Cənubi Afrika mediası Aİ-nin ikili standartlarını tənqid etdi
Cənubi Afrikanın Independent Online nəşri Avropa İttifaqının son siyasi və maliyyə qərarlarını sərt şəkildə tənqid edən məqalə dərc edib. Yazıda Aİ-nin həm daxildə, həm də xarici siyasətdə öz prinsiplərindən uzaqlaşdığı bildirilir.
Bu barədə Crossmedia.az Independent Online nəşrinə istinadən xəbər verir.
Məqaləyə görə, şəffaflıq və ədalətə sadiqliyini önə çəkən Avropa İttifaqı hazırda ciddi korrupsiya qalmaqalı ilə üzləşib. Federika Moqerini və Avropa Xarici Fəaliyyət Xidməti əməkdaşları barəsində aparılan istintaq Birliyin başqalarından tələb etdiyi qaydalara özü riayət etmədiyi barədə sualları artırıb.
Nəşr yazır ki, bununla parallel olaraq Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kredit ayırmaq planını irəli sürür. Bu təşəbbüs Avropa daxilində fikir ayrılıqları yaradıb. Maliyyə ekspertləri xəbərdarlıq edirlər ki, suveren aktivlərin müsadirəsi beynəlxalq investorların Aİ-yə olan etimadını zəiflədə bilər.
Məqalədə həmçinin qeyd olunur ki, nəzərdə tutulan maliyyənin mühüm hissəsi yenidən Ukraynada çalışan Avropa şirkətlərinə qayıdacaq. Bu isə Aİ-nin Afrika ölkələrinə kolonial keçmişə görə reparasiyalar məsələsində dialoqdan yayınması ilə ziddiyyət təşkil edir. Afrika liderləri bu vəziyyəti “açıq mənəvi paradoks” kimi qiymətləndirirlər: Ukrayna üçün maliyyə tapılır, Afrika üçün isə yox.
Əlavə narazılıq yaradan digər addım İsveçin Ukraynaya daha çox vəsait ayırmaq məqsədilə Afrika ölkələrinə yardımı azaltması olub.
Məqalənin müəllifləri vurğulayırlar ki, daxili korrupsiya, yardımın yenidən bölüşdürülməsi və riskli maliyyə planları Aİ-nin siyasi və iqtisadi maraqlar naminə öz prinsiplərindən geri çəkildiyini göstərir. Nəşr bildirir ki, Avropa İttifaqının reputasiyasını qorumaq üçün başqalarına tətbiq etdiyi standartlara özü də əməl etməsi vacibdir.
Türkanə Məşədiyeva
14:49 09.12.2025
Oxunuş sayı: 1009