Xaqani Şirvani şeirləri İbrahim Tahir Musayevin tərcümələrində
Prezident İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli sərəncamı ilə dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi, şairin zəngin irsinin, vətənpərvərlik, fəlsəfi və bədii yaradıcılığının geniş şəkildə araşdırılmasına və beynəlxalq səviyyədə tanıdılmasına xüsusi təkan verəcəkdir. Sərəncamda deyildiyi kimi Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
XI-XII yüzilliklər Azərbycan
xalqının tarixində qabaqkı yüzilliklərlə müqayisədə iqtisadi-siyasi və mədəni cəhətdən yüksəliş dövrü idi. Ölkənin
siyasi gücünün daha da artması, ticarətin inkişafı, xarici ölkələrlə mübadilə ilə əlaqələr, Azərbaycan
şəhərlərindən bir çoxunun tanzit şəhər olması burada elm və mədəniyyətin güclü
irəliləyişi üçün geniş imkanlar açırdı. XI-XII
yüzilliklərdə Azərbaycan elm və mədəniyyəti
Yaxın və Orta Şərq xalqları, xüsusilə islam ölkələri xalqlarının elm və mədəniyyəti
ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edirdi. Bu yüzilliklərdə Azərbaycan ədəbiyyatı
o qədər vüsət tapıb təkamülə uğramışdı ki, hətta ictimai-mədəni həyatın başqa
sahələri üzrə fəaliyyət göstərənlər arasında da ədəbiyyatla maraqlanıb bədii sənət
nümunələrin yaradanlar da az deyildi. Dövrün böyük filosofları Eynəlqüzat Miyanəçi və Şihabəddin
Sührəvərdinin istedadlı şair və ədib kimi də gözəl qələm sahibi
olduqları da qeyd edilmişdir.
XI-XII əsrlərdə bütün Şərqdə
olduğu kimi, Azərbaycanda da yazılı ədəbiyyatın iki şaxəsi-saray ədəbiyyatı və
saraydan kənar ədəbiyyat olmuşdur. Azərbaycan saray ədəbiyyatı XI-XII yüzilliklərdə
inkişafının ən yüksək zirvəsinə çatmışdır. Bütün Şərqdə olduğu kimi, Azərbaycanda da saray ədəbiyyatı uzun illərdən
bəri işlənərək gələn bədii ənənələr və poetik qanunlar çərçivəsində inkişaf
etmişdir. Bu dövrdə Azərbaycan ədəbi məktəbinin sənətkarlıq cəhətdən zənginləşməsində
saray ədəbiyyatının rolu danılmazdır. Saray şeri hakim zümrənin əhval-ruhiyyəsini tərənnüm etsə də, həyatdan, xalq taleyindən
tamamilə ayrılmamışdı. Əbülüla Gəncəvi, Xaqani, Fələki, Mücirəddin Beyləqani
kimi görkəmli sənətkarları birləşdirən XII yüzillik Azərbaycan saray şeri ölkənin
iqtisadi, maddi gücünün, dolayısı ilə də olsa xalqın mənəvi zənginliyinin tərənnümçüsünə
çevrilir, hökmdara vətəni aşılamaq, onu ölkənin istiqlaliyyəti və bərpası işlərinə
ruhlandırmaq kimi bir məqsəd də izləyirdi. Saray şairləri hökmdarları ədalətli,
mərhəmətli olmağa çağırır, ölkəni abadlaşdırmağa, vətənpərvərliyə ruhlandırmağa
çalışırdılar. Mədh səciyyəli qəsidələrdə şairlər imkan tapdıqca nəsihətə keçir,
hökmdarı zülmdən çəkindirməyə çalışır, xalq taleyi ilə maraqlanmağa yönəldirdilər.
Elmi-nəzəri fikir XI-XII
yüzilliklər Azərbaycan ədəbiyyatını renessans ədəbiyyatı kimi qiymətləndirir.
XII əsr Azərbaycan renessans ədəbiyyatının görkəmli nümayəndələrindən olan
Xaqani Şirvani – adı dünya ictimai-bədii fikir tarixində əbədiləşmiş nadir
simalardan biridir. Xaqani zəngin yaradıcılıq yolu keçmiş, onun yüksək estetik
səviyyəli ədəbi irsi yüzilliklər boyu çox qiymətli sənət nümunəsi kimi təqdir
edilmiş, orta əsrlərin demək olar ki, bütün qaynaqları şairdən bəhs açmışlar.
Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm
kəndində anadan olmuşdur. Şairin adı İbrahim, atasının adı Əli idi. İlk təhsilini
əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc
yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət
edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs
edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Xaqani
Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə
getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmışdır. Xaqani
Şirvani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn
edilmişdir.
