Ukrayna rəhbərliyinin Moskvaya səfəri yalnız simvolik xarakter daşıya bilər - Ekspert
Rusiya- Ukrayna müharibəsinin diplomatik yolla həlli istiqamətində beynəlxalq səylərin intensivləşdiyi bir mərhələdə sülh danışıqları ilə bağlı yeni və qeyri-ənənəvi təşəbbüslər gündəmə gəlməkdədir. Prosesin uzun müddət dalana dirənməsi, tərəflərin mövqelərində ciddi irəliləyiş əldə olunmaması vasitəçiləri daha birbaşa və təsirli formatlar axtarmağa vadar edir.
Bu kontekstdə Ukrayna nümayəndə heyətinin birbaşa Moskvaya gedərək Rusiya Prezidenti ilə danışıqlar aparması ehtimalı regionda və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurur.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Azad İsazadə söyləyib ki, cəbhədə hətta mümkün görünməyən hadisələr belə baş verə bilər: "Məsələn, əgər Ukrayna nümayəndəliyi Moskvaya getsə, bu addımın real nəticə verməsi ehtimalı çox azdır. Putinin hazırkı mövqeyi müharibəni dayandırmaq deyil; onun hesablaması Ukraynanın təslim olacağıdır. Beləliklə, Ukrayna rəhbərliyinin Moskvaya səfəri yalnız simvolik xarakter daşıya bilər. Bu addımın əsas məqsədi ABŞ Prezidenti Donald Trampı razı salmaq, ona nümayiş etdirməkdir ki, Ukrayna sülhə can atır və hər şeyi etməyə hazırdır. Yəni, bu, real danışıqlar üçün deyil, daha çox diplomatik imitasiyadır. Belə bir vəziyyət göstərir ki, hazırkı geopolitik şəraitdə bəzi addımlar daha çox simvolik xarakter daşıyır və onların reallıqda nəticə doğurma ehtimalı çox aşağıdır".
Elmir Heydərli
17:54 13.02.2026
Oxunuş sayı: 292