ABŞ hərəkətə keçir: Rusiya Çinlə münasibətlərdə məsafə saxlayacaq
Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la strateji dialoqun vaxtının çoxdan yetişdiyi barədə səsləndirdiyi fikir beynəlxalq münasibətlər sistemində yeni siyasi müzakirələrə səbəb olub. Son illərdə qlobal təhlükəsizlik, regional münaqişələr, iqtisadi sanksiyalar və geosiyasi qarşıdurmalar fonunda Moskva ilə Vaşinqton arasında münasibətlərin gərgin xarakter alması strateji dialoq məsələsini yenidən gündəmə gətirib. Bu baxımdan, Rusiya tərəfinin “strateji dialoq” anlayışı ilə konkret olaraq hansı məsələləri nəzərdə tutduğu, bunun tərəflər arasında münasibətlərin normallaşmasına, yoxsa qarşılıqlı maraqlar üzərində yeni razılaşmaların formalaşmasına xidmət edib-etmədiyi xüsusi maraq doğurur.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib: "Kremldə çox yaxşı anlayırlar ki, hazırda Rusiya olduqca ağır vəziyyətdədir. Rusiyanın savaş resursları sürətlə tükənməkdədir. Eyni zamanda Rusiyanın iqtisadi resursları da azalmaqda davam edir. Hazırda Rusiya iqtisadiyyatı çökmə mərhələsinə yaxınlaşır və bunu Rusiyadakı alternativ ekspert mənbələri də təsdiqləyirlər. Bu baxımdan Rusiya üçün mövcud situasiyanın dəyişdirilməsi strateji xarakter daşıyır. Mövcud şəraitdə isə Rusiyaya bu məsələdə yalnız Amerika Birləşmiş Ştatlarının dəstək verə biləcəyi ehtimal olunur. Bu da ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı tətbiq olunan Qərbin iqtisadi, daha dəqiq desək, maliyyə-iqtisadi sanksiyalarının aradan qaldırılması və ya zəiflədilməsi məsələsində həlledici rol oynaya bilər. Xüsusilə də ABŞ-ın Avropa Birliyinə təsir mexanizmləri Rusiyanın həmin sanksiyalardan qurtulmasına müəyyən mənada kömək edə bilər. Böyük ehtimalla Kremldə bu məsələni ön plana çıxarmağa çalışırlar".
Politoloq bildirib ki, Kreml bunun qarşılığında Ağ Evin irəli sürə biləcəyi şərtlərlə razılaşmağa məcbur qala bilər: "Böyük ehtimalla ABŞ iqtisadi sanksiyaların zəiflədilməsi müqabilində Rusiya iqtisadiyyatında Amerika Birləşmiş Ştatlarını təmsil edən şirkətlərin investisiya hüquqlarının təmin olunmasını tələb edə bilər. Eyni zamanda Rusiyadan Çinlə münasibətlərdə müəyyən məsafə saxlaması da tələb oluna bilər. Yəni, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la strateji dialoqun vaxtının çoxdan yetişdiyini bəyan etməsi böyük ehtimalla Vaşinqton və Moskva arasında mümkün siyasi bazarlığa işarə edir. Qarşılıqlı güzəştlər çərçivəsində, Rusiyanın iqtisadi sanksiyalardan xilas olması müqabilində Çindən müəyyən qədər uzaqlaşması və Rusiya məkanında ABŞ şirkətlərinin fəaliyyətinə daha geniş imkanların yaradılması kimi şərtlər daxilində belə bir strateji dialoqun baş tutması qətiyyən istisna edilmir".
Ayhan
13:30 12.02.2026
Oxunuş sayı: 529