İqtisadçı: Bəziləri deyir ki, uşaqpulu bütün uşaqlı ailələrə verilməlidir, amma... - MÜSAHİBƏ
Son
illər pensiya, sosial müavinət, təqaüd və minimum əməkhaqqı kimi mövzular cəmiyyətdə
ən çox müzakirə olunan məsələlər sırasındadır. Xüsusilə pensiya yaşı, pensiya məbləğləri,
sosial sığorta mexanizmi və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı ətrafında
yaranan suallar ictimai narazılığın əsas səbəblərindən birinə çevrilib. Digər tərəfdən,
tələbə təqaüdlərinin inflyasiya fonunda real ehtiyacları qarşılamaması, minimum
əməkhaqqının yaşayış minimumu ilə uzlaşmaması və qeyri-formal məşğulluğun
sosial sistemə mənfi təsiri bu problemləri daha da dərinləşdirir.
Bütün
bu məsələlər bir nöqtədə kəsişir: mövcud sosial müdafiə və pensiya sistemi vətəndaşın
real sosial-iqtisadi ehtiyaclarını nə dərəcədə qarşılayır? Sosial sığorta ilə
sosial yardım arasındakı fərqlər niyə cəmiyyətdə bu qədər qarışdırılır? Pensiya
kapitalı, pensiya yaşı və sosial ödənişlərin hesablanma mexanizmləri hansı
prinsiplərə əsaslanmalıdır?
Bütün
bu məsələlərlə bağlı iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a
geniş müsahibə verib:
- - Mövcud pensiya sistemi haqqında
nə düşündürsünüz? Sizcə, pensiya sistemi vətəndaşların real ehtiyaclarını nə dərəcədə
ödəyir?
- - 2006-cı ildə Azərbaycanda iki mühüm qanun qəbul
olundu: “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlar.
Buna qədər ölkədə mövcud olan pensiya sistemində həm sosial yardım sistemi, həm
də sosial sığorta sistemi bir yerdə fəaliyyət göstərirdi. Lakin 2006-cı ildə, ölkəmizdə,
fikrimcə, çox uğurlu bir islahat həyata keçirildi. Həmin islahat nəticəsində
sosial yardım sistemi ilə sosial sığorta sistemi bir-birindən ayrıldı. Az əvvəl
qeyd etdiyim qanunların qəbulu məhz buna imkan yaratdı. Bu islahatlardan sonra
sosial sığorta dedikdə biz əsasən pensiya təminatını nəzərdə tuturuq. Sosial
yardım isə müavinətləri, kompensasiyaları, güzəştləri və s. nəzərdə turur. Sosial
yardım deyəndə, insanların göz önünə daha çox müavinətlər gəlir. Müavinətlərin
verilməsi iki əsas qurum tərəfindən həyata keçirilir: Dövlət Sosial Müdafiə
Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Məlum olduğu kimi, Dövlət
Sosial Müdafiə Fondu əvvəllər müstəqil bir qurum kimi fəaliyyət göstərirdi.
Hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyətini
davam etdirir. Dövlət Sosial Müdafiə Fondu sosial sığorta stajı olan şəxslərə,
yəni əmək stajı olan və sosial sığorta haqqı ödəyən insanlara pensiya və müavinətlər
verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə müvafiq kateqoriyalar (əmək
stajı olmayan) üzrə olan şəxslərə müavinətlər təyin edir. Yəni müavinətlər iki əsas
növə bölünür. Birincisi, sosial sığorta əsasında verilən müavinətlərdir. Bunlar
kimlərə verilir? Məsələn, işləyən qadınların uşaq dünyaya gətirəndə, analıq məzuniyyətinə
çıxanda aldıqları müavinətlər məhz sosial sığorta ayırmaları əsasında müəyyənləşdirilir
və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. İkinci növ isə sosial
yardım əsasında verilən müavinətlərdir. Məsələn, Ünvanlı dövlət sosial yardımı,
əlilliyi olan şəxslərə, şəhid ailələrinə verilən müavinətlər və s. Bu
kateqoriyaya aid olan şəxslərə isə müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən verilir. Burada əsas fərq nədən ibarətdir? Əsas fərq ondan
ibarətdir ki, sosial sığorta əsasında verilən müavinət və pensiyalar üçün işləmək
və sığorta stajı toplamaq şərtdir. 2006-cı ildən sonrkı dövrdə fəaliyyət göstərən
pensiya sistemi məhz bu prinsipə əsaslanır. Əgər şəxsin sosial sığorta stajı
yoxdursa, yəni işləməyibsə və sığorta haqqı ödəməyibsə, ona pensiya verilmir.
