Qəzza üzrə sülh planının birinci mərhələsində irəliləyiş qeydə alınıb
ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzza üzrə sülh planının birinci mərhələsinin icrasında irəliləyiş əldə olunduğunu bildiriblər.
Bu barədə Crossmedia.az ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff X sosial şəbəkəsində paylaşdığı birgə bəyanata istinadən xəbər verir.
Sənədə əsasən, tərəflər cümə günü ABŞ-nin Florida ştatının Mayami şəhərində görüş keçirərək Qəzzada atəşkəsin birinci mərhələsinin icrasını nəzərdən keçirib və ikinci mərhələyə hazırlıq məsələlərini müzakirə ediblər.
Bəyanatda bildirilir ki, birinci mərhələ çərçivəsində humanitar yardımın genişləndirilməsi, girovların cəsədlərinin qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi qarşıdurmaların azalması kimi mühüm nəticələr əldə olunub.
“İkinci mərhələ ilə bağlı müzakirələrimizdə mülki əhalinin qorunmasını və ictimai asayişin təmin edilməsini üzərinə götürəcək, vahid Qəzza hakimiyyəti altında fəaliyyət göstərəcək idarəetmə qurumunun formalaşdırılmasının vacibliyini vurğuladıq”, - deyə bəyanatda qeyd olunub.
Mehriban İbrahimli
13:00 21.12.2025
Oxunuş sayı: 1133