Bizim şüuraltımızda dövlət ümumiyyətlə neqativ anlayışdır - Paşinyan

“Ermənistanda insanlar bildirişləri neqativ informasiya kimi qəbul edirlər. Halbuki Estoniya və hətta Rusiya kimi ölkələrdə elektron ünsiyyət mühitindəki məlumatların 90 faizi vətəndaş üçün pozitiv xarakter daşıyır, yəni yaxşı xəbərlər alır, müsbət informasiyalar eşidir. Buna görə də insanlar həmin platformalarda dövlətlə ünsiyyətə girməyə motivasiyalı olurlar”.
Crossmedia.az xəbər verir ki, bu barədə hökumətin iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Bizdə isə dövlət sənə bildiriş göndərirsə, deməli, səninlə problem olacaq. Bu barədə düşünməliyik”, - deyə o qeyd edib.
Ermənistan Baş naziri Nikol Paşinyan gülərək cavab verib: “Bu bildirişləri gülümsəmə ilə göndərmək lazımdır, “smaylik” əlavə etmək lazımdır”.
Mher Qriqoryan da zarafata qoşulub: “Ordudan çağırışa da bir “smaylik” əlavə edək ki, bildirişlərə bir az pozitiv ton verək”.
Paşinyan zarafatı davam etdirib: “Məsələn, axtarış elanları haqqında bildirişi də gülümsəmə ilə göndərmək lazımdır”.
Daha sonra o, ciddi şəkildə əlavə edib: “Bizim şüuraltımızda dövlət ümumiyyətlə neqativ anlayışdır. 34 illik müstəqillik dövründə hələ də dövlət sözünü, onun anlayışını və emosiyasını neqativdən pozitivə çevirə bilməmişik. Bunun sosial-psixoloji, tarixi və digər səbəbləri var.
“Dövlət” sözünə olan emosiyanı neqativdən pozitivə dəyişməyi bacarmalıyıq. Bunun üçün kifayət qədər əsaslar mövcuddur. Bizim fundamental problemimiz ondadır ki, dövlət deyəndə neqativ bir şey başa düşürük, “hakimiyyət” deyəndə də neqativ bir məna çıxır, çünki bizim şüuraltımızda bu anlayış yoxdur. Dövlət bizim üçün fars, osmanlı, yaxud rus imperiyası deməkdir, amma bu, tamamilə başqa ideoloji mövzudur”.
Paşinyan söz verib ki, bundan sonra “pozitiv” məlumatları da vətəndaşlara bildiriş şəklində göndərəcəklər.
16:07 16.10.2025
Oxunuş sayı: 2044