Belə şəxslər 65 yaşına çatdıqda yaşa görə müavinət alırlar. Bəzən insanlar pensiya
ilə müavinəti qarışdırırlar. Deyirlər ki, 65 yaşına çatanda pensiya alacam.
Amma bu yalnış yanaşmadır. Əslində onların alacağı pensiya deyil, müavinətdir. Və
həmin yaşa görə müavinətin məbləği, yaşa görə pensiyadan xeyli aşağıdır. Çünki
yaşa görə pensiya alan şəxslər illərlə işləyərək Dövlət Sosial Müdafiə Fonduna sosial
sığorta haqqı ödəyiblər. Pensiya da məhz bu əsasda formalaşır. Ona görə də bu
iki sistem tamamilə fərqlidir. Qeyd etdiyim kimi, sosial yardıma daxil olan
müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə dövlət büdcəsinin
vəsaitləri hesabına ödənilir. Sosial sığorta əsasında verilən müavinətlər isə
bizim öz ödədiyimiz sosial sığorta haqları hesabına formalaşır. Əgər sığorta
stajı yoxdursa, bu müavinətlərdən də istifadə etmək mümkün deyil. Məsələn, üç
yaşadək uşağa qulluğa görə verilən müavinətlər sosial sığorta əsasında olan
müavinətlərdir və yalnız işləyən qadınlara şamil edilir.
- - Bəs aztəminatlı ailələrə,
işləməyən şəxslərə, uşaq və digər həssas qruplara nə verilir?
- - Bu artıq dövlətin sosial
təminat sisteminə aid məsələdir. Burada sığorta stajının olub-olmaması şərt
deyil. Aztəminatlı ailələrə, işləməyən şəxslərə ödənilən vəsait sosial müavinətlərdir.
Bu gün Azərbaycanda çox mühüm bir mexanizm mövcuddur - Ünvanlı dövlət sosial yardımı.
Bu mexanizm pensiya və ya sosial sığorta ilə bağlı deyil. Bu, dövlətin öz vətəndaşına
göstərdiyi birbaşa sosial dəstəkdir. Dövlətin sosial funksiyaları var və dövlət
öz vətəndaşının qoruyucusu rolunda çıxış etməlidir. Əgər insan yoxsuldursa,
dünyanın istənilən yerində, sosial-iqtisadi sistemindən asılı olmayaraq, dövlət
onun minimum yaşayışını təmin etməlidir. Bu məqsədlə müəyyən vəsait ödənilir
ki, insanlar yaşaya bilsin. Bəzi ölkələrdə işsizliyə görə müavinət, “uşaq pulu”
və s. verilir. Azərbaycanda işsizliyə görə müavinət verilir. Uşaq pulu məsələsinə
gəldikdə isə, 2006-cı ilə kimi bütün uşaqlara çox cüzi bir məbləğdə “uşaq pulu”
verilirdi, lakin onun əvəzində 2006-cı ildə ünvanlı dövlət sosial yardım
mexanizmi tətbiq olundu. Düzdür, mən öz çıxışlarımda bu mexanizmi tənqid edirəm.
Əslində Ünvanlı dövlət sosial yardımı çox faydalı bir mexanizmdir. Məsələn,
Baltikyanı ölkələrdə və hətta qardaş Özbəkistanda bu mexanizm səmərəli şəkildə
fəaliyyət göstərir. Sadəcə Azərbaycanda ünvanlı dövlət sosial yardımı
mexanizminin tətbiqində və verilmə prosedurlarında müəyyən nöqsanlar mövcuddur.
Bu da əsasən məmur–vətəndaş münasibətləri ilə bağlı problemlərdən qaynaqlanır. Ünvanlı
dövlət sosial yardımı dövlət büdcəsi hesabına ödənilir. Bu yardımdan
faydalanmaq üçün ailənin adambaşına düşən orta aylıq gəliri
dövlət tərəfindən müəyyən edilən ehtiyac meyarından aşağı
olmalıdır. Lakin bu mexanizm uşaqlara görə ayrıca ödənişi nəzərdə tutmur. Ən
çox müzakirə olunan və vətəndaşların dövlətdən gözləntisi də məhz uşaqlara görə
müavinət məsələsidir. Bu isə mübahisəli mövzudur. Bəziləri deyir ki, uşaq pulu bütün
uşaqlı ailələrə verilməlidir. Amma bu vəsaitin bütün uşaqlı ailələrə verilməsi
sosial ədalət prinsipini müəyyən qədər poza bilər. Məndən iqtisadçı kimi
fikrimi soruşanda deyirəm ki, uşaqlara görə müavinətlərin verilməsi zəruridir.
