"Ox yaydan çıxıb": Ermənistan Rusiyanı "saymır"
Ermənistanın siyasi gündəmi seçkiöncəsi yenidən məhkəmə və hüquqi proseslərlə diqqət mərkəzinə gəlib. Ölkənin tanınmış iş adamı və müxalif siyasi fiqurlarından biri olan Samvel Karapetyan barəsində yeni cinayət işinin açılması həm hakimiyyət-müxalifət münasibətləri, həm də ölkədaxili siyasi vəziyyətlə bağlı müzakirələri gücləndirib. Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası Karapetyanın əmlak və gəlirləri ilə bağlı bəyannaməni təqdim etmədiyini əsas gətirərək araşdırmaya başladığını açıqlayıb.
Məsələ yalnız hüquqi prosedur kimi deyil, həm də siyasi kontekstdə qiymətləndirilir. Son illərdə müxtəlif ittihamlarla üzləşən Karapetyan hakimiyyətin təzyiqlərinə məruz qaldığını iddia etdiyi halda, rəsmi İrəvan bütün proseslərin qanun çərçivəsində aparıldığını bildirir. Qarşıdan gələn siyasi proseslər fonunda bu işin Ermənistanın daxili siyasi mühitinə və hakimiyyət-müxalifət münasibətlərinə necə təsir göstərəcəyi xüsusi maraq doğurur.
Siyasi şərhçi Pərviz Mirizadə bu barədə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Parlament seçkilərinə saylı günlər qaldığı vaxtda Ermənistanda siyasi dinamika olduqca gərgindir. Obrazlı şəkildə ifadə etsək tərəflərin əsəbləri tarıma çəkilmiş vəziyyətdədir.
Qərb və Rusiya çəkişməsi çərçivəsində Kreml aktiv şəkildə seçkilərin nəticələrinə təsir etməyə çalışır. Müxalif qüvvələrə dəstək məqsədli mümkün olan bütün riçaqları, təsir mexanizmlərini işə salır və hakimiyyətə təsir göstərir. Ən son olaraq Ermənistan kənd təsərrüfatı məhsullarına qoyulan qadağalar bunun bariz nümunəsidir. Təbii ki, iqtisadi təzyiq mexanizmləri ilə yanaşı, məhz hərbi gücün tətbiqi məsələsi də istisna deyil. Lakin Nikol Paşinyan və onu dəstəkləyən Qərb qüvvələri də kifayət qədər fəaldır, alternativ mexanizmləri tətbiq etməyə çalışırlar. Bu kontekstdə Rusiyanın əsas emisarlarından hesab edilən Samvel Karapetyanla bağlı formalaşan situasiya seçkiqabağı Moskva - İrəvan xəttində gərginliyi daha da artıracaq. Kreml üçün Karapetyan kimi şəxslərin Ermənistanda varlıq göstərməsi strateji əhəmiyyət kəsb edir.
Bu səbəbdən onlara hər cür maliyyə və siyasi dəstəy nümayiş etdirir. Yəqin ki, Moskva İrəvana müəyyən xəbərlıqlar edib. Lakin hökumət rəsmilərinin məsələyə nə dərəcədə ciddi yanaşacağın zaman göstərəcək. Fikrimcə, artıq elə bir situasiya formalaşıb ki, erməni rəsmiləri bu məsələdə Rusiyanın xəbərdarlıqların diqqətə almayacaq".
Elmir Heydərli
10:40 04.06.2026
Oxunuş sayı: 64