İnfliyasiya qaçılmazdır!
Yeni Zelandiyanın maliyyə naziri Nikola Willis Yaxın Şərqdə davam edən gərginliyin qlobal iqtisadiyyata təsirləri ilə bağlı diqqətçəkən açıqlama verərək, bu prosesin inflyasiyanı ciddi şəkildə artıra biləcəyini bildirib. Enerji bazarlarında qeyri-sabitlik, nəqliyyat xərclərinin yüksəlməsi və tədarük zəncirlərində yaranan problemlər fonunda bu kimi xəbərdarlıqlar təsadüfi hesab edilmir. Bəs mövcud geosiyasi vəziyyət fonunda inflyasiyanın artması nə dərəcədə qaçılmazdır və bu proses qlobal iqtisadiyyata necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Crossmedia.az-a açıqlama verib:

"İran–ABŞ–İsrail konflikti və bu qarşıdurmanın eskalasiyası nəticəsində Yaxın Şərqdə yaranmış vəziyyətin sosial-iqtisadi təsirlərindən biri də, şübhəsiz ki, qiymət artımlarıdır. Artıq bu istiqamətdə proses başlamışdır. Bu isə qaçılmaz idi. Çünki enerji daşıyıcılarının ən mühüm istehsalçı və ixracatçıları hər hansı bir münaqişəyə cəlb olunursa və ya enerjinin daşınması üçün strateji əhəmiyyət daşıyan bölgə – məsələn, Hörmüz boğazı kimi – münaqişə zonasına çevrilirsə, bunun qiymətlərə təsiri qaçılmaz olur.
Hazırda neftin qiymətində kəskin artım müşahidə olunur. Müharibə dövründə qiymətlərin təxminən 45 faizə qədər bahalaşdığı qeyd edilir. Məlumdur ki, neft elə bir məhsuldur ki, onun qiymətindəki dəyişiklik bütün digər malların maya dəyərində öz əksini tapır. Paralel olaraq, münaqişə zonasının həm də mühüm tranzit bölgə olması nəqliyyat xərclərinin artmasına, daşımaların məhdudlaşmasına səbəb olmuşdur. Eyni zamanda, sığorta xərcləri də əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bütövlükdə, belə bir konyunkturda münaqişə tərəfi olan ölkələr daxili tələbatı təmin etmək məqsədilə bir sıra məhsulların ixracına məhdudiyyət tətbiq etmək məcburiyyətində qalırlar. Bu isə inflyasiyanı daha da sürətləndirən amillərdəndir".
Ekspert əlavə edib ki, ümumilikdə, inflyasiya bu şəraitdə qaçılmazdır və artıq bu proses başlanmışdır:
"Qiymət artımlarının miqyası və təsir səviyyəsi isə birbaşa olaraq münaqişənin davametmə müddətindən asılı olacaq. Proses nə qədər uzun sürərsə, onun qiymətlərə təsiri də bir o qədər yüksək olacaqdır. Bu, birmənalı şəkildə gözləniləndir və qlobal iqtisadiyyat, eləcə də ayrı-ayrı maraqlı tərəflər -steykholderlər- bu təsirdən tam şəkildə yayınmaq imkanına malik deyillər.
Təbii ki, ölkələr mövcud iqtisadi alətlərdən istifadə etməklə bu təzyiqləri neytrallaşdırmağa və ya qismən azaltmağa çalışacaqlar. Mərkəzi banklar daha sərt monetar siyasətə keçə, bəzi ölkələr müəyyən məhsulların ixracına məhdudiyyətlər tətbiq edə, digərləri isə alternativ bazarların axtarışını sürətləndirə bilərlər. Lakin bütün bunlara baxmayaraq, İran–İsrail–ABŞ konflikti qlobal miqyasda inflyasiya təzyiqini formalaşdıran əsas amillərdən biri kimi çıxış edəcəkdir".
Ayhan
10:02 01.04.2026
Oxunuş sayı: 53