Amma bu, müəyyən meyarlar əsasında həyata keçirilməlidir. Avropa ölkələrində,
habelə qonşu ölkələrin əksəriyyətində bu mexanizm mövcuddur. Ölkəmizdə ailə
başçısını itirən şəxslərin heç bir əmək stajı olmasa belə, ailə başçısını itirməyə
görə onun övladları sosial müavinət alırlar. Düzdür, müavinətlərin məbləği
mübahisəlidir və bu məsələ iqtisadçılar, mütəxəssislər arasında geniş
diskussiya predmetidir. Çünki bu müavinətlərin əksəriyyətinin məbləği ölkədə müəyyən
olunmuş yaşayış minimumundan aşağıdır. Bunu sosial ədalət nöqteyi-nəzərindən
doğru hesab etmirəm. Çünki ölkədə aztəminatlılıq həddi “Yaşayış minimumu
haqqında” Qanuna əsasən yaşayış minimumu ilə müəyyən edilir. Yaşayış minimumu nədir?
Bu, insanın ən zəruri ehtiyaclarını (minimum səviyyədə) ödəyə
bilməsi üçün lazım olan aylıq pul məbləğidir. Lakin əksər
sosial müavinətlərin məbləği bu göstəricidən aşağıdır. Ddüşünürəm ki, bu
yanaşma zamanla özünü doğrultmayan, köhnəlmiş bir yanaşmadır. Bəli, zaman-zaman
müavinətlərin məbləğində artımlar olur, bunu inkar etmək olmaz. Amma problem
ondadır ki, paralel şəkildə ölkədə inflyasiya olur, ərzaq və qeyri-ərzaq məhsullarının
qiymətləri artır, ümumilikdə ölkədə qiymət artımı müşahidə edilir. Bu halda
müavinətlərdəki artım, demək olar ki, hiss olunmur. Ona görə də düşünürəm ki,
sosial müavinətlərin məbləği yaşayış minimumuna uyğunlaşdırılmalıdır. Bir vacib
məqama da toxunum. 2005-cı ildə ölkəmizdə “Ünvanlı dövlət sosial yardımı
haqqında” Qanun qəbul olunub. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda
“ehtiyac meyarı” deyilən bir anlayış müəyyən edilib, yəni ayrıca bir sosial normativ
formalaşdırılıb. Bu məsələni vaxtilə tənqid etmişdim. Çünki həmin ehtiyac
meyarı yaşayış minimumundan aşağı idi. Ünvanlı dövlət sosial yardımı veriləndə
ailələrə adambaşına düşən gəlirlə ehtiyac meyarı arasındakı fərq qədər ödənilirdi.
Mən də deyirdim ki, bu düzgün deyil. Əgər biz bu yardımı veririksə, ölkədə
yaşayış minimumu adlı rəsmi bir normativ varsa, ehtiyac meyarı onunla bərabərləşdirilməlidir.
Sevindirici haldır ki, illər sonra, 2024-cü ildə bu məsələ, nəhayət ki, həll
olundu və ehtiyac meyarı yaşayış minimumuna bərabərləşdirildi. Yaşayış minimumu
onsuz da minimal həddir. Ondan da aşağı vəsait vermək o deməkdir ki, bu
minimumu müəyyən etməyin özü mənasızlaşır. Bu minimum ona görə müəyyənləşdirilib
ki, insan bir ay ərzində lazımi qida qəbul etsin, sağlamlığını qorusun, xəstələnməsin.
Çünki insan gündəlik enerji tələbatını (orta hesabla 2000-2200 kkal) uzun müddət
ödəyə bilmədikdə immunitet sistemi zəifləyir və xəstəliklərin yaranma riski
artır. Xəstə insanı müalicə etmək isə sağlam insanı qorumaqdan daha baha başa gəlir.
Ona görə də hesab edirəm ki, bütün sosial müavinətlərin məbləği, xüsusilə ailə
başçısını itirmiş, işləməyən, gəliri olmayan ailələr üçün adekvat olmalıdır.
-
Azərbaycanda işsizlik
mövzusuna “toxunmanızı” istərdik…
-
Ölkəmizdə mövcud
olan sosial-iqtisadi problemlərdən biri də işsizlikdir. Ən çox da bu mövzu ilə
bağlı iqtisadçılardan ekspert rəyləri, müsahibələr alınır. Xüsusilə həssas
qruplardan olan qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı problemlər
ciddi xarakter daşıyır. Ailə başçısını itirmiş və bir neçə uşaqlı ailəyə verilən
müavinətlə qadın həmin uşaqları böyüdə, onları normal şəkildə təmin edə bilərmi?
