Nikola Tesla: Elektrik dahisinin anım günü
Nikola Tesla – yalnız bir ixtiraçı deyil, həm də elm və texnologiyanın sərhədlərini genişləndirmiş, dünyanı dəyişdirən dahilərdən biri idi. 1856-cı il iyulun 10-da, indiki Xorvatiya ərazisindəki Smiljan şəhərində anadan olan Tesla doğulduğu gündən fərqliliyi ilə seçilmişdi. Atası Milutin Tesla Ortodoks rahibi, anası isə rəsmi təhsili olmayan, lakin çox ağıllı və yaradıcı bir qadın idi. Onun qeyri-adi zəka və xatirə qabiliyyəti, kitabları əzbərləyə bilməsi, mürəkkəb riyazi cədvəlləri beynində saxlaya bilməsi və dilləri sürətlə mənimsəyə bilməsi, hələ uşaqlıqdan ətrafındakıları heyran edirdi. Tesla, yalnız bir neçə saat yataraq günlər və gecələr boyunca işləyə bilirdi ki, bu da onun yaradıcılıq və tədqiqat səylərinin əvəzolunmaz bir göstəricisi idi.
Belə ki, Tesla gənc yaşlarından mühəndislik və fizika sahələrinə maraq göstərdi. 1870-ci illərdə Graz Texnologiya Universitetində, sonra isə Praqa Universitetində təhsil almış, lakin heç bir dərəcə qazanmayaraq praktik təcrübəyə üstünlük vermişdi. O 1884-cü ildə ABŞ-yə köçüb və Nyu-Yorkda Thomas Edison üçün çalışsa da, metod və yanaşmalarının fərqliliyi səbəbindən tezliklə öz yolunu seçdi. O, burada işlədiyi qısa müddətdə elektrik və mexanika sahəsindəki fikir və eksperimentlərini daha da inkişaf etdirdi və öz laboratoriyalarını qurdu.
Teslanın həyatı boyunca apardığı araşdırmalar və ixtiralar yalnız elektrik dünyasını deyil, həm də insan həyatını əvəzsiz dərəcədə dəyişdirdi.
Onun icatları və texnoloji yenilikləri arasında ən diqqət çəkənlərindən biri Tesla bobini idi. Bu bobin elektrik enerjisini kablosuz ötürmək məqsədilə hazırlanmış və milyonlarla voltaj istehsal edə bilən bir sistem idi. Hətta laboratoriya nümayişlərində Tesla öz bədənindən elektrik keçirərək işıqları yandırır, alternativ cərəyanın təhlükəsizliyini nümayiş etdirirdi. Tesla bobini, televizor və radio texnologiyaları daxil olmaqla, 20-ci əsrin mühüm elektrik yeniliklərinin əsas texniki prinsipini təşkil etmişdir.
Başqa bir ixtira olan Tesla türbini isə avtomobil mühərriklərindən ilhamlanaraq hazırlanmışdı. Kanatsız, disk sistemi ilə çalışan bu türbin, ənənəvi türbinlərə nisbətən daha ucuz və effektiv idi, 3,600 dövr/dəqiqə sürəti ilə 675 at gücü istehsal edə bilirdi. Tesla həmçinin asenkron motoru icad etmişdi. Bu motor, rotorları elektromaqnitlər vasitəsilə döndərir və günümüzdə elektrikli məişət cihazlarının bir çoxunda – elektrikli süpürgələrdə, saç quruducularda və digər cihazlarda – geniş istifadə olunur.
Tesla, həmçinin, radionun inkişafında da mühüm rol oynamışdı. 1890-cı illərin ortalarında o, bobinlər vasitəsilə radio siqnallarını ötürmə və qəbul etmə texnologiyasını sınaqdan keçirirdi. 1895-ci ildə laboratoriyasında baş verən yanğın eksperimentlərin tam olaraq tamamlanmasına mane olsa da, Tesla bu sahədə atılan ilk addımlardan biri kimi tarixə düşdü.
