Aşdod limanında pomidor idxalında saxtakarlıq
Aşdod limanında aparılan yoxlamalar zamanı kənd təsərrüfatı məhsullarının idxalı sahəsində ciddi qanun pozuntuları aşkar edilib. Bununla bağlı yayılan məlumatlarda pomidor idxalı üzərindən qurulmuş saxtakarlıq mexanizminin ifşa olunduğu bildirilir
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir ki, İsrail Kənd Təsərrüfatı Nazirliyinin müfəttişləri Aşdod limanında keçirilən planlı yoxlama zamanı kənd təsərrüfatı məhsullarının idxalına nəzarət sistemindən yayınmağa yönəlmiş mürəkkəb saxtakarlıq sxemi aşkarlayıblar.
Məlumata görə, Azərbaycan mənşəli kimi bəyan edilən pomidor partiyaları saxta fitosanitar sertifikatlarla müşayiət olunub. Bəzi hallarda sənədlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi portalını imitasiya edən internet saytına istinadlar yer alıb.
Nazirlik vurğulayır ki, saxtakarlıq Azərbaycan hakimiyyət orqanlarının iştirakı olmadan həyata keçirilib və araşdırma Bakı ilə fəal əməkdaşlıq şəraitində aparılır.
Qeyd edək ki, İsrailə Azərbaycandan pomidor idxalı 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin meyvə-tərəvəz üçün yeni idxal mənbələrinin açılmasına yönəlmiş genişmiqyaslı təşəbbüsü çərçivəsində başlayıb. Hazırda İsrailə pomidor idxalı 31 ölkədən mümkündür
Zeynəb Xuduyeva
15:45 19.12.2025
Oxunuş sayı: 1132