Qəbələ zirvəsi və Azərbaycan

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclası 2025-ci il 7 oktyabr tarixində Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmişdir. Zirvənin yekun bəyannaməsində də vurğulandığı kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə təşkil olunan bu tədbir uğurlu və nümunəvi ev sahibliyi ilə seçilmişdir. Zirvə toplantısında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Caparov, Özbəkistan Respublikasının Prezidenti cənab Şövkət Mirziyoyev, Macarıstanın Baş naziri cənab Viktor Orban, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhəti Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömürəliyev, Ağsaqqallar Şurasının üzvləri, eləcə də Türk əməkdaşlıq təşkilatları və müvafiq qurumların rəhbərləri iştirak etmişlər.
Toplantıda Güney Türküstan kimi səciyyələndirilən Əfqanıstanla bağlı bir müddəanın Zirvənin yekun bəyannaməsində əks olunması mühüm strateji əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir.
Tacikistan ilə Qırğızıstan arasında sərhəd razılaşmasının əldə olunması və iki dövlət arasında sülhün təmin edilməsi regional sabitlik və əməkdaşlıq baxımından mühüm və məmnunluq doğuran nəticə kimi qeyd edilmişdir. Qeyd edək ki, tarixi, mədəni, siyasi, ictimai və coğrafi reallıqlar kontekstində Tacikistanın Türk Dünyasından ayrı bir coğrafi və sivilizasion məkan kimi qiymətləndirilməsi elmi və strateji baxımdan doğru olmazdı. Mövcud və potensial təhlükələrin qarşısının alınması, eləcə də ortaq gələcək və inteqrasiya perspektivlərinin möhkəmləndirilməsi baxımından Tacikistanın ilkin mərhələdə müşahidəçi statusu ilə Türk Dövlətləri Təşkilatına dəvət olunması məqsədəuyğun hesab edilə bilər. Növbəti mərhələdə isə onun tam üzvlüyü məsələsinin müvafiq institusional müstəvidə müzakirəyə çıxarılması aktual və perspektivli istiqamət kimi dəyərləndirilə bilər.
Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın artıq tamhüquqlu üzv kimi qəbul edilməsinin vaxtı çatmışdır. Hətta Pakistan, Kosovo, Bosniya və Herseqovina, eləcə də Albaniyanın müşahidəçi statusu ilə Təşkilata dəvət olunması da, bizim fikrimizcə, faydalı olardı.
Zirvə toplantısında daha əvvəl Türkiyə Respublikasının Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın təklifi ilə qəbul edilən və icraya yönəldilən “ortaq əlifba” layihəsinin qəbul olunması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, 1991-ci ildən bəri reallaşdırılması mümkün olmayan ortaq təhsil və tədris proqramının artıq həyata keçirilməsinin zəruriliyi də xüsusi qeyd olunmalıdır.
Xüsusilə ortaq dil və ortaq tarix anlayışlarının tədris proqramına daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Ortaq dilin öyrədilməsi və tədrisində bütün türk ləhcə və şivələrinin qarşılıqlı şəkildə uzlaşdırılması məqsədəuyğundur. Mənşəyi qeyri-müəyyən olan və sonradan uydurulmuş söz və ifadələr, həmçinin latın və slavyan mənşəli alınma terminlər əvəzinə, türk dillərindəki orijinal qarşılıqlarının işlədilməsi daha məqsədəuyğun sayılmalıdır. Eyni zamanda, Türk Dövlətlərində mövcud olan yerli ləhcə və şivələrin qorunması da mühüm mədəni dəyər kimi təmin edilməlidir.
Türk Dövlətlərinin ortaq müdafiə sənayesi, ortaq hərbi təlimlərlə başlanacaq Türk Dövlətləri müdafiə əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə formalaşan ortaq hərbi təlimlər və Türk Dövlətləri Ordusu (Turan Ordusu) dünyanın mərkəzində bəşəriyyətin və mənəvi kamilliyin rəmzi olan bir güc mərkəzinə çevriləcəkdir. Zirvənin ən mühüm qərarlarından biri də məhz bu istiqamətdə qəbul edilən müddəalardır.
Türk Dövlətləri Təşkilatının gələcəkdə Avropa İttifaqına bənzər, hətta ondan da daha inkişaf etmiş səviyyədə inteqrasiya olunmuş bir birlik halına gəlməsi zəruridir. Bu istiqamətdə atıla biləcək mühüm addımlardan biri “Türk Dünyası Vətəndaşlığı” anlayışının tətbiqidir. Türk dövlətləri arasında sərbəst gediş-gəlişin təmin edilməsi də inteqrasiyanın mühüm tərkib hissəsi olmalıdır.
Türk Dövlətləri arasında ixtilaf və parçalanmaya səbəb ola biləcək bütün məsələlər həm ideoloji, həm də praktiki müstəvidə aradan qaldırılmalıdır. Məsələn, bu zirvəyə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan ilə Türkiyə arasında nifaq yaratmaq məqsədi daşıyan yalan və əsassız məlumatların, saxta şərhlərin yayılmasına yol verilməməlidir.