Əksər hallarda ailə başçısını itirmiş və ali təhsili olmayan qadın işləyə
bilmir, işləsə də aldığı əməkhaqqı çox aşağı olur. Dövlət Statistika Komitəsinin
məlumatlarına görə, Azərbaycanda 2023-cü ildə minimum əməkhaqqından
aşağı əməkhaqqı alanların sayı 39208 (2,4%), minimum əməkhaqqı civarında
(345-400 manat) maaş alanların xüsusi çəkisi isə 25,2% olmuşdur. Müvafiq ildə
1000 manata kimi maaş alanların xüsusi çəkisi 77,0% təşkil etmişdir. Deməli,
ölkədə məşğulların əksəriyyəti 1000 manata kimi əməkhaqqı alanlardır. Azərbaycanda
orta statistik ailə 4 nəfərdən ibarət ailə hesab edilir. Belə olduqda məşğulların
təqribən 80%-nin aldığı əməkhaqqının ailə üzvlərinə düşən məbləği adambaşına
250 manatdan da az olmuşdur. Bu isə Azərbaycanda aztəminatlığın həddini müəyyən
edən yaşayış minumumunun (270 manat) 2024-cü il üçün olan göstəricisindən də
aşağıdır. Buna görə də bəzən deyirlər ki, iş yeri
var, amma insanlar işləmək istəmirlər. Bunun səbəbi çox sadədir: əməkhaqqı
dolanışığa imkan vermir. İşsizlik mövzusunu dəfələrlə gənclərlə diskussiya etmişəm.
Deyirlər ki, 400 manat maaşla işləmək mənasızdır - yol pulu, nahar xərci, işin
məsuliyyəti bunu üstələyir. Elə iş yerləri var ki, yüksək əməkhaqqı təklif
edir, amma uyğun kadr tapılmır. Azərbaycanda bu cür iş yerlərinin sayı azdır,
amma mövcuddur. Təbii ki, bu da ayrı bir sosial problemdir. XXI əsr rəqəmsallaşma
dövrüdür, insanlardan daha yüksək bilik və bacarıqlar tələb olunur. Yüksək əməkhaqqı
da məhz bu bacarıqlara sahib olanlara verilir. Amma sual budur: insanlarımız bu
tələbləri ödəyə bilirmi? Əksəriyyəti yox. Belə olan halda dövlət dövrəyə girməlidir.
İnsanların yenidən hazırlanması, ixtisasartırma, peşə yönümlü proqramlar genişləndirilməlidir.
Düzdür, deyə bilərsiniz ki, bu sahədə müəyyən addımlar atılır. İnsanlar Dövlət
Məşğulluq Xidmətinə müraciət edəndə işsiz kimi qeydiyyata alınır və müəyyən
kurslara göndərilirlər. Amma təəssüf ki, bu gün Azərbaycanda peşə məktəblərinin
verdiyi bilik və bacarıqlar əmək bazarının real tələbləri ilə tam üst-üstə
düşmür. Son illər müəyyən inkişaf var: binalar, avadanlıqlar, ixtisaslar yenilənib.
Amma yenə də əmək bazarı ilə uyğunsuzluq problemi qalır. Məşğulluq probleminin
həlli üçün iqtisadiyyatın diversifikasiyası, regionların sosial-iqtisadi
inkişafının gücləndirilməsi, insan kapitalına qoyulan investisiyaların
artırılması zəruridir.
-
İnsanlar işlədiyi müddət ərzində
onların pensiya kapitalı formalaşır. Bu kapitalı birdəfəlik almaq mümkündürmü?
Ümumiyyətlə, bu mexanizm necə tənzimlənir?
-
Azərbaycanın pensiya
sistemində son illərdə bir sıra islahatlar aparılıb. Pensiya sistemində,
ümumiyyətlə sosial müdafiə sistemində mənim ən çox bəyəndiyim nüanslardan biri
rəqəmsallaşmadır. Rəqəmsallaşma yüksək səviyyədədir. DOST mərkəzlərində vətəndaş
məmnuniyyəti 98 faizdən yuxarıdır. Doğrudan da şəffaflıq, xidmətlərin keyfiyyəti
və avtomatlaşdırılması yüksək səviyyədədir. Məsələn, insanın pensiya yaşı
çatır, ona mesaj gəlir ki, siz pensiya təminatı ilə əhatə olunmusunuz. DOST mərkəzinə
müraciət edərək, bir pəncərə prinsipi ilə sənə xidmət göstərilir;
sənə aid pensiya və sosial təminat məlumatlar avtomatlaşdırılmış sistem
vasitəsilə hesablanır. Yəni proses çox rahatdır. Qeyd edim ki, Azərbaycanda
ailə başçısını itirməyə görə əmək pensiyaları mövcuddur. Əgər müvafiq şərtlər
ödənirsə, təbii ki, ailə həmin şərtlər daxilində bu pensiyanı ala bilir. Amma
bizim vətəndaşı ən çox düşündürən nədir? Tutaq ki, ata vaxtından əvvəl vəfat
edir. Övlad və ya həyat yoldaşı deyir ki, mən gedim pensiya kapitalını götürüm.
