Dabaq xəstəliyi ilə mübarizənin effektiv yolu açıqlandı
Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilməsi ölkəmizin səhiyyə sahəsində beynəlxalq əməkdaşlığını gücləndirir. Bu addım yalnız prestij baxımından deyil, həm də praktiki nəticələr baxımından böyük əhəmiyyət daşıyır. Komissiyaya üzv olmaq Azərbaycan üçün qabaqcıl təcrübə və bilik mübadiləsi imkanları yaradır, xəstəliklərin aşkarlanması, qarşısının alınması və müalicəsi sahəsində beynəlxalq standartlara uyğun strategiyaların hazırlanmasına dəstək verir. Eyni zamanda, belə əməkdaşlıq ölkəmizin səhiyyə sisteminin səmərəliliyini artıraraq, Dabaq və digər yoluxucu xəstəliklərlə mübarizəni daha effektiv etməyə imkan yaradacaq.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanın Avropa Komissiyası yanında fəaliyyət göstərən Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilməsi ölkədə heyvan sağlamlığı və epizootik xəstəliklərlə mübarizə baxımından müsbət addım hesab oluna bilər. Dabaq (RED: heyvanlarda yayılan çox yoluxucu virus xəstəliyi) kənd təsərrüfatı və heyvandarlıq üçün ciddi risk yaradır. Belə beynəlxalq komissiyalarda iştirak etmək ölkəyə bir neçə istiqamətdə fayda verə bilər. İlk növbədə, üzv ölkələr arasında xəstəliklərin yayılması, yeni ştamlar, profilaktika və nəzarət üsulları ilə bağlı məlumat mübadiləsi daha operativ olur. Bu isə mümkün epidemiyaların qarşısını vaxtında almağa kömək edir".
Ekspert əlavə edib ki, digər tərəfdən, komissiyada iştirak edən ölkələr üçün müasir laboratoriya metodları, peyvənd strategiyaları və monitorinq sistemləri ilə bağlı tövsiyələr və texniki dəstək almaq imkanları da genişlənir: "Bu da ölkədə baytarlıq xidmətlərinin gücləndirilməsinə və xəstəliyin erkən aşkarlanmasına kömək edə bilər. Bununla yanaşı, belə üzvlük beynəlxalq ticarət baxımından da əhəmiyyətlidir. Çünki heyvan və heyvan mənşəli məhsulların ixracında xəstəliklərə nəzarət sisteminin beynəlxalq standartlara uyğun olması mühüm rol oynayır. Lakin təkcə komissiyaya üzv olmaq problemin tam həlli demək deyil. Əsas məsələ bu platformadan əldə olunan bilik və təcrübənin ölkə daxilində effektiv tətbiq olunması, nəzarət sistemlərinin gücləndirilməsi və fermerlər arasında maarifləndirmənin aparılmasıdır. Bu halda üzvlük real nəticələr verə və dabaq xəstəliyi ilə mübarizəni daha effektiv edə bilər".
Ayhan
11:47 12.03.2026
Oxunuş sayı: 57