Psixoloqlar falçılarla əlbirdir? -ARAŞDIRMA
Son dövrlər psixologiya sahəsi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq doğuran iddialar yayılmaqdadır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda bəzi şəxslərin psixoloq adı altında qeyri-elmi fəaliyyət göstərməsi, falçılıqla əməkdaşlıq etməsi və insanların etibarından sui-istifadə etməsi geniş müzakirələrə səbəb olub. Bu cür halların artması təkcə peşə etikası məsələsi deyil, eyni zamanda hüquqi və sosial təhlükə kimi də qiymətləndirilir.
Burada söhbət tək-tək şəxslərin davranışından yox, bütövlükdə cəmiyyətə təsir edən ciddi bir problemdən gedir. Mütəxəssislər bildirirlər ki, psixoloq adı altında aparılan qeyri-peşəkar fəaliyyətlər insanlarda elmə olan inamı sarsıdır, psixoloji yardım anlayışını gözdən salır və xurafatın yayılmasına zəmin yaradır.

Psixoloq Sibel Piriyeva bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, psixologiya elmi bir peşə sahəsidir və bu peşə yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən icra edilməlidir: "Psixoloqun etik kodeksinə əməl olunmasından əvvəl psixologiya elminin mahiyyəti düzgün şəkildə dərk edilməlidir. Universitetlərdə psixologiya üzrə təhsil alan tələbələrə birbaşa terapiya metodları öyrədilmir. Yəni, psixologiya ixtisasını yeni bitirmiş məzunların qarşısına dərhal bir pasiyent qoyulsa, onların müstəqil şəkildə terapiya aparması mümkün olmaz. Bu, onların savadsız olması demək deyil. Sadəcə olaraq, universitet təhsili bizə əsasən nəzəri biliklər verir. Bəziləri bunu tənqid edə bilər ki, niyə universitetlər praktikanı deyil, daha çox nəzəriyyəni öyrədir. Ancaq vurğulamaq lazımdır ki, psixologiya elminin mahiyyətini dərk etmək üçün ilkin mərhələdə nəzəri baza son dərəcə vacibdir. Əks halda, bu gün sosial şəbəkələrdə gördüyümüz kimi, elmi əsasdan uzaq yanaşmalar ortaya çıxır. Məsələn, bəzi şəxslər falçılarla əməkdaşlıq edir, bəzi “uşaq psixoloqları” müxtəlif kommersiya şirkətləri ilə işləyərək valideynlərə dərman və ya məhsullar tövsiyə edir, bundan həm maddi qazanc əldə edir, həm də insanları aldadırlar. Hətta “kişilər belədir, qadınlar elədir” kimi ümumiləşdirilmiş və elmi əsası olmayan fikirlər səsləndirilir".
O söyləyib ki, bütün bunlar psixologiya elmini dərindən anlamayan, bu sahədə nə etik, nə də elmi təhsil almayan insanların fəaliyyətidir: "Onlar bu sahə üzrə yetərli şəkildə yetişmədikləri üçün qeyri-elmi yanaşmalara, falçılıq kimi mövzulara meyl edirlər. Ümumiyyətlə, falçılar özlərində qeyri-adi gücə sahib olduqlarını düşünən şəxslərdir. Onlar sanki Allah tərəfindən xüsusi bir vəhy aldıqlarına inanır və bunu insanlara təlqin edirlər. Bu cür düşüncələr sağlam psixoloji düşüncə tərzinin göstəricisi deyil. Üstəlik, bunu gəlir mənbəyinə çevirmək, cəmiyyətin etibarından sui-istifadə etmək həm qanun pozuntusudur, həm də insanlara ciddi psixoloji və maddi zərər vurur".
