Azərbaycan Rusiya- Ukrayna müharibəsində həlledici aktora çevrilə bilər- Açıqlama
Son dövrlərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən biri Ukraynada davam edən münaqişədir. Müharibənin uzunmüddətli və çoxşaxəli xarakteri onun həllini çətinləşdirsə də, müəyyən irəliləyişlərin əldə edildiyi barədə siqnallar da var. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun da qeyd etdiyi kimi, proses mürəkkəb olsa da, tərəflər arasında dialoqun davam etməsi və texniki səviyyədə aparılan müzakirələr münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ümidləri artırır. Bu, Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılması və gələcək zirvə görüşünə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Crossmedia.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Ukraynada hələ sülhdən danışmaq üçün tezdir:

“Düşünmürəm ki, hələlik Ukraynada sülhdən danışmaq olar. Çünki oradakı vəziyyət çox mürəkkəbdir. Faktiki olaraq Ukraynanın 20 faizi işğal altındadır. Rusiya işğaldan əl çəkmək, Ukrayna isə işğalla barışmaq istəmir. Belə olan halda, sülhdən danışmaq, məncə, hələ tez olar. Ola bilsin ki, bu vəziyyət bir müddət də belə davam edəcək".
Politoloqun sözlərinə görə, Azərbaycan və digər ölkələrin sülh prosesinə dəstəyi vacibdir və bu istiqamətdə Azərbaycanın artıq formalaşmış təcrübəsi mövcuddur:
“Azərbaycan münaqişənin necə həll olunacağını yaxşı bilir. Xankəndidə keçirilən Üçüncü Qlobal Media Forumda, eləcə də Şuşa Media Forumunda Prezident İlham Əliyev Ukraynalı jurnalistin sualını cavablandırarkən açıq şəkildə bildirdi ki, işğalla barışmaq olmaz. Bu, həm də Ukraynaya bir mesaj idi ki, məqsəddən dönməmək lazımdır".
S.Hümbətov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli uzunmüddətli bir prosesdir:
“Müharibənin yaxın zamanda bitməsi real görünmür. Amma beynəlxalq mexanizmlər və vasitəçilik təşəbbüsləri formalaşdırıla bilər. Bu istiqamətdə beynəlxalq sülhməramlı kontingentlərin yaradılması, danışıqlar üçün yeni platformaların qurulması mümkündür. Azərbaycan da bu proseslərdə fəal iştirak edə bilər. Lakin yekun nəticəyə gəlmək asan məsələ deyil və zaman tələb edir".
Mehriban Yariyeva
22:13 07.11.2025
Oxunuş sayı: 1158