Allah eləsin o müəllim ölməsin, yoxsa...
Bakıda özəl təhsil liseylərindən birində şagirdin odlu silahdan müəllimə atəş açması gündəmi zəbt edən əsas məsələlərdəndir. Versiyalar fərqlidir. İnsident fərqli cür təqdim olunur.
Bunun əvvəlcədən planlaşdırılmış terror aktı olması da istisna edilmir. Yəqin ki, məsələ müvafiq qaydada araşdırılacaq və real motiv, məqsəd üzə çıxacaq.
Amma əsas sual budur: müəllimdən kim nə istədi? Və niyə? Nəzərə almaq lazımdır ki, həmin müəllimin- Şəhla Kamilovanın cəmi 29 yaşı var idi. Onun məsqədləri, hədəfləri, idealları var idi. Gələcəklə bağlı arzuları çox idi. Bəlkə də, sonsuz...
O, dünən də həmişə kimi, adi günlərdəkitək hazırlaşıb dərsə getmişdi. Gənc riyaziyyat müəllimi dünən də əvvəlki günlərdə olduğu kimi bildiklərini bölüşəcəkdi. Bəlkə də, dərsini dedi. Amma bu, ola bilsin, sonuncu idi.
Bu günlərdə Şəhla xanımın evində yasdır. Valideynləri, qohumları, şagirdləri dua edirlər. Allahdan xahiş edirlər ki, qızlarını, müəllimlərini itirməsinlər.
...Onuncu sinif şagirdinin hərəkəti isə sadəcə bir ailənin faciəsi kimi qiymətləndirilməməlidir. Bu, həm də cəmiyyətin faciəsidir. Necə deyərlər, sözün bitdiyi yerdir. Suallar isə o qədər çoxdur ki...Tüfəngin məktəblidə nə işi var? Bunu ona kim, niyə verib? Özü götürübsə, niyə nəzarət edilməyib? Və yenə də ən əsası: uşaq nə üçün müəllimi hədəf alıb? Onu buna nə vadar edə bilərdi? Hansı səbəb şagirdin, özü də o yaşda şagirdin öz müəlliminini odlu silahla öldürməsinin səbəbi ola bilərmi? Məncə, bunun nə səbəbi, nə də bəhanəsi var.
Bu, göründüyündən daha böyük hadisədir. Təkcə hüquq – mühafizə orqanlarını yox, həm də psixoloqları, sosioloqları, pedaqoqları düşündürməli hadisədir.
Son hadisə ilə bir daha xatırlamalı oluruq: ölkədə kriminal hadisələr nə qədər artıb- əmi qardaşı oğlunu baltalayıq, ana övladına işgəncə verir, qardaş qardaşı öldürür...Doğrudanmı, insanların psixikası pozulur? Buna səbəb nədir? Məşhur ritorik sual yada düşür: nə yeyir, nə içirik?
Bizi kimlər, nə məqsədlə bu hala salır? Azərbaycanı kimə Texasa döndərir?
...Nə isə. Dərd çox, həmdərd azdır. Deyiləsi söz ürəkdolusudur. Rəhmətlik Füzuli demiş, desəm təsiri yox, sussam könül razı deyil...
Allah eləsin, o müəllim ölməsin, yaşasın. Əgər ölərsə- cəmiyyət üçün çalışan, gələcəyi olan müəllim səbəbin nə olmasından asılı olmayaraq bir güllə ilə ölərsə, onda mən daha bu dünyaya inanmayacam...
11:00 07.02.2026
Oxunuş sayı: 663