Axı orada kifayət qədər vəsait yığılıb. Xüsusilə kişilər arasında ölüm səviyyəsi
yüksəkdir. Mən bunu bir neçə verilişdə də demişəm. Dövlət Statistika Komitəsinin
verdiyi məlumatlara görə, kişilərin təxminən yarısı pensiya yaşına çatmadan
dünyasını dəyişir. Qadınlarda bu göstərici nisbətən aşağıdır. Məşğul əhali
arasında ölüm səviyyəsi ilə bağlı ayrıca statistika açıqlanmır. Yəni işləyən
kişilər arasında bu göstərici nə qədərdir – bununla bağlı rəsmi rəqəmlər yoxdur.
Amma fakt fakt olaraq qalır. Məsələn, tutaq ki, Həsən kişi vəfat edir. Onun
oğlu deyir ki, mən gedim atamın pensiya kapitalını götürüm, axı bu onun halal
pulu idi. Məhz buna görə mən əvvəl də sosial sığorta ilə sosial yardımın fərqi
üzərində bu qədər geniş dayandım. Çünki pensiya bizim özümüzün işləyərək
qazandığımız təminatdır. Mənim əməkhaqqımdan 3 faiz sosial sığorta haqqı
tutulur, işəgötürən isə mənim üçün əlavə olaraq 22 faiz sosial sığorta haqqı ödəyir.
Bu vəsaitlər yığılır. İnsan bir neçə yerdə işləyirsə, aldığı bütün əməkhaqqlarından
sosial sığorta haqqı ödəyir. Bunun yaxşı tərəfi odur ki, bütün bu vəsaitlər fərdi
hesabda toplanır. Nə qədər çox sosial sığorta haqqı ödəyiriksə, pensiyaya
çıxanda aldığımız pensiya məbləği də bir o qədər yüksək olur. Qeyd edim ki, son
illərdə pensiyaya çıxan insanlar daha yüksək pensiya alırlar. Lakin həmrəylik prinsipinə
əsaslanan köhnə “bölüşdürücü” pensiya sisteminə görə insanların pensiyası
minimal idi. Tanışlarım var ki, deyirlər: “40 il işləmişəm, amma bu gün cəmi
320 manat pensiya alıram”. Açıq etiraf edək ki, 320 manat bugünkü reallıqda çox
aşağı məbləğdir. Əlavə kömək və ya kənar dəstək olmasa, bu vəsaitlə normal
yaşamaq mümkün deyil. Ona görə də insanlar sual verir: “Mən niyə o kapitalı
almayım”. Xarici ölkələrdən misallar gətirirlər. Azərbaycanın pensiya qanunvericiliyində bu mexanizm nəzərdə tutulmayıb.
Yəni vəfat etmiş şəxsin pensiya kapitalının varislər tərəfindən birdəfəlik
götürülməsi hüququ yoxdur. Məsələn, bəzi ölkələrdə beynəlxalq təcrübəyə əsasən,
əgər insan sağalmaz xəstəliyə tutulubsa, pensiya yığımının bir hissəsini
vaxtından əvvəl götürə bilir. Yaxud ipoteka kreditinin ödənilməsində çətinlik çəkirsə,
həmin vəsaitdən qismən istifadə etmək imkanı olur. Tam məbləğin çıxarılmasına
icazə verilmir. Çünki bu, maliyyə dayanıqlığı üçün risk yaradır. Onu da qeyd
edim ki, Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı hələ ideal vəziyyətdə
deyil. Doğrudur, son illərdə sərbəst vəsaitlər investisiyaya yönəldilir.
