Müavini Razi Nurullayevdən danışdı: Onun əleyhinə kampaniya aparılır
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bir neçə gün əvvəl uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub. Parlamentari bildirib ki, hər uşağa 500 manat verilsı, insanla yeni narazı qalacaq. Bu fikrinə görə onu tənqid edənlər də olub.

Partiyanın sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Razi Nurullayev həm parlamentdəki çıxışlarında, həm də ictimai görüşlərində uşaq pulunun verilməsi məsələsini dəfələrlə gündəmə gətirib. Bu təşəbbüs cəmiyyət tərəfindən də ciddi şəkildə dəstəklənir. Millət vəkili müxtəlif dövrlərdə bu sosial məsələnin aktuallığını vurğulayıb, həm parlament seçkiləri zamanı, həm də prezidentliyə namizəd olduğu dövrdə uşaq pulu məsələsini əsas sosial prioritetlərdən biri kimi təqdim edib. Son günlər bəzi sosial şəbəkə platformalarında Razi Nurullayev əleyhinə qara piar kampaniyasının aparıldığı və onun adından saxta məlumatların yayıldığı müşahidə olunur. Bu cür dezinformasiyalar onun siyasi nüfuzuna zərbə vurmağa hesablanıb. Lakin deputatın seçicilərlə keçirdiyi görüşlər, qaldırdığı sosial məsələlər və ictimai fəaliyyətinin geniş dəstək qazanması müəyyən dairələrdə narahatlıq və qısqanclıq yaradır.
Hər bir halda, ictimaiyyət arasında saxta və yalan məlumatların yayılması hüquqi məsuliyyət yaradır və bu cür hallara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Bu gün Azərbaycanda Razi Nurullayev fəaliyyətinin əsas istiqaməti seçicilərin sosial maraqlarının müdafiəsi və ictimai problemlərin gündəmdə saxlanılmasından ibarətdir".
12:17 04.06.2026
Oxunuş sayı: 164