Kilsə siyasətdən kənarda dayanmalı və Ermənistan dövlətçiliyini dəstəkləməlidir - Arxiyepiskop
Baltikyanı ölkələr üzrə Ermənistan kilsəsinin rəhbəri, arxiyepiskop Vazqen Mirzaxanyan kilsənin siyasətə alət olunmasının yolverilməz olduğunu bildirib. O, bildirib ki, Şirak yeparxiyasında hakimiyyət nümayəndələrinin səfəri öncəsi məbədin tam şəkildə boşaldılması dövlət institutlarına qarşı dözümsüzlüyün narahatedici göstəricisidir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra bəzi din xadimləri kilsəni siyasi platformaya çevirməyə başlayıb və "Müqəddəs Mübarizə" hərəkatının təşəbbüskarları da bu prosesə töhfə verib. Arxiyepiskop hesab edir ki, bu cür addımlar kilsənin nüfuzuna ciddi zərbə vurur, çünki cəmiyyət siyasi fəaliyyət yox ruhani xidmət gözləyir.
O həmçinin bildirib ki, on arxiyereydən ibarət qrup Katolikosun istefasını tələb edib. Bu addımın məqsədi kilsəni xarici təsirlərdən uzaqlaşdırmaq və onun əsas mənəvi missiyasını bərpa etməkdir.
Mirzaxanyan vurğulayıb ki, dünyanın müxtəlif yerlərində çoxlu erməni kilsələri olsa da, ermənilərin yalnız bir dövləti var – Ermənistan Respublikası. Buna görə də kilsə dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etməlidir.
Nigar Yahyazadə
14:58 09.12.2025
Oxunuş sayı: 985