Ekspertdən açıqlama: Makron öz hakimiyyətini itirə bilər
Fransada ədalətsiz iş şəraitinə və artan cinayətkarlığa etiraz olaraq polis və jandarma əməkdaşları aksiya keçiriblər. Sözügedən aksiyaya 45 mindən çox polis qatılıb. Sıravi vətəndaşların etirazlarda iştirak etməsi sosial problemlərin də aksiya şüarlarda səsləndirilməsinə rəvac verib.
"Fransada son dönəmlərdə bu tipli aksiyaların artdığını biz müşahidə etməkdəyik. Görünən odur ki, yalnız sosial durumdan əziyyət çəkən vətəndaşlar deyil, artıq hüquq mühafizə orqanlarında çalışanlar da Makron hökumətinə qarşı öz etirazlarını ifadə etməkdədirlər."
Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Emmanuel Makron hakimiyyətə gələndən sonra Fransada hökumət əleyhinə aksiyalar çoxalıb.

"Xüsusilə də işıq və qaz problemləri ilə bağlı, nəqliyyat problemləri ilə əlaqədər biz daha çox aksiyalar müşahidə edirik. Bir sözlə, sosial durumla bağlı insanların vəziyyəti kəskin şəkildə çətinləşir və təbii olaraq vətəndaş aksiyaları meydana çıxır. Artıq iş o yerə çatıb ki, sizin də qeyd etdiyiniz kimi polis və jandarmlar da ayağa qalxıblar.
Ekspert bunu da qeyd edib ki, 45 min nəfərin etiraz etməsi say baxımından az olduğu üçün gözardı edilməməlidir.
"Çünki nəzər alaq ki, bu şəxslər sırf hüquq mühafizə orqanlarında çalışanlardır. Onun üçün də hesab edirəm ki, Makron hakimiyyəti üçün bu ciddi bir siqnaldır.
Tezlikdə hakimiyyətin müəyyən addımlar atacağını düşünürəm. Açığı indiki şəraitdə bu aksiyanın hər hansı bir nəticə verəcəyini, Makronun prezident kürsüsündən uzaqlaşdırılacağını, düşünmürəm. Amma istənilən halda Fransa kimi bir dövlət üçün heç də xoşa gələn hal deyil və heç şübhəsiz ki, əgər polis və jandarm əməkdaşları ayağa qalxırsa, demək ki, bu hökumətin birbaşa yarıtmaz siyasəti ilə bağlıdır, zəif idarəçiliyi ilə bağlıdır və hatta bərbad idarəçiliyi ilə bağlıdır. Və hesab edirəm ki, bu hal davam edərsə, Makron hakimiyyətinə kifayət qədər, ciddi fəsadlar yarada bilər. Düşünürəm ki, getdikcə bu hakimiyyət üçün təhlükələr daha da böyüyə bilər. Bütün bunları Makronun nəzərə alacağını düşünürəm."
Cavanşir Abbaslı bunu da deyib ki, əgər bu proseslər- xalqa yönəlik idarəçilik sistemi bu formada davam edərsə, Makronun hakimiyyətini seçkilər yolu ilə itirəcəyi dönəm çox yaxındır və biz bunun tezliklə şahid olacağıq.
Turqut Ansari
10:47 05.02.2026
Oxunuş sayı: 828