SOCAR ABŞ bazarına çıxır: hədəf bəlli oldu
Azərbaycanın enerji sektoru ölkənin iqtisadi inkişafında və beynəlxalq siyasətdə strateji rol oynayır. Xüsusilə neft və qaz sənayesi, həmçinin ənənəvi enerji mənbələrinin inkişafı ölkənin regional və qlobal enerji təhlükəsizliyində iştirakını təmin edir. Bu baxımdan SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti – təkcə yerli enerji bazarının formalaşmasında deyil, eyni zamanda beynəlxalq əməkdaşlıqların qurulmasında da aparıcı rol oynayır.
Son dövrlərdə ABŞ şirkətləri ilə həyata keçirilən əməkdaşlıq SOCAR-ın texnoloji biliklərə çıxışını, innovativ təcrübələrin tətbiqini və qlobal layihələrdə iştirak imkanlarını genişləndirir. Bu əməkdaşlıq həmçinin Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməyə, enerji resurslarının şaxələndirilməsinə və Avropanın etibarlı enerji mənbələrinə çıxışını təmin etməyə xidmət edir.
SOCAR-ın ABŞ ilə birgə layihələri, o cümlədən “Exxon” kimi iri enerji şirkətləri ilə həyata keçirilən əməkdaşlıq, ölkənin neft-qaz sektorunda rəqabət qabiliyyətini artırmaqla yanaşı, beynəlxalq enerji bazarına inteqrasiyanı sürətləndirir. Bu proses, həm yerli iqtisadiyyata, həm də regional enerji siyasətinə mühüm təsir göstərir və Azərbaycanın enerji strategiyasının gələcək perspektivlərini müəyyən edir.
Beləliklə, SOCAR təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, o, həm də qlobal enerji layihələrində strateji tərəfdaşlıq rolunu oynayaraq, Azərbaycanın dünya enerji xəritəsində mövqeyini gücləndirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Dövlət Neft Şirkəti bu gün beynəlxalq fəaliyyətini genişləndirərək müxtəlif ölkələrdə investisiya layihələrini davam etdirir. Artıq SOCAR-ın Türkiyə, Ukrayna, İtaliya və dünyanın bir sıra digər ölkələrində həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir.
Hesab edirəm ki, dünyanın ən böyük dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarında da bu kimi layihələrin reallaşdırılması, Azərbaycanın belə təşəbbüslərlə çıxış etməsi olduqca önəmli və vacibdir. Bu addımlar yalnız iqtisadi əməkdaşlığın genişlənməsinə deyil, həm də ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına mühüm töhfə verə bilər".
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov da öz fikirlərini bölüşüb:

"Təbii ki, əməkdaşlıq imkanları və istiqamətləri böyük ehtimalla enerji sektorunda nəzərdən keçirilir. ABŞ bazarı bu istiqamətdə kifayət qədər geniş və dinamik inkişaf edən bazar hesab olunur. Eyni zamanda bu mühit fəaliyyət şərtləri baxımından SOCAR üçün öz təcrübəsini genişləndirmək, inkişaf etdirmək və daha geniş coğrafiyada fəaliyyət göstərmək imkanları yaradır. Bu isə orta və uzunmüddətli perspektivdə SOCAR-ın birbaşa resurs hasilatından əldə etdiyi gəlirlərin azalması fonunda həmin itkilərin alternativ mənbələr hesabına kompensasiya olunmasına müəyyən imkanlar formalaşdırır.
Digər tərəfdən, qlobal enerji şirkətlərinin strategiyalarına və bu sahədə formalaşan son tendensiyalara nəzər saldıqda görürük ki, aparıcı şirkətlər getdikcə alternativ enerji layihələrinə daha çox maraq göstərirlər. Bu baxımdan ehtimal etmək olar ki, gələcəkdə SOCAR ABŞ-da həyata keçiriləcək oxşar layihələrin müəyyən mərhələlərində iştirak edə bilər. Belə bir iştirak isə şirkət üçün olduqca dəyərli təcrübə qazandırar. Əldə olunan təcrübənin sonrakı mərhələdə Azərbaycana transferi və burada tətbiqi üçün yeni kanalların formalaşmasına şərait yarada bilər.
Bununla yanaşı, düşünürəm ki, SOCAR enerji sektorunda süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində də fəallığını artıra bilər. Xüsusilə enerji hasilatı və tədarük zəncirində innovativ texnoloji həllər təklif edən şirkətlərlə əməkdaşlıq qurmaq, bu sahədə investisiyalar yatırmaq SOCAR üçün yeni imkanların açılmasına və daha böyük faydaların əldə olunmasına şərait yarada bilər".
Elmir Heydərli
11:00 12.03.2026
Oxunuş sayı: 1005