Bununla belə, Fond hələ də dövlət büdcəsindən asılıdır. Sevindirici haldır ki,
bu asılılıq ildən-ilə azalır və dövlət büdcəsindən DSMF-yə ayrılan transfertlərin
həcmi tədricən aşağı düşür. Əslində belə də olmalıdır. DSMF mahiyyət etibarilə
yığım fondudur və özünü maliyyələşdirən bir quruma çevrilməlidir. Bunun əsas
yolu ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin minimuma endirilməsidir. Son
illərdə bu istiqamətdə müxtəlif strategiyalar və mübarizə tədbirləri həyata
keçirilir. Xüsusilə pandemiya dövründə tətbiq edilən sosial dəstək mexanizmi
zamanı bir sıra nüanslar üzə çıxdı və qeyri-formal məşğulluğun miqyası müəyyən
qədər azaldıldı. Baxmayaraq ki, son illərdə sosial sığortaya cəlb olunanların
sayı artıb, lakin mütəxəssislərin hesablamalarına görə, ölkədə qeyri-formal məşğulluğun
səviyyəsi təxminən 30 faizdir və bu, kifayət qədər ciddi rəqəmdir. Əgər bu kəsim
formal məşğulluğa cəlb edilərsə, Dövlət Sosial Müdafiə Fondu tam şəkildə özünü
maliyyələşdirən bir quruma çevrilə bilər. Hətta artıq vəsaitlərin investisiyaya
yönəldilməsi nəticəsində əldə olunan gəlirlər hesabına həm Fondun maliyyə vəziyyəti
yaxşılaşar, həm də pensiyaçıların sosial müdafiəsi daha da gücləndirilə bilər.
Bir nüansı da qeyd edim. “Əmək pensiyaları
haqqında” Qanunda qeyri-dövlət pensiya təminatına qoşulmaq imkanı nəzərdə
tutulur, faktiki olaraq ölkədə bu mexanizm mövcud deyil. Çıxışlarımda dəfələrlə
demişəm: iqtisadiyyatı bizdən qat-qat zəif olan ölkələrdə belə bu sistem işləyir.
Ölkədə işləməyən insanlar var. Rəsmi iş yerləri yoxdur, amma gəlirləri
mövcuddur. Əgər qeyri-dövlət pensiya təminatı olsaydı, həmin şəxslər öz vəsaitlərini
ora yönəldə, gələcək üçün pensiya təminatı yarada bilərdi. Bu, dövlət üçün də
faydalıdır. Çünki dövlətin də sosial yükü azalır. Eyni zamanda ölkədə
investisiya mühiti canlanır. Amma təəssüf ki, bu mexanizm Azərbaycanda yoxdur.
Hətta Ermənistanda belə qeyri-dövlət pensiya təminatı var. Ermənistanda özəl
pensiya fondlarının gəlirliliyi 10 faizdən yuxarıdır. Dövlət pensiya
fondlarının investisiya gəlirliliyi isə 6-7 faiz civarındadır. Özəl pensiya
fondlarının 10 faizdən yuxarı gəlirlilik göstərməsi artıq çox ciddi göstəricidir.
Bu o deməkdir ki, həmin ölkə səmərəli pensiya siyasəti həyata keçirir. Orada vəsaitlər
peşəkar idarəetmə şirkətləri tərəfindən müxtəlif maliyyə alətlərinə yönəldilir.
Az riskli, orta riskli və yüksək riskli investisiya alətləri mövcuddur ki, nəticədə
10 faizdən yuxarı gəlirlilik əldə etmək mümkündür. Bu halda həm dövlət qazanır,
həm də vətəndaş. Çünki dövlətin sosial yükü azalır, eyni zamanda vətəndaşların
sosial müdafiəsi güclənir. Ümumiyyətlə, dünyada ən yüksək gəlirlilik insan
kapitalına və uzunmüddətli investisiyalara yönələn vəsaitlərdə müşahidə olunur.
Bu da təxminən 10 faiz ətrafında dəyişir. Əgər özəl pensiya fondları düzgün
idarə olunursa, 10 faizdən yuxarı gəlirlilik tam realdır.

-
Tələbə təqaüdləri ilə
bağlı nə deyə bilərsiniz, müavinət artımları
onlara da aiddirmi? Təqaüd artımları necə tənzimlənir?
-
Cəmiyyətdə tələbə
anlayışı adətən aztəminatlı kateqoriya kimi qəbul olunur. Bu təsəvvür təsadüfi
deyil. Ölkəmizdə müxtəlif iqtisadi sistemlərdə tələbənin maddi vəziyyəti heç
zaman yaxşı olmayıb. Bu da, onların təqaüdlərinin azlığı ilə bağlıdır. Təqaüdlərin
məbləğinin müəyyənləşdirlməsi zamanı tələbənin gündəlik xərcləri, yaşayış və
qidalanma ehtiyacları nəzərə alınmalıdır. Təqaüdlərin məbləği də məhz bu günün
reallıqlara uyğun müəyyənləşdirilməlidir. Doğrudur, bir neçə ildən bir tələbə təqaüdlərində
artımlar edilir. Amma niyə bu artımlar hər il olmur? Bu artıq hökumətin səlahiyyətində
olan məsələdir. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, tələbə təqaüdləri hər
il ölkədəki istehlak qiymətləri indeksinə uyğun şəkildə artırılmalıdır. Heç
olmasa bu mexanizm tətbiq edilməlidir. Sevindirici haldır ki, ölkəmizdə
pensiyalar hər il indeksasiya olunur. Bu qanunvericilikdə də təsbit edilib.
