, yeri və gələcəyidir. Amerika üçün vacib məsələ Azərbaycanla əlaqələrdir. Tramp administrasiyası bunu artıq təsdiq edib. Deməli, Azərbaycan–Ermənistan sazişinin paraflanması Vaşinqtonda baş tutub. Bu sənədin hazırlanmasında Amerikanın kifayət qədər səyləri olub. Bu, onlar üçün də böyük pozitivdir. Trampın şəxsən özü üçün isə bu, şəxsi aktivinə yazdığı bir nailiyyətdir və burada həqiqət var. Burada daha çox Amerikanı maraqlandıran odur ki, Cənubi Qafqazda Azərbaycan həm siyasi baxımdan stabil, həm iqtisadi baxımdan qüdrətli, inkişaf edən və realistik beynəlxalq siyasət aparan bir dövlətdir. Münhen görüşlərində 50 ölkənin liderləri iştirak edirdilər ki, onların hamısı cənab Prezident ilə görüşmək istəyirdi. Bu, Azərbaycanın Qərbdə, təkcə Amerikada yox, Avropada da nüfuzunun artdığını göstərir. Azərbaycan hakimiyyətinin beynəlxalq siyasəti milli maraqlar üstünlüyü əsasında qurulub: əvvəl milli maraqlar, sonra beynəlxalq hüquq və tərəfdaş ölkələrin maraqları. Ayrıca qeyd etmək istəyirəm ki, bu “Tramp yolu”nun açılması təkcə dəmir yolu deyil, həm də avtomobil yolu, yüksək texnoloji kabellər və digər kommunikasiya xətləri deməkdir. Bu, Asiya ilə Avropa arasında sürətli və sərfəli nəqliyyat marşrutu yaradacaq. İldə on milyonlarla ton yük daşınması və nəqliyyat müddətinin təxminən 14 gün azalması planlaşdırılır. Bu, böyük maliyyə və vaxt qazancı deməkdir. Amerikanın marağı bu dəhlizin nəzarətdə saxlanılmasıdır. Trampın siyasətində əsas meyar “sövdələşmə”dir. O, istər siyasətdə, istər iqtisadiyyatda sövdələşmə prinsipini əsas tutur. Bu gün Amerikanın regionda həyata keçirdiyi siyasətdə Trampın arxasında duran şirkətlər artıq anlayıblar ki, regionda ən sabit ölkə məhz Azərbaycandır. Bu isə investisiya üçün böyük inam yaradır. Nəticə etibarilə qeyd etməliyik ki, Qərblə inkişaf yolu Azərbaycan üçün daha maraqlıdır. Dövlət başçısının siyasəti müstəqillik və suverenliyin qorunmasına əsaslanır. ABŞ də məhz buna inanaraq Azərbaycana maraq göstərir".
Həmsöhbətimiz bu əməkdaşlığın və görüləcək işlərin Azərbaycan üçün böyük gələcək vəd etdiyini qeyd edib: "Onlarla nəhəng Amerika şirkəti artıq ölkəmizə maraq göstərir. Onlar stabillik və proqnozlaşdırılan siyasət gördükləri üçün investisiya qoymağa hazırdırlar. Bu da Azərbaycan iqtisadiyyatına milyardlarla dolların gəlməsi deməkdir. İki məqama toxunmaq istəyirəm: Birincisi, Mərkəzi Asiya ölkələri getdikcə Rusiyanın təsirindən çıxaraq Avropaya yönəlir. İkincisi, Gürcüstan məsələsidir. Gürcüstan daxilində Avropaya meyl güclü olsa da, qeyri-rəsmi olaraq hələ də Rusiyanın orbitindədir. Amma Azərbaycanla daha sıx əməkdaşlıq etsə, bu, onun üçün də iqtisadi baxımdan sərfəli olacaq. Qeyd etmək istəyirəm ki, bu proseslər Azərbaycanın regional və qlobal oyunçuya çevrildiyini göstərir. Bu, ölkə başçısının uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycanın sözü artıq daha kəsərlidir və bu, gələcəyə ümidlə baxmağa əsas verir".
Elmir Heydərli
13:32 17.02.2026
Oxunuş sayı: 700