Rusiya–Ukrayna xəttində İstanbul variantı yenidən gündəmdə
Rusiya Ukrayna ilə dialoqu İstanbul platformasında davam etdirməyə açıqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin Avropa Əməkdaşlıq Departamentinin direktor müavini Aleksey Polişçuk RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Moskva danışıqlar prosesinə açıq qalır və Türkiyənin bu istiqamətdə göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirir.
Onun sözlərinə görə, 2025-ci ildə Ukrayna tərəfi İstanbulda aparılan danışıqları əhəmiyyətli irəliləyişin olmaması səbəbi ilə dayandırdığını elan edib.
Polişçuk eyni zamanda qeyd edib ki, Kiyev iyul ayından bəri Rusiyanın ikitərəfli atəşkəsin monitorinqi və nəzarət mərkəzinin yaradılması, eləcə də üç işçi qrupunun formalaşdırılması ilə bağlı təkliflərinə cavab verməyib.
O, həmçinin Moskvanın nümayəndə heyətlərinin səviyyəsini artırmaq təşəbbüsünün də Ukrayna tərəfindən cavabsız qaldığını xatırladıb.
Xatırladaq ki, daha əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların ikinci raundu Əbu-Dabidə başa çatıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, görüşdə hərbi əməliyyatlara son qoyulması üçün mümkün parametrlər müzakirə edilib.
Müzakirələr zamanı “bufer zonaları” və “müxtəlif nəzarət mexanizmləri” də gündəmdə olub.
19:07 24.01.2026
Oxunuş sayı: 400