Xaqaninin zəngin ədəbi
irsi 17 min beytlik lirik şeirlər Divanı, "Töhfətül-İraqeyn"
poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir.
Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir.
Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri"
qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn"
poeması daxildir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında
ən böyük lirik şairlərdən biri kimi tanınır. 60 ildən artıq yazıb-yaratmış şair
çox böyük bir ədəbi irs qoyub getmişdir. Yazdığı əsərlərində qoşduğu şeirlərinin
sayının 100 minə çatdığını dönə-dönə bildirmişdir. Xaqani yaradıcılığının
başlıca ictimai-siyasi motivləri XI-XII yüzilliklərdə Azərbaycan renessas
düşüncələri ilə bağlıdır. Bu böyük insani istəklər və ideyalar o illərin, o
dövrün qabaqcıl iqtisadi, ictimai və siyasi zümrələrinin və insanlarının düşüncələrindən
doğmuş, onlarla bağlı olmuşdur.
Onun qəzəl və rübailərində
Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani
yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən
biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət
özünün zirvəsinə çatmışdır. Şairin geniş tutumlu “Divan”ına onun qəsidə, qəzəl,
qitə və rübailəri daxildir. İdeyalılığı və bədiiliyi ilə çox zəngin olan Xaqani
“Divan”ının məfkurəvi mündəricəsinin özülündə şairin humanist ideyaları
dayanır. Şairin “Divan”ına daxil olan qəzəl və rübailər öz içdən gələn səmimiliyi
ilə diqqəti cəlb edir, mövzu baxımından rəngarəngdir. Onlar arasında həm məhəbbətə, həm də ictimai-əxlaqi səciyyə daşıyan mövzulara da həsr olunmuşları
da var. Bədii təsvir vasitələri, ifadə tərzi və ahəngdarlığı ilə onların hər
biri XII yüzil Azərbaycan lirik şerinin ən gözəl məziyyətlərini özündə əks
etdirir. Xaqani “Divan”ı dünya ictimai-bədii fikrinin həmişə diqqət mərkəzində
olmuş, böyük bir qismi şairin doğma ana dilinə tərcümə edilmişdir.
Apardığımız araşdırmalar
zamanı şairin bir qism şeirlərinin Qarabağ ədəbi mühitinin görkəmli
simalarından biri olan İbrahim Tahir Musayev tərəfindən doğma ana dilimizdə tərcümə
edilərək əski əlifbada yazdığı əlyazmasına rast gəlmişik. Dövrünün istedadlı
şairi, mütərəqqi görüşlü ziyalısı, maarifçisi və yüksək səviyyəli tərcüməçisi
kimi tanınan İbrahim Tahir Musayev 1869-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdir.
İlk təhsilini Şuşa şəhərində Molla Əli Xəlifənin məktəbində alıb, ərəb, fars
dillərini öyrənmiş, ədəbiyyata son dərəcə maraq və həvəs bəslədiyindən fars
şairlərinin əsərləri ilə mükəmməl tanış olmuş, 20 yaşında şeir yazmağa
başlamışdır. İbrahim Tahiri daha çox məşhur edən və ona şərəf gətirən əsas peşə
isə maarifçi-şair kimi formalaşması olmuşdur. Bakıda fəaliyyət göstərən müxtəlif
qəzet və jurnallarda “Nofəl”, “Ağcaqanad”, “Tərəqqi”, “Şişeyi” imzaları ilə tənqidi-satirik,
maarifçi-tərbiyəvi, publisistik yazıları və şeirləri ilə çıxış etmişdir. İbrahim Tahir Musayev 1943-cü ildə
Bakıda vəfat etmişdir.
Dövrünün yetişdirdiyi
milli ziyalılardan biri olan İbrahim Tahir 1905-1906-cı illərdə Qarabağda, Azərbaycanın
digər bölgələrində cərəyan edən hadisələrə kəskin qələmi ilə cavab vermiş,
şeirlərində təpədən dırnağa qədər silahlandırılmış erməni faşistlərinin dinc
müsəlman əhalisinə qarşı cinayətlərini ifşa etmiş, vətən övladlarını birləşərək
doğma yurdu xilas etməyə çağırmışdır. Təbii ki, belə bir şair əgər sovet
dövründə milli ruhda, milli istiqlal mövzusunda əsərlər yazsaydı, nəinki çap
etməzdilər, hətta onu represiyaya məruz qoyardılar. Belə bir şəraitdə İ.Tahir
ictimai-siyasi, milli mövzulara toxunmayaraq lirik şeirlər yazmağa üstünlük
vermişdir. Şair böyüyüb boya-başa çatdığı, təlim-təhsil aldığı dövrün, mühitin
təsiri altında klassik ədəbi irsə bağlı adam olmuş, əsərlərini də klassik
üslubda yazmışdır.
