Lula: ABŞ-nin Venesuelaya müdaxiləsi humanitar fəlakətə səbəb ola bilər
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsinin Qərb yarımkürəsi üçün humanitar fəlakət və bütün dünya üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Lula bu fikirləri Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) çərçivəsində keçirilən 67-ci sammitdə səsləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Venesuelaya qarşı silahlı təcavüz region üçün son dərəcə təhlükəli presedent yaradacaq.
Braziliya prezidenti region ölkələrini Cənubi Amerikanı sülh və sabitlik zonası kimi qorumaq məqsədilə birgə fəaliyyətə çağırıb. O vurğulayıb ki, firavan və dinc Cənubi Amerika qurmaq region ölkələrinin əsas maraqlarına cavab verir.
Lula həmçinin Folklend müharibəsindən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, Cənubi Amerikanın yenidən regiondan kənar güclərin təsiri ilə üzləşdiyini qeyd edib.
Nigar Yahyazadə
12:28 21.12.2025
Oxunuş sayı: 1140