Putin və Zelenski bir - birinə meydan oxuyur: Bu oyunda kim uduzub, kim udacaq?
Rusiya–Ukrayna müharibəsi fonunda tərəflər arasında mümkün danışıqlar məsələsi yenidən gündəmə gəlib. Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bildirməsi qarşı tərəfdən fərqli reaksiya ilə qarşılanıb. Rusiya rəhbərliyi danışıqların yalnız Moskvada mümkün ola biləcəyini vurğulayaraq öz mövqeyini dəyişmədiyini bəyan edib. Bu açıqlamalar iki ölkə arasında siyasi dialoqun perspektivləri və müharibənin real yollarla başa çatdırılması ehtimalları baxımından diqqət mərkəzinə düşüb.

Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya danışıqlarda səmimi deyil. Onun sözlərinə görə, Moskvanın səmimi olmaması digər düşmən ölkələrin prezidentlərini öz paytaxtına dəvət etməsindən də aydın görünür: “Bu, onu göstərir ki, Rusiya bununla Ukraynanın təslim olmasını vurğulayır və danışıqlarda maraqlı olmadığını nümayiş etdirir. Belə bir münaqişəni bu şəkildə həll etmək olmaz. Bu, böyük bir müharibədir: işğal faktoru var, humanitar böhran var, soyqırımı ittihamları var. Belə olan təqdirdə Ukrayna prezidentinin Moskvaya getməsi absurddur. Belə bir fikrin irəli sürülməsi siyasi-diplomatik baxımdan da düzgün deyil”.
Politoloqun sözlərinə görə Rusiya bununla göstərmək istəyir ki, oyun qaydalarını tanımır və yalnız öz oyununu diktə edir: “Zelenski də Rusiyaya cavab verdi, o da Putini Kiyevə dəvət etdi, "cəsarəti varsa" dedi. Belə bir ritorika ilə hər hansı danışıqlardan söhbət gedə bilməz. Liderlərin İstanbulda və ya Ankarada görüşməsi mümkün olsa da, Zelenski ilə Putinin ikitərəfli görüşü real görünmür. Çünki tərəflər bir-birinə psixoloji və patoloji nifrət edir. Putin Ukraynaya qarşı müharibə ilə kifayətlənmir, Zelenskinin şəxsiyyətinə qarşı da savaş həyata keçirir. Proses bundan ibarətdir və olduqca mürəkkəbdir. ABŞ çalışır ki, məsələni həll etsin, hələlik diplomatik proseslər danışıqlar müstəvisindədir”.
Mehriban Yariyeva
11:28 04.02.2026
Oxunuş sayı: 625