Çörəyi niyə soyuducuda saxlamaq olmaz?- Səbəb şok edəcək
Qidaların saxlanması deyəndə ilk ağla gələn vasitə soyuducu olsa da, bəzi hallarda bu vərdiş gözlənilən nəticəni vermir. Xüsusilə turş mayalı çörəklə bağlı aparılan müşahidələr göstərir ki, “soyuq daha yaxşı qoruyur” yanaşması hər məhsul üçün keçərli deyil. Əksinə, mütəxəssislərin fikrincə, aşağı temperatur çörəyin strukturuna təsir edərək onun daha tez sərtləşməsinə və ləzzətini itirməsinə səbəb olur. Bu isə qida saxlanması ilə bağlı formalaşmış stereotiplərin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:

"Turş mayalı çörəyi soyuducuda saxlamaq, həqiqətən də, onun tez bayatlaşmasına səbəb olur. Bunun səbəbi mikroblar yox, əsasən nişastanın retroqradlaşmasıdır, yəni yenidən kristallaşmasıdır. Niyə soyuducuda çörək sərtləşir? Çörəyin içindəki nişasta bişdikdən sonra yumşaq vəziyyətdə olur. Soyuq temperaturda -xüsusilə 0–5°C arası bu nişasta yenidən kristal formaya qayıdır. Bu proses çörəyi sərtləşdirir, quruluq hissi yaradır, dad və teksturanı zəiflədir".
Ekspert əlavə edib ki, yəni soyuducu çörəyi “korlamır”, amma onu tez bayatlaşdırır: "Turş mayalı çörək niyə fərqlidir? Turş mayalı çörək daha turş pH-a malikdir, təbii fermentasiya keçdiyi üçün daha gec kiflənir. Bu səbəbdən onu soyuducuya qoymağa əksər hallarda ehtiyac yoxdur. Düzgün saxlama necə olmalıdır?
Qısa müddət -1–3 gün otaq temperaturunda kağız paketdə və ya bez torbada. Daha uzun müddət dilimləyib dondurucuda saxlamaq ən yaxşı üsul ola bilər. Plastik paketdə otaq temperaturunda saxlamaq isə nəmlik yaradaraq kif riskini artıra bilər".
Ayhan
09:50 01.04.2026
Oxunuş sayı: 53