Amma tələbə təqaüdləri ilə bağlı belə bir mexanizm mövcud deyil. Tələbə təqaüdlərində
zamandan-zamana 10 manat, bəzən 15 manat artım edilir. Bu isə real xərcləri
qarşılamır. Çünki ölkədə inflyasiya həmin 10-15 manatı faktiki olaraq “görünməz”
edir, hətta deyərdim ki, təsiri daha da dərinləşdirir. Ona görə də düşünürəm
ki, ilkin mərhələdə bəzi tələbə təqaüdlərinin məbləği ən azı yaşayış minimumuna
yaxınlaşdırılmalıdır. Bu daha ədalətli olardı. Axı tələbələr də aztəminatlı
sosial qrup hesab olunur. Ümumiyyətlə, Azərbaycanda təkcə tələbə təqüdlərinin
deyil, bir sıra sosial göstəricilərin hansı mexanizmlə hesablandığı cəmiyyət
üçün aydın deyil. Məsələn, yaşa görə verilən müavinət. Hansı göstəriciyə əsasən
müəyyənləşdirilir? Əslində yaşa görə müavinət yaşayış minimumu əsasında müəyyənləşdirilməlidir.
Eləcə də ailə başçısını itirməyə görə uşaqlara verilən müavinətlər. Hansı sosial-iqtisadi
göstəriciyə əsasən hesablanır? Zaman-zaman müəyyən artımlar edilir, inflyasiyanın
bir hissəsi kompensasiya olunur, amma bu da mütəmadi xarakter daşımır. Məsələn,
heç uzağa getməyək, minimum əməkhaqqını götürək: Minimum əməkhaqqı da əslində hər
il artırılmalıdır. Bu günə qədər Azərbaycanda minimum əməkhaqqı Avropa Sosial
Xartiyasının tələblərinə cavab vermir. Halbuki biz Avropa Sosial Xartiyasını
ratifikasiya etmişik. Həmin sənədə əsasən, minimum əməkhaqqı ölkə üzrə orta
aylıq əməkhaqqının azı 60 faizi səviyyəsində olmalıdır. Bu gün isə Azərbaycanda
bu göstərici təxminən 40 faiz civarındadır. Sual yaranır: niyə? Niyə bir il
artırılır, bir il artırılmır? Amma reallıq ondan ibarətdir ki, ölkədə hər il
inflyasiya var. Az və ya çox, müəyyən bir səviyyədə inflyasiya mövcuddur. Minimum
əməkhaqqı da ən azından həmin inflyasiya səviyyəsinə uyğun artırılmalıdır.
Çünki minimum əməkhaqqının artırılması avtomatik olaraq dövlət sektorunda
çalışanların maaşlarına təsir edir. Eyni zamanda özəl sektorun işçilərinin bir
qismi də bundan faydalanır, amma əsas təsir dövlət sektorunda hiss olunur.
Artım böyük məbləğ olmasa belə, sosial müdafiə baxımdan əhəmiyyətli təsir göstərir.
-
Bu gün pensiya yaşının
artırılmasından həm qadınlar, həm də kişilər narazıdır. Bu nəyə əsasən müəyyənləşdirilir.
Sizcə, Azərbaycanda pensiya yaşı neçə olmalıdır?
