Sidneydə Hanuka bayramı zamanı həlak olanların xatirəsi anılıb
Avstraliyada Hanuka bayramı günlərində Sidney şəhərində baş verən faciəvi hadisə nəticəsində həyatını itirən 15 nəfərin xatirəsi anılıb.
Crossmedia.az xəbər verir ki, hadisədən sonra Avstraliyada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri faciənin baş verdiyi əraziyə gələrək həlak olanların ailələrinə başsağlığı verib.
Anım mərasimində Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) nümayəndəsi Mikayil Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri Sara Azarsun, Qalipoli Yaşlılar Evinin müdiri Dr. Abdulrehman, Kuzey Kipr Türk Cümhuriyyətinin NSW Əyalət Assosiasiyasının prezidenti Müge xanım və Türk Assosiyasının prezidenti Mehmet Evin iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Avstraliya müxtəlif millət və dinlərin sülh içində yaşadığı bir ölkədir və belə ağır itkilər bütün cəmiyyət üçün ortaq ağrıdır. Qonaqlar vurğulayıblar ki, insan həyatının toxunulmazlığı ən ali dəyərdir və bu kimi faciələr qarşısında millətindən, inancından asılı olmayaraq hamı həmrəy olmalıdır.
İctimaiyyət nümayəndələri mərhumların xatirəsinin ehtiramla yad edildiyini, yaralılara isə tezliklə şəfa diləndiyini bildirərək, cəmiyyətdə qarşılıqlı hörmət və birlik ruhunun qorunmasının vacibliyini xüsusi qeyd ediblər.




13:40 21.12.2025
Oxunuş sayı: 3021