Röntgen texnologiyası sahəsində də Tesla özünü sınamış və Shadowgraph adlı cihazını hazırlayaraq insan bədəninin siluetini yaratmaq üçün radyoaktiv dalğalardan istifadə etmişdi. Bu iş, ABŞ-də ilk röntgen görüntülərindən biri sayılır və Tesla’nın elmi innovativ düşüncəsinin göstəricisidir.
Teslanın maraq dairəsi yalnız elektrik və mexanika ilə məhdudlaşmırdı. O, kablosuz işıqlandırma sahəsində də irəliləyişlər etmiş, neon lampalarını inkişaf etdirərək kablosuz enerji ötürmə konsepsiyasını tətbiq etmişdir. Onun ideyalarından biri süni günəş işığı yaratmaq idi – bu, Teslanın kablosuz enerji və işıqlandırma sahəsindəki böyük vizyonunu göstərir.
Bundan əlavə, Tesla 1920-ci ildə patentləşdirilmiş Tesla vanasını icad etmişdi. Bu valf, axını idarə edən, hərəkətli hissəsi olmayan bir cihazdır. Onun yenilikçi dizaynı, elmin müxtəlif sahələrində bu gün də tətbiq olunur
Tesla yalnız icadları ilə deyil, həm də elmin sərhədlərini genişləndirməsi ilə məşhurdur. Onun polyfazlı AC (alternativ cərəyan) sistemi, George Westinghouse tərəfindən patentləşdirilmiş və Niagara Şəlaləsində ilk elektrik stansiyasının qurulmasına imkan yaratmışdır. Bu sistem uzun məsafələrə enerji ötürməkdə DC (doğru cərəyan) sistemindən daha effektiv olmuşdur.
1898-ci ildə Tesla kablosuz idarə olunan qayıq ixtira etmiş və bunu nümayiş etdirərək uzaqdan idarəetmənin əsasını qoymuşdur. Colorado Springsdəki yüksək voltajlı eksperimentləri zamanı Tesla Yerin elektrik dalğalarını istifadə edərək 40 km məsafəyə 200 lampanı kablosuz işıqlandırmış və insan tərəfindən yaradılan ildırımlar yaratmışdır.
Tesla həm də maraqlı bir fərd olaraq yalnız bir neçə yaxın dostla ünsiyyət qurmuşdu: Mark Twain, Robert Underwood Johnson və Francis Marion Crawford onun yaxın çevrəsinə daxil idi. O, maliyyə məsələlərində praktiki olmamış, eksantrik, obsesif və germofobiya ilə xarakterizə olunmuşdu, amma gizli elmi sirləri sezə bilən və ixtira qabiliyyətini intuitiv istifadə edə bilən bir dahi idi.
Nikola Tesla 7 yanvar 1943-cü ildə Nyu-Yorkda vəfat etdi. Ölümündən sonra əsərləri, laboratoriya qeydləri və patentləri Belqraddakı Nikola Tesla Muzeyində qorunub saxlanılıb. Onun işləri, ölümündən sonra da texnologiya və elm dünyasına ilham verməyə davam edib. 1960-cı ildə beynəlxalq ölçü sistemində maqnit axını sıxlığına “tesla” adı verildi, 1990-cı illərdən bəri isə Tesla haqqında populyar maraq artmış və 2013-cü ildə Time jurnalı onu “dünyanın ən əhəmiyyətli 100 şəxsindən biri” seçmişdir.
Nikola Tesla yalnız elektrik və mexanikanın deyil, elmin gələcəyi üçün vizyon yaratmış, insanlıq üçün ilham qaynağı olmuş bir dahidir. Onun ixtiraları və yenilikçi ideyaları bu gün də həyatımızın hər sahəsində – evlərimizdə, texnologiyamızda, hətta elm və tədqiqatlarda – davamlı təsir göstərməkdədir.
Fatimə Məmmədova
15:00 07.01.2026
Oxunuş sayı: 2759