- Pensiya mövzusu üzrə bir mütəxəssis kimi hər verilişdən, hər çıxışdan sonra saysız-hesabsız məktublar, mesajlar alıram. Xüsusilə yaşlı müəllimlərdən, 60 yaş ətrafında olan şəxslərdən. Sertifikasiya imtahanlarından sonra bu müraciətlər daha da artıb. İnsanlar xahiş edirlər ki, pensiya yaşının aşağı salınması məsələsini gündəmə gətirim. Amma mən deputat deyiləm ki, Milli Məclisdə bu məsələni qaldırım. Fakt odur ki, pensiya yaşından şikayət edənlərin sayı çoxdur. Doğrudur, bəzi insanlar pensiya yaşları çatsa da, işləmək istəyirlər. Məsələn, bəzi müəllimlər, bəzi həkimlər. Həkimlər üçün bu baxımdan müəyyən rahatlıq var. Çünki onlar pensiyaya çıxdıqdan sonra özəl sektorda işləyə bilirlər, özəl xəstəxanaların sayı çoxdur. Müəllimlər üçün isə bu, bir qədər çətindir. Düzdür, 5 il müddətinə müqavilə əsasında işləmək imkanı verilir. Amma bu, ümumi mənzərəni əks etdirmir. Amma fakt odur ki, pensiya yaşından şikayət edənlərin sayı çoxdur. Lakin elə insanlar var ki, 70 yaşında da sağlamdırlar, enerjilidirlər, işləmək istəyirlər və kifayət qədər təcrübələri var. Bu, ola bilsin ki, əsaslandırıla bilən haldır, amma bu insanlar çox kiçik bir kəsimi təşkil edir. Əksəriyyət deyil. Amma bir məsələ də var axı. Baxın, hər il pedoqoji universitetlərimiz bu qədər müəllim yetişdirir. Bu insanlar harada işləsinlər? Bir qismi kurslarda işləyə bilər. Amma məktəblərdə vakansiyalar olmalıdır ki, gənc müəllimlər işlə təmin edilə bilsinlər. Siz bilirsiniz ki, Bakıda vakansiya tapa bilməyən insanlar var ki, gedib hansısa ucqar kənddə işləməyə məcbur olurlar. Ailəsi, uşaqları Bakıda qalır. Bu, həm ailəyə, həm uşaqlara, ümumilikdə cəmiyyətə təsir edir. İndi, gəlin, baxaq: pensiya yaşı dünya praktikasında necə müəyyənləşdirilir? Dünyada pensiya yaşının müəyyənləşdirilməsinin əsas göstəricisi doğulanda gözlənilən ömür uzunluğudur. Əgər doğulanda gözlənilən ömür uzunluğu artırsa, onda pensiya yaşını artırmaq olar. Və bu iki göstərici arasında müəyyən fərq saxlanılır. Qeyd edim ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyəti ilə müqayisədə ən aşağı göstərici (yəni doğulanda gözlənilən ömür müddəti ilə pensiya yaşı arasındakı fərq) Azərbaycandadır. Avropa ölkələrində bu fərq 15-20 il təşkil edir. Amma biz pensiya yaşını artırmaqda davam edirik. Kişilərin pensiya yaşını 65-ə çatdırdıq. Bilirsiniz ki, 2027-ci ildən etibarən qadınlar üçün də pensiya yaşının artırılması prosesi dayandırılacaq və 65 yaşda sabitləşəcək. Düşünürəm ki, ölkəmizdəki pensiya yaşı çoxdur. Düzdür, bir çox ölkələrdə qadın və kişi üçün pensiya yaşı bərabərdir. Elə ölkələr də var ki, qadınların pensiya yaşı daha aşağıdır, kişilərin isə daha yuxarıdır. Bizdə tarixən qadınların pensiya yaşı aşağı olub, kişilərin isə daha yüksək. Amma son illərdə pensiya yaşının bərabərləşdirilməsi tendensiyasını görürük. Olsun, mən bərabərləşmənin əleyhinə deyiləm. Çünki gender bərabərliyindən, qadın və kişi hüquqlarının bərabərliyindən danışırıq. Amma göstəricilərə baxanda görürük ki, pensiya yaşı ilə doğulanda gözlənilən ömür uzunluğu arasındakı fərq Azərbaycanda azdır. Bu isə ciddi sosial-iqtisadi nəticələr yaradır. Ona görə də pensiya yaşının artırılmasını bugünkü Azərbaycan reallığında heç də təqdir etmirəm. Mən başa düşürəm ki, dövlətin sosial yükü var, büdcə xərcləri var və s. Amma vətəndaşın da öz dövlətindən gözləntisi böyükdür. Dünyanın heç bir ölkəsində, hətta ən liberal ölkələrdə belə sosial məsələlər tamamilə bazarın öhdəsinə buraxılmır. Dövlət bu sahədə məsuliyyət daşıyır. Dövlət öz vətəndaşını işsizlikdən, yoxsulluqdan qorumalıdır, sosial müdafiə etməlidir. Vətəndaş nəyə arxalanmalıdır? Vətəndaşın sığınacağı dövləti olmalıdır. Bir keys üzərindən davam edək. Bu yaxınlarda bir qadınla tanış oldum. Övladı yoxdur, tək yaşayır. Deyir ki, minimal pensiya alıram, mən bu pulla necə yaşayım? Heç kimim yoxdur. Onun aldığı pensiya ilə yaşamaq mümkün deyil. Demirəm ki, sosial ödənişlər minimum əməkhaqqı səviyyəsində olsun. Bu, sosial ədalət baxımından düzgün olmaz, çünki minimum əməkhaqqı işləyənlərə aiddir. Amma yaşayış minimumu qədər olması zəruridir. Hələ onu da demirəm ki, bizdə yaşayış minimumunun məbləği də diskussiya predmetidir. Müstəqil beyin mərkəzlərinin, analitik qurumların hesabladığı yaşayış minimumu daha yüksəkdir.
16:32 21.01.2026
Oxunuş sayı: 1836