Mütəxəssis əlavə edib ki, Psixoloqların falçılarla əməkdaşlıq etməsinin əsas səbəbi də adətən onların ali psixoloji təhsilinin olmamasıdır: "Sadəcə kurs bitirən şəxslər bu cür etik pozuntulara yol verirlər. Ali təhsilli psixoloqlar isə həm peşənin mahiyyətini dərk etdiklərinə, həm də psixoloqun etik kodeksini dərindən bildiklərinə görə pasiyentin anonimliyini və məxfiliyini hər zaman qoruyurlar. Buna heç bir ali təhsilli psixoloq xəyanət etməz. Çünki bu, onların peşəyə olan hörmətindən irəli gəlir. Dörd il ərzində bu dəyərlər psixoloqların şüuruna o qədər yeridilir ki, universiteti bitirdikdən sonra belə onların şəxsi keyfiyyətlərində müsbət dəyişikliklər müşahidə olunur. Məsələn, ailə daxilində və ya iş mühitində eşitdikləri şəxsi məlumatları üçüncü şəxslərlə heç vaxt paylaşmırlar.
Digər tərəfdən, psixoloqlar dinləməyi, səbirli olmağı və empatiya qurmağı öyrənirlər. Empatiya qurmaq hər kəsə asan görünə bilər, amma bu, ciddi məşq və təcrübə tələb edən bir bacarıqdır. Pasiyentlər bəzən ağır travmatik hadisələrdən danışırlar və psixoloq onları anlayaraq, dəstəkləyərək yenidən həyata bağlamalıdır. Eyni zamanda, hörmət anlayışı da psixoloqun peşəkar keyfiyyətlərində əsas yer tutur. Pasiyent nə söyləməsindən asılı olmayaraq, psixoloq ona qarşı heç vaxt hörmətsizlik edə bilməz. Bütün bunlar göstərir ki, psixologiya təhsili alan şəxsin həm peşəkar, həm də şəxsi keyfiyyətlərində ciddi dəyişikliklər baş verir. Bu xüsusiyyətlərə sahib olan, ali təhsilli və peşəkar psixoloq heç vaxt etikadan kənar davranışlara yol verməz".
Hüquqşünas Ramil Süleyanov məsələnin hüquqi tərəfi barədə danışarkən qeyd edib ki, bu əməl dələduzluq cinayətinin tərkibini yaradı: "Əgər vətəndaş, həqiqətən də, iddia irəli sürürsə, bu məsələ ilə bağlı müvafiq qaydada müraciət etməlidir. Yəni, daxili işlər orqanlarına və ya prokurorluq orqanlarına məruz qaldığı əməllə bağlı məlumat verməlidir. Həmin müraciət əsasında hüquq-mühafizə orqanları tərəfindən iş araşdırılmalı və əgər fakt öz təsdiqini taparsa, əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq cinayəti kimi qiymətləndiriləcəkdir. Bu halda, təqsirli şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə uyğun olaraq dörd min manatdan yeddi min manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər".

Sosioloq Rəvan Əliyevin fikrincə, söhbətlər insanların ağlını qarışdırır, inamını dağıdır. Adam psixoloqa gedir ki, dərdini desin, yüngülləşsin: "Amma eşidəndə ki, guya dediklərini falçıya ötürürlər, beynində dərhal şübhə yaranır: “Demək, heç kimə güvənmək olmur.” Belə olanda insan içinə qapanır, danışmaqdan qorxur, dərdini saxlayır. Qorxu, stress daha da artır. Psixoloqa olan inam ölür, falçıya isə əsassız ümid bağlanır. Bu işin kökündə adam aldatmaq dayanır. Falçı qorxu ilə, psixoloq adı isə etibarla işləyir. İkisini qatanda ortaya pul qazanmaq üçün insanın dərdindən istifadə çıxır. Axırda nə olur? dam düşünür ki, “hamısı eyni şeydir, həkim də, psixoloq da, falçı da.” Bu da cəmiyyət üçün bəladır. Elm hörmətdən düşür, xurafat baş qaldırır".
17:17 23.01.2026
Oxunuş sayı: 711