Təhsildə sistemli siyasətin daha bir göstəricisi: Yaradıcılıq yönümlü ixtisaslar üzrə işə qəbul test mərhələsində keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə işə qəbul zamanı şəffaflığı təmin etmək məqsədilə xüsusi müsabiqə imtahanı keçirib. İmtahan DİM-in elektron korpusunda kompüter vasitəsilə təşkil olunub, namizədlərə biliklərini nümayiş etdirmək üçün zəruri şərait yaradılıb. Nəticələr imtahanın sonunda elan olunub, keçid balını toplayanlar isə növbəti mərhələ — müsahibəyə buraxılıblar.
Təhsil eksperti Kamran Əsədov Crossmedia.az-a bildirib ki, musiqi, incəsənət, rəssamlıq, muğam və digər yaradıcılıq yönümlü ixtisaslar üzrə işə qəbul imtahanlarının test mərhələsində keçirilməsi son dövrlərdə təhsil sistemində şəffaflıq, obyektivlik və peşəkarlığın artırılması istiqamətində atılmış vacib addımlardandır. Onun sözlərinə görə, bu qərar Elm və Təhsil Nazirliyinin idarəetmə mexanizmlərini unifikasiyalaşdırmaq və bütün istiqamətlər üzrə müəllim seçimini ədalətli şəkildə həyata keçirmək siyasətinin tərkib hissəsidir.
Ekspert qeyd edib ki, yaradıcılıq sahələrində yalnız istedad deyil, həm də nəzəri biliklər, metodiki və pedaqoji hazırlıq mühüm rol oynayır: “Təhsil haqqında” Qanunun 28-ci maddəsinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olan şəxslər yalnız müvafiq ixtisas üzrə bilik, bacarıq və peşə səriştəsinə malik olduqda tədris prosesinə cəlb edilə bilərlər. Bu baxımdan test imtahanı musiqi və incəsənət müəllimlərinin biliklərinin minimum standartlara cavab verib-vermədiyini müəyyənləşdirmək üçün qanuni və elmi əsaslı vasitədir. Məsələn, musiqi müəllimi təkcə muğamın lad sistemini eşitməklə deyil, onun nəzəri quruluşunu, ritmik strukturunu və tarixi inkişaf mərhələlərini də bilməlidir".
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 min nəfər iştirak edib, onlardan təxminən 2 mini incəsənət, musiqi və təsviri sənət ixtisası üzrə sənəd təqdim edib. Bu kateqoriyada iştirakçıların orta nəticəsi 38 bal olub ki, bu da ümumi göstəricilərlə müqayisədə 6–7 bal aşağıdır. Bu, yaradıcılıq sahələrində nəzəri biliklərin praktiki bacarıqlardan geri qaldığını göstərir. Nazirliyin test mərhələsini tətbiq etməsi məhz bu boşluğu aradan qaldırmaq və müəllim hazırlığında elmi-nəzəri komponentin rolunu artırmaq məqsədi daşıyır.
Kamran Əsədov bildirib ki, dünya təcrübəsində də oxşar yanaşma mövcuddur: "Türkiyədə MEB tərəfindən keçirilən Öğretmenlik Alan Bilgisi Testi (ÖABT) çərçivəsində musiqi və incəsənət müəllimləri üçün nəzəri bilikləri qiymətləndirən ayrıca test bölməsi var. Almaniyada sənət təmayüllü müəllimlər “Kunstpädagogik” proqramına qəbul zamanı həm yazılı imtahan, həm də yaradıcılıq müsahibəsindən keçirlər. ABŞ-da isə “Praxis II Art Education” testi bu istiqamətdə müəllim olmaq istəyənlərin pedaqoji və nəzəri hazırlığını ölçür".
Ekspert hesab edir ki, bu yanaşmanın müsbət tərəfi ondan ibarətdir ki, sistemdə subyektivlik azalır, istedadla yanaşı elmi hazırlığı olan, ixtisasını dərindən bilən şəxslər önə çıxır. Eyni zamanda regionlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə qəbul zamanı şəffaflıq təmin olunur, seçim prosesində qohumbazlıq və şəxsi münasibətlər amili minimuma enir. Bu da Elm və Təhsil Nazirliyinin ədalətli və peşəkar kadr siyasətinə uyğun addımdır.
Lakin Əsədovun fikrincə, bu sistemin çətinlik törədən tərəfləri də mövcuddur: “Test imtahanı bəzən yaradıcılığın subyektiv tərəflərini – duyum, estetik hiss, ifa mədəniyyəti və yaradıcılıq enerjisini ölçə bilmir. Yəni istedadlı, lakin test təcrübəsi az olan şəxslər bəzən aşağı nəticə göstərir. Bu səbəbdən bəzi ölkələrdə test mərhələsi ilə yanaşı praktik qiymətləndirmə və müsahibə mərhələsi birləşdirilmiş şəkildə həyata keçirilir. Azərbaycan da bu modelin tətbiqini nəzərdən keçirməlidir".
Ekspertin sözlərinə görə, bu sistem davamlı tətbiq olunduğu halda, iki mühüm nəticə əldə ediləcək: birincisi, incəsənət və musiqi ixtisaslarında təhsil alan tələbələr nəzəri biliklərə daha ciddi yanaşacaqlar; ikincisi, müəllimlərin peşəkar səviyyəsi yüksələcək və dərs prosesində həm yaradıcılıq, həm də elmi əsaslı yanaşma formalaşacaq.
Kamran Əsədov sonda vurğulayıb ki, yaradıcılıq sahələri üzrə test imtahanlarının keçirilməsi Elm və Təhsil Nazirliyinin sistemli və nəticəyönümlü siyasətinin bariz göstəricisidir: “Bu addım həm kadr keyfiyyətini artırır, həm də təhsildə bərabər imkanların təmin olunmasına real zəmin yaradır. Yaradıcılığın elmi əsaslarla ölçülməsi sənətin dəyərini azaltmır, əksinə, onu daha peşəkar səviyyəyə qaldırır".
Mehriban Yariyeva
12:37 27.10.2025
Oxunuş sayı: 1152