Dostluqdan srateji ittifaqa doğru: Prezident İlham Əliyevin tarixi müsahibəsi

18 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibə verib. Dövlət başçısı bu müsahibədə Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin məzmununu, gələcək istiqamətlərini, Türk dünyasında birliyin əhəmiyyəti və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Müsahibədə ilk növbədə Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi münasibətlərin yüksək səviyyəsi vurğulanır. Dövlətimizin başçısı bildirib ki, bu əlaqələrin əsasında yüzilliklər boyu formalaşmış qardaşlıq münasibətləri, ortaq türk kimliyi və mədəni yaxınlıq dayanır və yalnız emosional bağlarla məhdudlaşmayan bu münasibətlər artıq strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisinə keçib. O, türk birliyinə, ortaq mədəni-mənəvi dəyərlərə, həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik anlayışlarına diqqət yetirərək bildirib ki, bu səviyyəyə çatmaqda iki ölkə liderləri arasında etimad, qarşılıqlı səfərlər və daimi siyasi dialoq əsas rol oynayıb.
Ötən illər ərzində iki ölkənin qarşılıqlı fəaliyyəti nəticəsində siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Müsahibə zamanı cənab Prezident İlham Əliyevin xüsusi vurğuladığı Qazaxıstan və Azərbaycan arasında 20 yaşlı “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki dövlət arasındakı əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub.
İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bildirib ki, beynəlxalq arenada bir-birini dəstəkləyən iki dövlət beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir.
Azərbaycan ilə Qazaxıstan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının geniş spektrə malik olduğunu bildirən Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun qeydiyyatdan keçməsi investisiya mühitinə yüksək etimada işarə edir və bu əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin bu ilin ilk səkkiz ayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artmasının nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlı olduğunu qeyd edən Cənab Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb ki, bu da tərəflərin davamlı inkişafa və uzunmüddətli tərəfdaşlığa qarşılıqlı marağını nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji rol oynadığını xüsusi qeyd edib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. O, Orta Dəhlizin rolunu xüsusi vurğulayaraq bildirib ki, bu marşrut həm Azərbaycan, həm Qazaxıstan, həm də bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyət kəsb edir. Aktau və Ələt limanları arasında əlaqələrin modernləşdirilməsi, yükdaşımaların artırılması və vahid tarif sisteminin formalaşdırılması barədə fikirlər, iki ölkənin Avrasiya tranzit xəritəsində mərkəzi mövqeyə sahib olma niyyətini əks etdirir.
Ölkə başçısı müsahibə zamanı iki dövlət arasında imzalanan mühüm sənədlərin əhəmiyyətindən bəhs edib. 2022-ci ildə Aktau şəhərində imzalanan Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur. Həmçinin, 2025-ci ilin martında Bakıda imzalanan Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi müqaviləsi rəqəmsal inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.
Cənab Prezident İlham Əliyevin müsahibə zamanı toxunduğu mövzulardan biri də enerji sahəsindəki əməkdaşlıqda yeni mərhələnin başlanması olub. SOCAR və “KazMunayQaz” arasında neft tranziti üzrə razılaşmalar, bərpaolunan enerji və rəqəmsal inteqrasiya sahəsində imzalanan sazişlər tərəflərin gələcəyə yönəlmiş vizyonunu ortaya qoyur. Gəmiqayırma sahəsində də tərəfdaşlıq sənaye əməkdaşlığının mühüm istiqamətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, sadəcə iqtisadi maraq deyil, həm də dayanıqlı və ekoloji baxımdan məsuliyyətli inkişaf modelinin birgə formalaşdırılmasıdır.
Dövlətimizin başçısı bildirib ki, 2009-cu ildə Naxçıvanda yaradılmış Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. Keçən il Şuşada, bu il isə Qəbələdə keçirilən TDT-nin Zirvə Görüşlərində ölkələr arasında türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. Bu çərçivədə təhsil, mədəniyyət və humanitar sahədə əməkdaşlıqla bağlı fikirlərini bölüşən cənab Prezident İlham Əliyev bildirib ki, 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Eyni zamanda 2023-cü ildə Bakı şəhərində Qazax ədəbiyyatının görkəmli simalarından biri Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilməsinin önəmli ədəbi tədbirlər silsiləsindən olduğunu qeyd edib.
Müsahibədə diqqət çəkən daha bir məqam Xəzər dənizində ekoloji tarazlığın pozulması, Xəzər dənizinin dayazlaşması ilə bağlı ekoloji xəbərdarlıqdır. Bu problemi həm regional təhlükəsizlik, həm də ekoloji sabitlik kontekstində qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, Xəzəryanı ölkələr sıx əməkdaşlıq etməli, elmi məlumat mübadiləsini gücləndirməli və birgə tədbirlər planı hazırlamalıdırlar. Bu çağırış onun göstəricisidir ki, Azərbaycan ekoloji diplomatiyada da öz fəal mövqeyini ortaya qoyur.
Nəticə etibarı ilə bu müsahibə Azərbaycanın Qazaxıstanla münasibətlərində strateji yüksəliş dövrünü əks etdirir, siyasi etimaddan tutmuş iqtisadi-logistika əməkdaşlığına qədər çoxşaxəli münasibətləri ön plana çıxarır və gələcəkdə daha sıx əməkdaşlıq üçün əsas yönləri müəyyənləşdirir.
Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” (ADSEA) üzrə ərazi partiya təşkilatının sədri
15:19 22.10.2025
Oxunuş sayı: 5146