Makron üçün yolun sonu: O, hansı səhvə görə ictimai etimadı itirdi?
Son dövrlərdə Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqində kəskin düşüş müşahidə olunur. Sosial media platformalarında yayılan məlumatlara görə, onun bəyənmə reytinqi yalnız 11%-ə çatıb və bu göstərici onu dünyada ən çox nifrət edilən dövlət başçılarından birinə çevirib. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bu vəziyyəti sərt şəkildə tənqid edərək, prezidentin ictimai həyata müdaxilə etməyə davam etməsini günahlandırıb. Bu hal Fransa siyasətindəki mövcud böhran və dövlət rəhbərliyinin ictimaiyyətlə münasibətləri məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlama verib:
"Siyasətdə tez-tez belə bir ifadə işlədilir ki, lider səhv etdiyinə görə deyil, cəmiyyətin nəbzini tuta bilmədiyinə görə reytinq itirir. Bu kontekstdə Emmanuel Makronun reytinqinin azalması ani hadisənin yox, uzun müddət yığılan siyasi gərginliyin nəticəsi kimi qiymətləndirilə bilər. Daxili siyasətdə Makronun yanaşması “hesablanmış islahatlar, amma hesablanmamış ictimai reaksiya” modeli üzərində qurulub. Texnokrat baxımdan əsaslandırılan qərarlar sosial müstəvidə eyni dərəcədə qəbul edilməyib. Pensiya islahatları, həyat bahalılığı və sosial təbəqələrarası fərqlərin dərinləşməsi fonunda dövlətlə vətəndaş arasında məsafə artıb”.
Siyasi şərhçi vurğulayıb ki, nəticədə cəmiyyətdə “islahat var, amma ədalət hissi yoxdur” təsəvvürü formalaşıb: “Bu da etimad itkisini sürətləndirib. Xarici siyasətdə də oxşar mənzərə yaranıb. Necə deyərlər ambisiya var, amma nəticə gözləntilərlə üst-üstə düşmür. Makronun Avropa liderliyi iddiası və qlobal miqyasda fəallığı bəzi sahələrdə simvolik xarakter daşıyıb”.
Şərhçi əlavə edib ki, Afrika istiqamətində Fransa təsirinin zəifləməsi və Ukrayna müharibəsi fonunda birmənalı olmayan diplomatik mesajlar daxili auditoriyada da narazılıq yaradıb: “Ümumilikdə Parisin qlobal proseslərdə əvvəlki ağırlığını tam hiss etdirə bilməməsi də bu narazılığı gücləndirib. Makronun bəzi müxalif fiqurlar tərəfindən “ən uğursuz siyasətçilərdən biri” kimi təqdim olunması siyasi ritorikadır. Amma bir məsələ də var ki, tüstü varsa, od da olur. Yəni bu cür sərt qiymətləndirmələrin müəyyən ictimai dairələrdə rezonans doğurması liderliklə bağlı narahatlıqların mövcudluğuna işarə edir”.
Siyasi şərhçi fikrini belə tamamlayıb: “Ümumilikdə baxdıqda Makronun reytinqinin enməsi nə tək bir islahata, nə də bir beynəlxalq qərara bağlana bilər. Bu, daxildə sosial razılaşmanın əldə olunmaması ilə xaricdə iddiaların real imkanlarla uyğun gəlməməsinin yaratdığı siyasi vəziyyətdir. Burada problem bir addımda yox, yolun gedişində yaranıb”.
Mehriban Yariyeva
10:51 12.02.2026
Oxunuş sayı: 544