Aprelin sonunda dəhşətli yağışlar gəlir – bu dəfə göydən “π-Puppid” yağacaq
Aprel ayının sonuna doğru səma hadisələri ilə maraqlananlar üçün diqqətçəkən təbiət hadisələrindən biri – “π-Puppid” meteor yağışı müşahidə olunacaq.
Alimlərin məlumatına görə, bu meteor axınının maksimum aktivlik dövrü 22-24 aprel tarixlərinə təsadüf edir. Hər il təkrarlansa da, qeyri-sabit xarakteri ilə seçilən bu hadisə bəzi illərdə daha zəif, bəzi illərdə isə olduqca təsirli şəkildə özünü göstərir.
Mütəxəssislər bildirirlər ki, “π-Puppid” meteor yağışı Yer kürəsinin “26P/Grigg–Skjellerup” kometinin buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır.
Bu kometin Günəş ətrafında dövr etməsi zamanı kosmosa yaydığı xırda hissəciklər planetimizin trayektoriyası ilə kəsişdikdə atmosferə daxil olaraq işıq saçan izlər əmələ gətirir. Nəticədə səmada qısa müddətli, lakin diqqətçəkən meteor görüntüləri müşahidə olunur.
Bununla belə, bu təbiət hadisəsinin müşahidəsi coğrafi mövqedən asılı olaraq dəyişir. “π-Puppid” meteor yağışı əsasən Cənub yarımkürəsində daha aydın görünür, Şimal yarımkürəsində isə, o cümlədən Azərbaycan ərazisində müşahidə imkanları məhdud hesab olunur.
Buna baxmayaraq, əlverişli hava şəraiti və açıq üfüq olan ərazilərdə gecə saatlarında nadir də olsa bu meteorların izlənilməsi mümkündür.
Məsələ ilə bağlı fizika üzrə fəlsəfə doktoru, astrofizik Xıdır Mikayılov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Aprel ayında iki meteor yağışının müşahidə olunacağı gözlənilir. Bunlardan biri Liritlər meteor axınıdır. Bu meteor yağışı adını onun radiantının yerləşdiyi Lir bürcündən alır. Yəni meteorların səmada görünən başlanğıc nöqtəsi məhz həmin bürcdə yerləşir.
Liritlər meteor axını hər il təxminən 16-25 aprel tarixlərində müşahidə olunur. Onun ən aktiv dövrü isə 21-22 aprel gecələrinə təsadüf edir. Bu zaman saat ərzində orta hesabla 15-20 meteor müşahidə etmək mümkündür. Bakı şəhəri Şimal yarımkürəsində yerləşdiyinə görə bu meteor yağışı burada daha əlverişli şəraitdə izlənilə bilər.
Liritlər sürətli meteor axınlarından hesab olunur. Onların hərəkət sürəti saniyədə təxminən 50 kilometrə çatır. Buna görə də, meteorlar səmada çox qısa müddətdə parlayıb yox olur və “ulduz axını” təsiri yaradır.
Ümumiyyətlə, meteor yağışları kometlərin Günəş ətrafında hərəkəti zamanı geridə qoyduğu toz və xırda hissəciklərdən yaranır. Yer öz orbiti üzrə hərəkət edərkən bu hissəciklərin yerləşdiyi sahədən keçdikdə, onlar Yer atmosferinə daxil olur, yüksək sürət səbəbindən yanaraq işıq saçır və biz bunu meteor kimi müşahidə edirik.
İkinci meteor axını isə Pupitlər (π-Puppidlər) adlanır. Bu axın öz adını Cənub yarımkürəsində yerləşən Puppis bürcündən alır. Pupitlər Liritlərlə müqayisədə daha zəif və daha az müşahidə olunan meteor axınıdır. Onların sürəti də nisbətən aşağıdır — saniyədə təxminən 18 kilometr.
Bu meteor yağışını Bakıdan müşahidə etmək çətindir, çünki onun radiantı cənub yarımkürəsində yerləşir. Yalnız nadir hallarda, hava şəraiti çox əlverişli olduqda, cənub üfüqü yaxınlığında gecə yarısı bu meteorlardan bəzilərini müşahidə etmək mümkündür.
Qeyd etmək lazımdır ki, hər iki meteor axını insanlar üçün heç bir təhlükə yaratmır. Meteor hissəcikləri çox kiçik olduğundan Yer atmosferində tamamilə yanaraq yox olur. Yalnız çox nadir hallarda daha iri parçalar Yer səthinə çata bilər ki, bunlara meteoritlər deyilir.
Ümumilikdə, meteor yağışları həm elmi baxımdan tədqiqat üçün əhəmiyyətli, həm də astronomiya həvəskarları üçün vizual baxımdan cəlbedici və maraqlı səma hadisəsidir".
Elmir Heydərli
11:55 15.04.2026
Oxunuş sayı: 1084