Azərbaycanın sülh missiyası: Qafqazda sabitliyin yeni dayaqları
Dünyanın müxtəlif bölgələrində davam edən qarşıdurmaların coğrafiyasının genişlənməsi təhlükəsizlik və sabitliyin qorunması məsələsini yenidən gündəmə gətirir. Bir sıra münaqişələr artıq yalnız iki ölkə arasındakı qarşıdurma çərçivəsində qalmır, müxtəlif dövlətlərin proseslərə cəlb olunması regional və beynəlxalq təhlükəsizlik mühitinə təsir edir.
Belə bir şəraitdə Türk dünyası və Qafqazda sülhün qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də sentyabrın 15-də Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə dünyada qarşıdurmaların genişləndiyini qeyd edərək Türk dünyasının və Qafqazın sülh şəraitində saxlanılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Fariz İsmayılzadə bu istiqamətdə ölkənin atdığı addımlardan danışıb:
“Təbii ki, biz elə bir dövrdə yaşayırıq ki, regionda və dünyada çox böyük geosiyasi dəyişikliklər və toqquşmalar baş verir. Faktiki olaraq iki böyük müharibə arasında qalmışıq coğrafi mənada. Ona görə biz bu situasiyada həm öz təhlükəsizliyimizi gücləndirməliyik. Bunun üçün böyük addımlar atılır. Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb, Azərbaycanın ordusu güclənir, Azərbaycanın sabitliyi və təhlükəsizliyi üçün digər addımlar atılır”.

Fariz İsmayılzadə Azərbaycanın eyni zamanda regional sülh və təhlükəsizliyə töhfə verdiyini vurğulayıb: “Eyni zamanda Azərbaycan regional sülhə, regional təhlükəsizliyə də töhfə verir. Burada Azərbaycanın atdığı addımlar və humanitar yardım nəzərə alınmalıdır. Digər tərəfdən, biz bəzi ölkələr arasında vasitəçilik rolu aparırıq. Suriya-İsrail, Türkiyə-İsrail arasında vasitəçilik aparmışdıq”.
Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu və etibarlı tərəfdaş kimi qəbul olunması vasitəçilik fəaliyyətinə də təsir göstərir: “Bəzi hallarda Qərb və Rusiya siyasətçiləri də Azərbaycan vasitəçiliyindən yararlanır. Hər halda keçmişdə NATO və Rusiya hərbçiləri Bakıda görüşmüşdü. Demək olar ki, Azərbaycanın nüfuzu, Azərbaycanın etibarlı tərəfdaşlıq reputasiyası onun vasitəçilik roluna da töhfə verir və beləliklə, biz regionda çalışırıq ki, müəyyən mənada sülhü və sabitliyi qoruyaq”.
Cənubi Qafqazın yeni hərbi eskalasiyadan kənarda qalmasının xüsusi əhəmiyyət daşıdığını politoloq Yusif Bağırzadə regionda uzunmüddətli sabitliyin bir sıra mexanizmlərdən asılı olduğunu deyib:
“İlk və ən vacib mexanizm Azərbaycan-Ermənistan sülh prosesinin hüquqi və siyasi baxımdan möhkəmləndirilməsidir. 2025-ci ilin avqustunda sülh sazişinin mətni paraflanıb və sənəddə qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması, gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina və güc tətbiqindən çəkinmək kimi fundamental prinsiplər əksini tapıb. Qafqazda uzunmüddətli sabitliyin əsas dayaqlarından biri də məhz bu müddəaların tam şəkildə həyata keçirilməsidir”.
Yusif Bağırzadə sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin hərbi insidentlərin qarşısının alınması üçün birbaşa kommunikasiya mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Sülh sazişinin özündə də sərhəd boyunca təhlükəsizlik və etimad tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Digər mühüm istiqamət iqtisadi və nəqliyyat qarşılıqlı asılılığın yaradılmasıdır. Dövlətlər arasında yalnız siyasi deyil, iqtisadi maraqlar da formalaşdıqca sülh daha dayanıqlı olur”.

Politoloqun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması və regionda çoxvektorlu diplomatiyanın qorunması da sabitlik baxımından əhəmiyyətlidir: “TRIPP çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması sülhün dayaqlarının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Region dövlətlərinin Türkiyə, Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya və digər tərəfdaşlarla müxtəlif sahələrdə əməkdaşlığının genişlənməsi regionun strateji əhəmiyyətini artırmaqla yanaşı, hər hansı bir dövlətin Qafqaz üzərində birtərəfli dominantlığının da qarşısını almağa xidmət edir”.
Yusif Bağırzadə hesab edir ki, Qafqazın yeni münaqişələrdən qorunması vahid mexanizmdən deyil, bir-birini tamamlayan tədbirlər sistemindən keçir: “Yəni sülh sazişi, sərhəd məsələlərinin həlli, etimad tədbirləri, nəqliyyat və enerji bağlantıları, iqtisadi qarşılıqlı asılılıq və balanslaşdırılmış regional diplomatiya”.
Nigar Xəlilli
20:59 16.09.2026
Oxunuş sayı: 49