ABŞ Lukoil-in payının İraqdakı Amerika şirkətinə verilməsini dəstəkləyib.
ABŞ hökuməti İraqın Rusiyanın “Lukoil” şirkətinin Qərbi Qurna-2 neft yatağındakı payını ABŞ şirkətlərinə təhvil vermək planlarını dəstəkləyib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumata görə, Exxon Mobil və Chevron yataqdakı aktivləri almaq üçün mümkün namizədlərdir. Mənbə bildirib ki, Bağdad artıq Qərbi Qurna-1 layihəsində çalışan Exxon-a daha çox üstünlük verir.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İraq Neft Nazirliyinin Exxon və Chevron ilə ilkin danışıqları, eləcə də yatağın ABŞ operatoruna verilməsi barədə öhdəlikləri Vaşinqtonu “ruhlandırır”. Qurum qeyd edib ki, ABŞ İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin maraqlarını dəstəkləməkdə davam edəcək.
Qeyd edək ki, dekabrın 1-də İraq Neft Nazirliyi Qərbi Qurna-2 yatağının işlənməsində “Lukoil”i əvəz etmək üçün ABŞ şirkətlərini rəsmi şəkildə dəvət etmişdi. Yekunda ən yaxşı kommersiya təklifini verən şirkət yatağın işlənməsi hüququnu əldə edəcək.
ABŞ bundan əvvəl “Lukoil”in bəzi beynəlxalq əməliyyatlarına icazə vermişdi.
Səriyyə Tağıyeva
23:56 08.12.2025
Oxunuş sayı: 1054