Uşaqlarımızı sosial mediadan necə qoruyaq? - Ekspertlər danışdı
Rəqəmsal texnologiyaların sürətli inkişafı və internetin həyatın ayrılmaz hissəsinə çevrilməsi cəmiyyət üçün yeni imkanlarla yanaşı, ciddi risklər də yaratmışdır. Xüsusilə azyaşlı və yeniyetmələrin zərərli onlayn oyunlara və sosial şəbəkələrdə yayılan uyğun olmayan məzmunlara asan çıxışı onların psixoloji, sosial və mənəvi inkişafına mənfi təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.
Bu proses təkcə fərdi deyil, eyni zamanda ictimai təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunması baxımından da mühüm problem kimi çıxış edir. Mövzunun aktuallığı son illər dövlət rəsmiləri və beynəlxalq təcrübə tərəfindən də təsdiqlənir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanda son illər müşahidə olunan bir sıra təhsil problemlərinin kökündə şagird və tələbələrin sosial platformalardan və rəqəmsal mühitdən düzgün istifadə etməməsi dayanır. Bu platformalar bəzən onların etik davranışlarına, mənəvi dəyərlərinə və ümumi dünyagörüşlərinə mənfi təsir göstərir. Müasir dövrdə texnologiya adi məişət aləti kimidir: onu necə və hansı məqsədlə istifadə etməyimiz nəticəni müəyyən edir. Lakin nəzarətsiz və məqsədsiz şəkildə rəqəmsal vasitələrdən istifadə edən gənclər zamanla təhsil göstəricilərində, ünsiyyət mədəniyyətində və sosial davranışlarında geriləmələrlə üzləşirlər. Bu təhlükənin qarşısının alınması üçün sistemli və məsuliyyətli yanaşma zəruridir. Şagirdlərin təhsil aldıqları mühitdə müvafiq nəzarət mexanizmləri gücləndirilməli, rəqəmsal savadlılıq və etik davranış mövzuları təlim-tərbiyə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir".
Ekspertin sözlərinə görə, bu istiqamətdə yalnız məktəblərin deyil, həm də ailələrin, aidiyyəti dövlət qurumlarının və xüsusilə Təhsil Nazirliyinin birgə fəaliyyəti böyük əhəmiyyət daşıyır: "Dövlət–ailə–məktəb əməkdaşlığı gücləndirildiyi təqdirdə, biz yeni nəslin həm vətəndaşlıq şüurunun, həm də sosial və akademik göstəricilərinin yüksəlməsinə nail ola bilərik".

Psixoloq Təbriz Hacinski isə bu boşluğun boş qalmadığını və getdikcə daha təhlükəli mənbələrlə doldurulduğunh qeyd edib: "Onu ya sosial şəbəkələr, ya virtual aləmdə təqdim olunan yanlış və zorakı davranış nümunələri, ya da aqressiv çağırışlar əvəz edir. Nəzarətsiz informasiya axını uşaqların və yeniyetmələrin psixoloji dünyasına birbaşa təsir göstərir, onlarda real həyatla virtual aləm arasındakı sərhədləri zəiflədir, emosional reaksiyalarda sərtlik və səbirsizlik yaradır. Son illərdə valideynə və müəllimə qarşı şiddət hallarının artması da təsadüfi deyil bu, sadəcə tərbiyəsizlik yox, məhz sərhədsiz və nəzarətsiz təsirlərlə böyüyən emosiyaların nəzarətdən çıxmasının açıq göstəricisidir".

Sosioloq Əhməd Rəhmanov isə düşünür ki, sosial şəbəkə bu gün artıq həyatımızın ayrılmaz bir alətinə çevrilib: "Onu adi bir bıçaqla müqayisə etmək olar: ağıllı və kamil insanın əlində faydalı vasitədir, məsuliyyətsiz və savadsız insanın əlində isə təhlükəli bir silaha çevrilə bilər. Sosial şəbəkələr də eyni mahiyyət daşıyır. Uşaqları sadəcə sosial şəbəkələrdən uzaqlaşdırmaq mümkün deyil. Əsas məsələ onları real həyatda mənalı və cəlbedici alternativlərlə təmin etməkdir. Təəssüf ki, bu gün əvvəlki illərlə müqayisədə pulsuz uşaq dərnəkləri, idman meydançaları və ictimai məşğuliyyət imkanları ya çox azalıb, ya da tamamilə aradan qalxıb. Mövcud xidmətlərin isə qiyməti əksər ailələr üçün əlçatmazdır. Nəticədə valideynlər övladlarını kinoya, dərnəklərə və ya digər fəaliyyətlərə apara bilmədikləri üçün, istər-istəməz bu boşluğu televiziya və internet vasitəsilə doldurmaq məcburiyyətində qalırlar. Belə bir şəraitdə uşaqları texnologiyadan tam uzaqlaşdırmaq barədə səsləndirilən çağırışlar reallıqdan uzaq, daha çox populist şüar xarakteri daşıyır. Qadağa isə problemi həll etmir, əksinə, marağı daha da artırır".
Onun sözlərinə görə, yeganə real yol valideyn nəzarətidir: "Lakin bu nəzarətin effektiv olması üçün valideynin də vaxtı və enerjisi olmalıdır. Əgər valideyn günün böyük hissəsini işdə keçirir, yorğun halda evə qayıdırsa, övladına yetərli diqqət ayıra bilmir. Texnoloji nəzarət mexanizmləri mövcuddur və düzgün istifadə edildikdə faydalı ola bilər. Valideyn övladının hansı məzmuna daxil olduğunu, hansı tətbiqləri yüklədiyini izləyə və lazım gəldikdə müdaxilə edə bilər. Amma bu imkanlardan istifadə etmək üçün də valideynin həm biliyi, həm də vaxtı olmalıdır. Nəticə olaraq demək olar ki, məsələ yalnız texnologiyada deyil, sosial şəraitdə, ailənin imkanlarında və dövlət səviyyəsində uşaqlar üçün yaradılan real alternativ mühitin zəifliyindədir. Əgər uşağa real həyatda cazibədar seçimlər təqdim olunmazsa, onu yalnız qadağa ilə virtual aləmdən uzaqlaşdırmaq mümkün olmayacaq. Təəssüf ki, mövcud şəraitdə bu problem yaxın zamanda öz-özünə həll olunacaq kimi görünmür".

