Hakan Fidan: Qəzza üzrə sülh prosesi ümidverici mərhələyə daxil olub
Türkiyənin xarici işlər naziri Hakan Fidan Mayamidə Qəzza üzrə sülh planı ilə bağlı aparılan danışıqlara münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, aparılan müzakirələr və əldə olunan razılaşmalar ümid yaradır. O qeyd edib ki, Qəzza planının birinci mərhələsi artıq başa çatıb və hazırda ikinci mərhələyə keçidin parametrləri müzakirə olunur.
Hakan Fidan vurğulayıb ki, İsrailin atəşkəsi pozması prosesi ciddi şəkildə çətinləşdirir və bütün tərəflər bu faktla razılaşır. Onun sözlərinə görə, Qəzzanın yenidən qurulması ilə bağlı ilkin işlər təqdim olunub və bu istiqamətdə ilkin müzakirələr aparılıb.
Nazir bildirib ki, Qəzza mütləq şəkildə öz sakinləri tərəfindən idarə olunmalıdır və ərazi heç bir halda bölünməməlidir. “Qəzzada görülən bütün işlər fələstinlilərin özləri üçün edilməlidir”, – deyə o vurğulayıb.
Fidan Qəzzanın idarəçiliyinin texnokratlardan ibarət komitəyə verilməsi imkanının da müzakirə edildiyini qeyd edib. Eyni zamanda, Sülh Şurası və əlaqəli mexanizmlərlə bağlı paralel müzakirələrin davam etdiyini bildirib.
Nazirin sözlərinə görə, bu görüş Şarm əl-Şeyxdən bəri keçirilən ən vacib yüksək səviyyəli toplantı olub. O, humanitar yardım məsələsinin xüsusi əhəmiyyət daşıdığını, Türkiyə Prezidentinin də bu məsələyə çox ciddi yanaşdığını və qışın yaxınlaşdığını diqqətə çatdırıb.
13:36 21.12.2025
Oxunuş sayı: 883