ABŞ-dən gözlənilməz açıqlama: Rza Pəhləviyə dəstək YOXDUR
ABŞ-nin Belçikadakı səfiri Bill Uayt Vaşinqtonun İran müxalifəti daxilində konkret heç bir siyasi lideri və ya qrupunu dəstəkləmədiyini açıq şəkildə bəyan edib.
Diplomat bildirib ki, ABŞ nə Rza Pəhləvini, nə də İran hakimiyyətinə müxalif olduğunu iddia edən digər iddialı şəxsləri dəstəkləyir. Bu mövqe Vaşinqtonun fərd mərkəzli siyasi layihələrə və Pəhləvi ailəsi ətrafında aparılan təbliğat cəhdlərinə məsafəli yanaşdığını bir daha nümayiş etdirir.
Bill Uayt bazar günü Brüsseldə İran hakimiyyətinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib. O, daha sonra “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-nin “konkret olaraq heç bir müxalif lideri dəstəkləmədiyini” xüsusi vurğulayıb.
Səfir qeyd edib ki, ABŞ-nin mövqeyi İran xalqının iradəsinə əsaslanır:
“Prezidentin də bildirdiyi kimi, aydın deməliyik ki, ABŞ konkret olaraq Rza Pəhləvini və ya hər hansı xüsusi müxalif lideri dəstəkləmir. Biz İranda yaşayan insanların özləri və ailələri üçün daha yaxşı gələcək qurmaq iradəsini dəstəkləyirik”, — deyə diplomat bildirib.
Brüsseldə keçirilən etiraz aksiyasında bəzi iştirakçıların şir və günəş simvolları olan bayraqlar, eləcə də Rza Pəhləvinin fotoları ilə tədbiri müəyyən siyasi xətt istiqamətinə yönəltməyə çalışdığı diqqət çəkib. Aksiya zamanı son repressiyaların qurbanlarının şəkilləri və bir neçə İsrail bayrağı da müşahidə olunub.
ABŞ tərəfi isə İranla bağlı siyasətinin ayrı-ayrı şəxslərə deyil, insan haqları, azadlıqlar və İran xalqının seçiminə dəstək prinsiplərinə əsaslandığını bir daha vurğulayıb
09:56 27.01.2026
Oxunuş sayı: 490