Xüsusilə qeyd etmək istəyirik ki, Azərbaycan və bütün Türk Dünyasının ortaq davası olan “Qərbi Azərbaycan məsələsi” davamlı şəkildə izah edilməli və actual problem kimi diqqətdə saxlanmalıdır. Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının yekun bəyannaməsində “Qərbi Azərbaycan məsələsi” üçün ayrıca müddəa/paraqrafın daxil olunmasını gözlədiyimizi də bildirmək istəyirik.
Yeni Prezident fərmanı ilə Türk soyundan olan şəxslər artıq Türkiyədə “yabancı” (yəni, xarici) hesab edilməyəcəklər. Azərbaycan, Türküstan və digər Türk icmalarından gələn şəxslər peşələrini sərbəst şəkildə icra edə biləcək, həmçinin dövlət və özəl sektorda işləyə biləcəklər. Bu qərar Türk Dünyası ilə olan əlaqələri daha da gücləndirir. Bu, çox mühüm və sevindirici qərardır. Möhtərəm Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana bu münasibətlə təşəkkürümüzü bildiririk. Digər Türk Dövlətlərinin də oxşar qərarlar qəbul edəcəyinə inanırıq.
Qeyd etmək istəyirik ki, 250 il əvvəl əhalisinin demək olar ki, tamamı, 200 il əvvəl isə əhalisinin dörddə üçü türk olan bu günkü Ermənistanın bütün ərazisi Qərbi Azərbaycandır. O, Azərbaycan Respublikasının bir hissəsidir. Türk məskənidir. Türk vətənidir.
1959-cu il əhali siyahıalmasına görə, erməni əhalisi 1 milyon 361 min 800-ə çatmış, türk əhalisi isə 107 min 700-ə düşmüşdür. Bu faktlar nəzərə alınarsa, keçən zaman ərzində türklərə qarşı nə qədər böyük sürgün, zorla köçürülmə, zülm və qırğınlar tətbiq olunduğu və yaşadıldığı təxmin edilə bilər.
Daha yaxın tarixdə, 1988–1991-ci illər arasında Qərbi Azərbaycandan türklər zorla köçürülmüşdür. Hətta bütün əmlaklarını öz doğma yurdlarında qoyaraq sürgün edilmişlər. İlk olaraq 1987 və 1991-ci illərdə Qərbi Azərbaycandan sürgün edilən təxminən 300 min Azərbaycan türkünün artıq doğulduqları evlərinə qayıtmaq istədikləri bildirilir.
Çar Rusiyasının Quzey Azərbaycanı iğalından sonra (1828) zaman-zaman öz vətənlərindən didərgin düşmüş Qərbi Azərbaycan türklərinin təxminən 3 milyonu Türkiyədə yaşamaqdadır. Borçalı və Azərbaycanın digər bölgələrindən Türkiyəyə köçmək məcburiyyətində qalanları da nəzərə alsaq, bu əhali sayı 7 milyona çatır.
Qərbi Azərbaycan İcması, indiki Ermənistan ərazisində 26 bölgədə yerləşən 300-dən çox qəsəbə və kənd ərazisindən ibarət olan Türk Vətəninə - Qərbi Azərbaycana türklərin geri dönməsi məqsədilə yaradılmışdır. Biz sülh və beynəlxalq hüquq çərçivəsində uzun illər həsrətini çəkdiyimiz doğma yurdlarımıza qayıtmaq istəyirik.
44 günlük tarixi zəfər nəticəsində Qarabağ işğaldan azad edilmişdir. İndi növbə Qərbi Azərbaycan türklərinin öz vətəninə qayıtmasına çatmışdır. Unutmayaq ki, “Hər həqiqət bir xəyal ilə başlayır.” Biz xəyal edəcəyik, çatacağımız mənzili görəcəyik və inşallah hədəfimizə çatacağıq. Bu məqsədlə bir neçə məsələni təklif etmək istərdik:
1. Qərbi Azərbaycan yalnız Azərbaycan Respublikasının deyil, bütün Türk Dünyasının davasıdır. Bütün Türk dövlətlərində Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri yaradılmalı və fəaliyyətə başlamalıdır.
2. Türk dövlətlərinin parlamentlərində və hökumət orqanlarında Qərbi Azərbaycan məsələsi davamlı şəkildə izah edilməli və müdafiə olunmalıdır.
3. Xüsusilə Pakistan olmaqla, İslam ölkələrində də Qərbi Azərbaycan məsələsi diqqətə çatdırılmalı və onların dəstəkləri qazanılmalıdır.
4. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar qarşısında Qərbi Azərbaycan məsələsi mütəmadi və yüksək səviyyədə qaldırılmalıdır.
5. Biz Qərbi Azərbaycanın qan tökülmədən, dinc şəkildə qaytarılmasını arzu edirik. Bunun üçün hamımız birlikdə lobbiçilik fəaliyyətlərinə və haqq davamızın beynəlxalq səviyyədə qəbul etdirilməsinə xüsusi önəm verməliyik.
Sən azad olanda, mənə ölmək yoxdu, Əziz Vətənim.
Prof. Dr. Seyit Aydın
12:55 22.10.2025
Oxunuş sayı: 1056