Hüquqşünas Rafiq Alışov isə uşaqların uyğunsuz materiallara əlçatanlığı məsələsinin onların tərbiyəsində və təhsilində ən əsas diqqətin ailə və məktəb mühitində olmalı olduğunu bildirib: "Belə ki, uşaqlar məktəblərdə kompüter və internet resurslarından istifadə edərkən, həmin materiallara giriş müvafiq proqramlar vasitəsilə məhdudlaşdırılmalıdır. Bu proqramlar uşaqların uyğunsuz materiallara daxil olmasının qarşısını almalıdır.
İkinci məsələ isə ailədən qaynaqlanır. Burada valideyn məsuliyyətinin artırılması vacibdir. Uşaqlara mobil telefon, planşet və ya evdəki kompüter vasitəsilə uyğunsuz materiallara giriş verilməsi valideynlərin nəzarətində olmalıdır. Qanunvericilikdə bununla bağlı müəyyən normalar mövcud olsa da, əsas məsələ valideynlərin məsuliyyətidir. Valideynlərin uşağa mobil telefon vermə qaydaları və qadağaların pozulmasına görə məsuliyyət daşıması önəmlidir. Müasir dövrdə uşaqlara mobil telefon qadağasının tətbiqi və hansı yaşda verilməsinin tənzimlənməsi praktik olaraq çətindir. Lakin valideyn məsuliyyətinin artırılması üçün maarifləndirici və təbliğat işləri aparılmalıdır. Son dövrlərdə baş verən bəzi hadisələr göstərir ki, xüsusilə imkanlı valideynlərin uşaqları da internet resurslarında mənfi təsirlərə məruz qalır, bu da bəzi hallarda ciddi nəticələrə, hətta intihar və zorakılıq hadisələrinə səbəb olur.
Valideynlər uşaqlara mobil telefon verərkən, həmin cihazlarda xüsusi proqramlar quraşdırmalıdırlar ki, uşaqlar uyğunsuz materiallara daxil ola bilməsin. Lakin qeyd etmək lazımdır ki, uşaq həqiqətən həmin materialları tapmaq və izləmək istəyirsə, başqa yollarla da bu materiallara çıxış tapa bilər. Ona görə əsas məsələ uşaqların valideyn nəzarətinə qaytarılmasıdır".
Onun fikrincə, dövlət və hökumət tərəfindən uşaqların valideyn məsuliyyəti artırılmalıdır: "Bunun üçün geniş sosial təbliğat aparılmalı, televizor, radio və digər informasiya vasitələrində maarifləndirmə işləri gücləndirilməli, məktəblərdə və sosial xidmət proqramlarında valideynlərə dəstək və maarifləndirmə təmin edilməlidir. Sosial xidmət proqramları vasitəsilə hər bir ailə izlənməli, uşaqların təhlükəsizliyi və valideyn nəzarəti monitorinq edilməlidir. Bütün bunlar dövlətin öhdəliyidir və Uşaqların Hüquqlarına dair Konvensiya çərçivəsində bu öhdəliklərə əməl olunmalıdır".

Bu barədə İKT üzrə ekspert Elvin Abbasov da öz fikirlərini bölüşüb: "Uşaqları sosial şəbəkələrdəki uyğunsuz məzmunlardan qorumaq üçün ən effektiv texnoloji üsul cihaz və şəbəkə səviyyəsində tətbiq edilən valideyn nəzarəti sistemləridir. Apple-ın "Screen Time" və Google-un "Family Link" tətbiqləri vasitəsilə uşaqların hansı proqramları yükləyə biləcəyinə yaş həddi qoymaq, uyğunsuz saytları filtrdən keçirmək və axtarış sistemlərində "SafeSearch" rejimini məcburi etmək mümkündür. Daha köklü qorunma üçün isə evdəki Wi-Fi router (istiqamətləndirici) səviyyəsində DNS filtrləmə (məsələn, OpenDNS və ya Cloudflare for Families) tətbiq edilə bilər; bu texnologiya evdəki bütün cihazların zərərli və ya yaşa uyğun olmayan veb-resurslara girişini şəbəkə səviyyəsində bloklayır. Digər bir texnoloji yol isə süni intellekt əsaslı monitorinq və analiz tətbiqlərindən istifadə etməkdir. "Bark" və ya "Qustodio" kimi proqramlar uşağın yazışmalarını və qarşısına çıxan videoları real vaxt rejimində analiz edərək zorakılıq, kiberbulinq və ya digər riskli məzmunlar aşkar etdikdə dərhal valideynə xəbərdarlıq göndərir. Bundan əlavə, sosial şəbəkələrin öz daxilində təklif etdiyi "Məhdud Rejim" (Restricted Mode) və "Ailə Mərkəzi" funksiyalarını aktivləşdirmək uşağın alqoritmik olaraq təhlükəli kontentlərlə qarşılaşma ehtimalını minimuma endirir. Lakin unutmaq olmaz ki, texnoloji vasitələr yalnız düzgün tənzimləndikdə və mütəmadi nəzarət edildikdə tam effektiv olur".
Elmir Heydərli
14:25 10.02.2026
Oxunuş sayı: 845