Rusiya danışıqlar üçün tələsmir: Ukraynanın cavabı nə olacaq?
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı Rusiyanın sülhə hazır olmadığını və bunu davam edən hərbi əməliyyatlar, sərt siyasi bəyanatlar və irəli sürülən şərtlərlə nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, münaqişənin gedişi göstərir ki, tərəflər arasında mövqelər hələ də ciddi şəkildə fərqlənir və bu, sülh danışıqlarının perspektivini çətinləşdirir. Mövcud vəziyyət fonunda Rusiyanın sülhə hazır olub-olmaması məsələsi beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır və ekspertlər bu yanaşmanın arxasında duran hərbi, siyasi və geosiyasi amilləri müxtəlif aspektlərdən qiymətləndirirlər.
Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında mövcud vəziyyəti şərh edib.

Ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcı Moskvanın regional təhlükəsizlik baxışları, öz maraqları və Ukraynada gedən proseslərə münasibəti ilə bağlı olub: "Rusiya müharibədən əvvəl müəyyən şərtlər irəli sürüb və bu şərtlərin qəbul olunmaması nəticəsində müharibə başlayıb. Rusiyanın sülhə hazır olub-olmaması məhz həmin şərtlərlə bağlıdır. Müharibənin dörd il davam etməsinə baxmayaraq, Rusiya ilkin tələblərindən geri çəkilməyib, əksinə, bu tələblərə əlavələr edib. Moskva işğal etdiyi əraziləri Ukraynaya qaytarmayacağını bəyan edir və Donbas məsələsində də sərt mövqe nümayiş etdirir ki, bu da Ukrayna üçün ağır şərtlər hesab olunur. Müharibənin gedişi Ukraynanın vəziyyətini daha da mürəkkəbləşdirir. Rusiyanın geniş resurslara, hərbi və strateji üstünlüklərə malik olması fonunda Ukraynanın təkbaşına müqavimət imkanları məhduddur və ölkə geosiyasi qarşıdurmanın mərkəzinə çevrilib".
Ş. Ramaldanovun sözlərinə görə, müharibənin ilk mərhələsində Rusiya qüvvələri Kiyev istiqamətində irəliləsə də, sonradan formalaşan beynəlxalq koalisiya və Ukraynaya göstərilən yardımlar nəticəsində cəbhə xətti dəyişib və müharibə yeni mərhələyə keçib: "Koalisiyanın əsas məqsədi Rusiyanı tam məğlub etmək deyil, onun sürətli irəliləyişinin qarşısını almaq olub.
Müharibə nəticəsində Avropanın enerji və iqtisadi baxımdan çətin vəziyyətə düşməsi, NATO çərçivəsində ABŞ-dən asılılığın artması kimi proseslər də müşahidə olunur. Bu vəziyyət qlobal güc balansına təsir göstərərək yeni geosiyasi bölgü prosesini sürətləndirir. Hazırda ABŞ və Avropanın Ukraynaya dəstəyinin əvvəlki səviyyədə olmaması, həmçinin beynəlxalq ictimaiyyətin müharibədən yorulması Rusiyanın mövqelərini gücləndirir. Enerji infrastrukturuna zərbələr, cəbhədə tədricən irəliləyiş və Ukraynanın hərbi resurslarının azalması Moskvanın şərtlərini qəbul etdirmək niyyətini gücləndirən amillər kimi qiymətləndirilir".
Ekspertin fikrincə, tərəflərin şərtləri uzlaşmadığı müddətdə müharibənin qısa müddətdə başa çatması real görünmür və Rusiya irəli sürdüyü şərtlər qəbul olunmayana qədər sülh danışıqlarına tələsməyəcəyini nümayiş etdirir.
Nigar Yahyazadə
09:52 17.02.2026
Oxunuş sayı: 720