Tərcüməçi kimi də məşhur olmuş İbrahim Tahir
Musayev Firdovsinin “Zöhhak və Gavə” əsərini dilimizə çevirərək nəşr etdirmiş,
Xəyyamın rübailərini bədii tərcümə şəklində nəşrə hazırlamış, dövlət sifarişi
ilə Xaqani və Nizami əsərlərini sətri tərcümə etmişdir.
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda İbrahim Tahir Musayevin avtoqraf əlyazmaları (A-243,
B-706, B-1788, B-5158, D-207) mühafizə olunmaqdadır. A-243, B-1788 və B-706 əlyazma
nüsxələrində şairin qəzəlləri yer almışdır. D-207 (“Riyazül-arifin” təzkirəsinin
tərcüməsi), B-5158 (Əfzələddin Xaqani “Şeirlər”) şifrəli əlyazmalar isə şairin
tərcümə əsərləridir.
İbrahim Tahirin tərcümə edib əski əlifbada
yazdığı Xaqani şeirlərinin əlyazma mətni tünd-bənövşəyi mürəkkəblə nəstəliq xətti
ilə 18 vərəqli enlicız məktəbli dəftərinə yazılmışdır. Əlyazma müasir üsulla səhifələnmişdir.
Əlyazmanın əvvəlində “Xaqaninin farsi qəzəllərindən türkcəyə tərcüməsi. Mütərcimi
Qarabağlı İbrahim Tahir Musayev” qeydi verilmişdir. Əlyazmada ümumilikdə 33
şeir yer almışdır.
Hal-hazırda həmin əlyazma
nüsxəsi tərəfimizdən transfoneliterasiya olunmaqdadır. Transfoneliterasiya
etdiyimiz şeirlərdən nümunə olaraq təqdim edirik:
Adını dildə çəkən vəqtdə ey rahət can,
Sanki ağzımdan axar çeşməyi-abi-heyvan.
Nəfəs aldıqca dolar ağzıma
güli-rayihəsi,
Sən gedən yoldakı torpaqları öpsəm nə zaman?
Başımı bir gün ayağında əgər mən qoysam,
Yüksələr gökdə Həməl bürcünəcən başım inan.
Qismət olsa mənə dünyada bir eşqin bəsdir,
Diri qalsam verəcəkdir mənə bu ömür zaman.
Rəhm edib qəm duzağından məni ey şux, qurtar,
Asitanında tutam bir neçə gün
bəlkə məkan.
Səf aşiq də mənəm başda duran Xaqani,
Rəxşi-mənanı
minib göylərə etdim cövlan .
---
Ağzını aç
şişənin bir cama doldur şərab,
Ver tez içib
keflənim, durma bir iş gör səvab.
Bayram ayı çərx
də mindi atın gəzməyə,
Kasəni
duruldurmağa eylə amandır şitab.
Canıma bir
od vurub şam gibi ağlat məni,
Xatirə sal
halımı aç gül üzündən niqab.
Sanma ki,
bundan belə könlümü abad ola,
Odla bu
viran evi eylə dibindən xərab.
Versə şəkər
şərbəti qönçə dodağın mənə,
Şərbətə qat
bir qədər tərli üzündən gülab.
Al gözə
Xaqaninin şerini gövhər kibi,
Bir qaba tök
toplayıb, eylə onu intixab.
---
Dildə həmişə
eşqin üçün bəslərəm həvəs,
Sevməz səni sevən kibi
könlüm bir özgə kəs.
Baş qoymuşam
ayağına, şadam kəsilsə də,
Saxla məni nəzərdə,
qoy olsun yerim qəfəs.
Qorxub da mən
düşünmə ki, səndən uzaqlaşam,
Hər bir daş
üstə yolda əgər dursa bir əsəs.
Çatsam nola
yüz illər ilə yol gedib sənə,
Artıq demə
görünsə bu yol məncə bir nəfəs.
Xaqanini bu
qədər əziyyətdə qoyma çox,
Baş süfrənizdə qonsa hesab ilə bir məkəs.
İbrahim Tahir Musayev Xaqaninin
şeirlərini tərcümə edərkən onların poetik formasına və janr xüsusiyyətlərinə
sadiq qalmağa ,oxucu üçün anlaşıqlı və emosional bir dillə təqdim olunmasına
çalışmışdır.
Bildirməliyik ki, yaxın gələcəkdə Xaqani şeirləri daxil olmaqla İbrahim Tahirin tərcümə əsərləri tərəfimizdən transfoneliterasiya olunaraq nəşr ediləcəkdir.

Tünzalə Əlizadə qızı Seyfullayeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
09:00 07.02.2026
Oxunuş sayı: 1284