Minatəmizləmə prosesi nə qədər davam edəcək?
Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində həyata keçirilən humanitar əməliyyatlar davam etdirilir.
Aprelin 6-dan 12-dək aparılan tədbirlər çərçivəsində genişmiqyaslı ərazilər təhlükəli qalıqlardan təmizlənərək təhlükəsizliyə doğru mühüm addımlar atılıb.
Bu müddət ərzində yüzlərlə mina və minlərlə partlamamış sursatın aşkarlanaraq zərərsizləşdirilməsi bölgədə həyatın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatına əsasən, prosesə bir neçə dövlət qurumu və ixtisaslaşmış qurumlar cəlb olunaraq koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Tərtərdən Zəngilana qədər geniş coğrafiyanı əhatə edən əməliyyatlar nəticəsində minlərlə hektar ərazi təhlükəsiz hala gətirilir ki, bu da məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və regionun yenidən qurulması üçün əsas zəmin yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycanın əraziləri yalnız fiziki baxımdan dağıdılmamış, eyni zamanda geniş miqyasda minalarla çirkləndirilmişdir. Aparılan qiymətləndirmələr göstərir ki, vaxtilə işğal altında olmuş torpaqların tam şəkildə minalardan təmizlənməsi üçün təxminən 30 ilə yaxın müddət tələb oluna bilər.
Lakin son illərin təcrübəsi onu deməyə əsas verir ki, minatəmizləmə sahəsində çalışan mütəxəssislərimiz və vətəndaşlarımız böyük fədakarlıq göstərərək bu prosesi sürətlə və intensiv şəkildə həyata keçirirlər.

Bu fəaliyyət, xüsusilə, məskunlaşma və həmin ərazilərin sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad edilmiş ərazilərdə artıq 75 mindən çox vətəndaşımız yaşayır, çalışır və fəaliyyət göstərir.
İlin sonunadək bu sayın 150 minə çatdırılması gözlənilir. Şübhəsiz ki, bu uğurun əldə olunmasında minatəmizləmə fəaliyyətinin rolu danılmazdır.
Çünki ərazilər minalardan təmizləndikcə, paralel şəkildə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, insanların doğma yurdlarına qayıdışı təmin edilir.
Bu kontekstdə, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində azad olunmuş ərazilərin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmasının şahidi oluruq.
Eyni zamanda, minatəmizləmə sahəsində çalışanların əməyi, fədakarlığı və peşəkarlığı xüsusi olaraq qeyd edilməlidir.
Onların yorulmaz fəaliyyəti nəticəsində demək olar ki, hər həftə, bəzən isə həftə ərzində bir neçə dəfə yeni ərazilərin minalardan təmizlənərək istifadəyə verilməsi və vətəndaşlarımızın həmin ərazilərə qayıdışı müşahidə olunur.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur artıq ölkənin iqtisadi inkişafının yeni hərəkətverici qüvvəsinə çevrilməkdədir".
Elmir Heydərli
13:00 15.04.2026
Oxunuş sayı: 610