Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: Hindistanın vetosu və yeni reallıqlar - Deputat

Azərbaycanın beynəlxalq təşkilatlarla
əməkdaşlıq siyasətində mühüm istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı
(ŞƏT) ilə münasibətlərin inkişafıdır. Təşkilatın baş katibi Nurlan Yermekbayevin
açıqlamalarında da qeyd olunduğu kimi, Azərbaycan ŞƏT-də aktiv fəaliyyət göstərir
və qurum tərəfindən tamhüquqlu üzv kimi qəbul olunmaq üçün perspektivlərə
malikdir. Bu, Azərbaycanın regional və qlobal əməkdaşlıqda rolunun güclənməsinə,
həmçinin təşkilat çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində
daha geniş imkanların əldə edilməsinə şərait yarada bilər.
Məsələ ilə bağlı Crossmedia.az-a
açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Hindistan
Azərbaycanın ŞƏT-dəki üzvülüyünə veto qoyub və bununla da müəyyən mənada Azərbaycanın
həmin platforma üzərindən daha da böyük nüfuz qazanmasının qarşısını aldı. Onun
sözlərinə görə, Azərbaycanın tamhüquqlu üzv olduğu təqdirdə ölkə qarşısında
böyük imkanlar açılacaq və bu imkanlar şübhəsiz ki, Azərbaycanı hərtərəfli
güclü edə biləcək imkanlardır.
Deputatın fikrincə, ŞƏT-də Azərbaycanın
strateji tərəfdaşı olan ölkələrin mövcudluğu Hindistanın maraqları ilə üst-üstə
düşmür:
“Çünki bəlli məsələdir ki, bu
platforma üzərində Hindistan-Çin rəqabəti kifayət qədər qabarıqdır. Azərbaycan
isə Mərkəzi Asiya respublikaları, Çin və Pakistan kimi dövlətlərin iştirak
etdiyi bir məkanda daha böyük nüfuza sahib ola bilər. Bu da Hindistanı ciddi
narahat edir. Digər tərəfdən, Rusiya və Çinlə strateji tərəfdaş olan dövlətlər
də balansın bu istiqamətdə dəyişməsindən tam məmnun görünmürlər”.
A.Allahverənov əlavə edib ki,
vetonun səbəbləri arasında Ermənistan amilini də nəzərdən qaçırmaq olmaz. Onun
sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması
istiqamətində mühüm addımlar atılır və sülh sazişinin imzalanmasına mane olan
son amil də aradan qaldırılmaqdadır:
“Əgər Ermənistan amilinə görə veto
qoyulubsa, bu, beynəlxalq ictimaiyyətə bir qədər qeyri-səmimi görünə bilər.
Çünki Hindistansız da Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması
üçün vacib proseslər davam edir”.
Deputat, həmçinin qeyd edib ki, Ermənistan-Türkiyə münasibətləri, Zəngəzur dəhlizi də daxil olmaqla regionda bütün kommunikasiya xətlərinin açılması istiqamətində danışıqlar da aparılır. Belə olan halda Hindistanın vetosunu yalnız Ermənistan faktoruna bağlamaq düzgün olmaz. Əsl səbəb Azərbaycanın ŞƏT-də güclənməsindən doğan narahatlıqdır.
A.Allahverənov bildirib ki, Azərbaycan
ŞƏT-ə üzv olarsa, ölkə üçün həm regional, həm də qlobal miqyasda yeni üstünlüklər
yaranacaq. Burada ilk növbədə iqtisadi imkanlar diqqət çəkir:
“ŞƏT ölkələrinin ərazisində 3,3
milyard əhali yaşayır ki, bu da Azərbaycan məhsulları üçün böyük bazar deməkdir.
Bundan başqa, nəqliyyat-logistika, təhlükəsizlik və hətta hərbi əməkdaşlıq sahəsində
də geniş perspektivlər açılır”.
Deputat vurğulayıb ki, Azərbaycan
faktiki olaraq artıq ŞƏT-lə çox sıx əməkdaşlıq edir. Ölkə təşkilata üzv olan
dövlətlərlə çoxtərəfli sənədlər imzalayıb, Avrasiyada enerji təhlükəsizliyi,
logistika, yaşıl enerji və digər sahələrdə strateji layihələrin təşəbbüskarı
qismində çıxış edir:
“Azərbaycan hətta ŞƏT-ə üzv olmadan
belə təşkilatın maraqlarına xidmət edən konfiqurasiyanın qurulmasına nail olub.
Bu, Azərbaycanın milli maraqlarına tam cavab verir və Cənubi Qafqazda sülh və təhlükəsizliyi
təmin edə biləcək strateji vektorun formalaşmasına zəmin yaradır. Nəticə
etibarilə Azərbaycan bu gün ŞƏT-in
de-fakto tərəfdaşı kimi çıxış edir və təşkilata üzv olan dövlətlər də Azərbaycanla
strateji layihələrdə əməkdaşlığa böyük maraq göstərirlər. Bu isə ölkəmizin
regionda lider mövqeyini daha da möhkəmləndirir".
Mehriban Yariyeva
20:40 01.10.2025
Oxunuş sayı: 4510