Ermənistan KTMT-də qalır: Baş katibdən rəsmi açıqlama
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır və ölkənin təşkilatda tam şəkildə iştirak etməsi üçün qapılar hələ də açıqdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib. Onun sözlərinə görə, təşkilatda Ermənistanın yaxın perspektivdə yenidən aktiv fəaliyyətə qayıdacağına ümid edilir.
Baş katib qeyd edib ki, ötən ilin noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi ölkənin KTMT-dən çıxmasının gündəmdə olmadığını rəsmi şəkildə təsdiqləyib.
İmanqali Tasmaqambetov vurğulayıb ki, Ermənistan yalnız təşkilatın fəaliyyətində iştirakını müvəqqəti dayandırıb və bu qərar ölkənin suveren hüququdur.
Xatırladaq ki, daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Safaryan da ölkənin KTMT-dən çıxmasının müzakirə olunmadığını bəyan etmişdi.
Fatimə Məmmədova
13:50 19.12.2025
Oxunuş sayı: 1199