Müharibədə nə Rusiya qalib gələ bilir, nə də Ukrayna təslim olur - Politoloq
Rusiya-Ukrayna müharibəsinin həlli üçün müzakirələrin qarşısında müəyyən çətinliklər var.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır: "Müharibəyə son qoymaq üçün danışıqların qarşısında bəzi çətinliklər var. Lakin çətinliklər heç vaxt diplomatik həll axtarışına mane olmamalıdır. Türkiyə danışıqları dəstəkləməyə davam edəcəyik".
Mövzu ilə bağlı Crossmedia.az-a açıqmasında politoloq Əhəd Məmmədli bildirib ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf öz mövqeyindən geri çəkilmir və nəticədə münaqişə dalana dirənib:
“Rusiya və Ukrayna arasında çətinliklər odur ki, hər iki tərəfin qoyduğu şərtlər bir-birinin “boğazından keçmir”. Rusiya tutduğu mövqelərdən geri çəkilməyi istəmir, geri çəkilməməyi bir yana, ümumiyyətlə, atəşkəsi yox, sülh müqaviləsinin imzalanmasını tələb edir. Tələblərində Ukraynanın hələ işğal edilməmiş əraziləri var. Orada konstitusiya qəbul edilib və bu konstitusiyaya görə dörd vilayət Rusiyanın ərazisidir. Amma hələlik o dörd vilayətin hamısını tuta bilməyiblər və bu gedişat ilə çətin tutarlar. Ukrayna da təbii ki, bunu qəbul etməz. Zelenski də buna getməz, aydın məsələdir. Atəşkəsi də Rusiya istəmir. Çünki Rusiyada istəyir ki, işğal etdiyi ərazilər öz ərazisi kimi tanınsın. Belə deyək, bu bir dalandır. Hər iki ölkə müharibədə bir-birini yorur və mövqe müharibəsi gedir. Artıq nə Ukrayna öz torpaqlarını azad edə bilmir, nə də Rusiya yeni torpaqlar işğal edə bilmir. Belə bir vəziyyət yaranıb və hərə öz yerində atışır. Hər iki tərəf artıq yorulub. Hazırda düzdür, vəziyyət Rusiyanın xeyrindədir. Amma Rusiya Ukraynanı məğlubiyyətə göndərə bilmir, Ukrayna da təslim olmur”.
Ə.Məmmədli Türkiyənin tərəflərə etdiyi təklifdən və Ukraynanın bu təklifdən necə geri çəkildiyindən də danışıb:
“Vaxtında Türkiyənin təklifləri qəbul olunsaydı, bəlkə də indi vəziyyət daha yüngül olardı, ən azından qan tökülməzdi, müharibə dayanardı. Həmin vaxt Rusiya və Ukrayna Türkiyənin təkliflərini ilk olaraq qəbul etdi. Amma sonra İngiltərənin sabiq baş naziri Boris Conson Zelenskiyə dedi ki, sona qədər getməlisən,
Zelenski də dedi, baş üstə gedirəm, indi də Boris Conson artıq İngiltərənin baş naziri deyil, və Ukrayna çətin vəziyyətdə qalıb.
Artıq Avropa ölkələri və Amerika Ukraynaya gözlədiyi dəstəyi vermir”.
O ABŞ-nin Ukraynaya yardım edib-etməyəcəyini belə şərh edib:
“İndi də bildirirlər ki, ABŞ “Tomahavk” raketlərini Ukraynaya verəcək. Amma bilmək lazımdır ki, bu raketlər sistem halında verilməlidir. Bu sistem Ukraynaya tam köçməlidir. Bu sistemi istifadə edə biləcək hərbi mütəxəssislər Ukraynada yoxdur. Onlar Amerikadadır və Ukraynaya gəlməlidirlər daha sonra isə Ukrayna mütəxəssislərini öyrətməlidirlər. Düşünmək lazımdır ki, ABŞ icazə verəcəkmi, Ukrayna bu raketlərlə Rusiyanı vursun? Yəni bunlar hamısı vaxt itkisidir. Hər gecikmiş bir gün Ukraynaya yeni ərazi itkisi deməkdir.
İki böyük slavyan ölkəsi bir-birini öldürməkdə davam edir, qan tökülür. Mənim fikrimcə, burada qazanan anqlosakson dünyasıdır”.
Günel Verdiyeva
23:06 01.11.2025
Oxunuş sayı: 1528