Yeni İsrail-İran müharibəsi gündəmdə: Azərbaycana da təsir edəcək
İranın nüvə proqramı uzun illərdir beynəlxalq siyasətdə əsas mübahisə mövzularından biri olaraq qalır. Qərb tərəfdən bu proqram regional və qlobal təhlükəsizlik üçün təhlükə kimi dəyərləndirilir, Tehran isə onu milli suverenlik və texnoloji inkişafın ayrılmaz hissəsi hesab edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Biz və Qərb — Ayətullah Xameneinin dünyagörüşündə” adlı konfransdakı çıxışında bildirib ki, Qərbin nüvə proqramına qarşı təzyiqləri əslində Tehrana qarşı düşmənçilik və tam nəzarət cəhdlərinin bir hissəsidir. Onun fikrincə, nüvə məsələsi sadəcə bəhanədir və Qərb indi də İranın raket proqramı və regional təsir dairəsini müzakirə mövzusuna çevirir. Bu bəyanatlar İran–Qərb münasibətlərindəki ideoloji və siyasi gərginliyin köklərini yenidən gündəmə gətirir.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, İsrailin həyata keçirdiyi 12 günlük hərbi əməliyyatlardan sonra İran ətrafında yaranan sakitlik nisbidir və situativ xarakter daşıyır: “Rəsmi Tehran nüvə proqramından geri çəkilmir və zərər görmüş nüvə infrastrukturunu bərpa edir. Bu isə İrana qarşı diqqəti yenidən artırır. Mən hesab edirəm ki, çox da uzaq olmayan gələcəkdə biz İrana qarşı növbəti hərbi əməliyyatların müşahidəçisi ola bilərik. Görünür ki, İsrail ordusunu yenidən mobilizasiya edir, paralel olaraq Birləşmiş Ştatlar Yaxın Şərqə əlavə qüvvələr və hərbi texnikalar cəmləşdirir. Bütün bunlar birmənalı olaraq İrana qarşı hesablanmış gedişlərdir".
O, əlavə edib ki, Əli Laricanin səsləndirdiyi fikirlər təkcə Tehranın narahatlığını ifadə etmir, həm də daxili auditoriyaya və xarici güclərə ünvanlanmış açıq mesajdır: “Yəni, İran zəifləsə belə, regional siyasətdə öz müdafiə və ideoloji xəttini davam etdirəcək. Cənub qonşumuz hazırda fəal şəkildə Çin və Rusiya ilə hərbi məsləhətləşmələr aparır, yeni silah sistemləri — xüsusilə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri tədarük edir. Bunlar mümkün növbəti hərbi kampaniyaya hazırlıq prosesinin tərkib hissəsidir".
Siyasi şərhçi vurğulayıb ki, İranla yeni hərbi əməliyyatların başlaması region üçün arzuolunan deyil: “İran bizimlə həmsərhəd ölkədir və orada milyonlarla soydaşımız yaşayır. Müharibənin başlanması regionda humanitar böhrana yol aça və milyonlarla qaçqının ölkəmizə üz tutması ehtimalını artırar. Azərbaycan regionda yeni geosiyasi və geoiqtisadi konfiqurasiya formalaşdırır və bizim əsas məqsədimiz sülh və regional sabitlik şəraitində yaranan perspektivlərdən faydalanmaqdır. Müharibənin gedişata mənfi təsir göstərməsi ehtimalı yüksəkdir".
Mehriban Yariyeva
18:41 11.11.2025
Oxunuş sayı: 1033