Qırğızıstan, Tacikistan və Özbəkistan liderlərinə Lev Tolstoy Sülh Mükafatı təqdim olunub
Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın dövlət başçısı Emomali Rahmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu il sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə verdikləri birgə töhfəyə görə Lev Tolstoy Beynəlxalq Sülh Mükafatına layiq görülüblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mükafatın təqdimetmə mərasimi Sankt-Peterburqda, Avrasiya İqtisadi Şurasının Ali Sammiti çərçivəsində keçirilib. Mükafatı laureatlara Lev Tolstoy Beynəlxalq Sülh Mükafatı jüri heyətinin sədri, tanınmış dirijor və opera teatrının rəhbəri Valeri Gergiyev təqdim edib.
Beynəlxalq jüri sentyabrın 9-da verdiyi qərarla mükafatın üç ölkə liderinə Mərkəzi Asiyada sülh və sabitliyin gücləndirilməsində mühüm rol oynayan “Əbədi Dostluq haqqında Xucənd Bəyannaməsi”nin imzalanmasına verdikləri töhfəyə görə təqdim edildiyini açıqlayıb.
Qeyd edək ki, martın 31-də Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Tacikistanın Xucənd şəhərində - üç ölkənin sərhədlərinin qovuşduğu nöqtədə - ümumi sərhədlərin hüquqi baxımdan tam rəsmiləşdirilməsini başa çatdıran saziş imzalayıb, eyni zamanda üçtərəfli bəyannamə qəbul ediblər.
Bu sərhəd məsələsi Sovet İttifaqının dağılmasından sonra uzun illər ərzində həll olunmamış qalırdı. İndi isə xəritələr sakit, region bir az daha nəfəs alır.
Sevinc Yarməmmədova
10:36 22.12.2025
Oxunuş sayı: 1197